Bazar, 28 Fevral 2016 21:13

“Ölkədə istehsalatın olmaması iqtisadiyyatı ciddi risk altına salır”

Almaniyada mühacir həyatı yaşayan ictimai-siyasi fəal Rəmzi Balayev Xeber.İnfo-a danışıb. Həmin müsahibəni təqdim edirik:

Rəmzi Balayev: Ən yaxşı çıxış yolu sahibkarlığın inkişafıdır
Rəmzi bəy, son günlər hökumət sahibkarlığın inkişafı ilə bağlı intensiv təbliğat aparır. Hətta ünvansız olaraq məmurlar da tənqid edilir. Bu təbliğat nədən qaynaqlanır?
- Məlum devalvasiya prosesləri belə bir sıçrayışa səbəb olub. Bu illər ərzində ölkə iqtisadiyyatı addım-addım iflasa uğradılıb. İstehsal sahələri iflic edilib. Məmurlar isə biznes və şəxsi maraqlar çərçivəsindən çıxa bilməyiblər. Neftin pulları eninə-uzununa israfçılıqla xərclənib. Neftin kəskin şəkildə ucuzlaşması yaranmış prosesi qaçılmaz etdi. Bu günə qədər sahibkarlıq zəiflədilir və sahibkarlara qarşı amansız təzyiqlər var idi. Elə indi də belə təzyiqlərin olmadığını heç kim iddia edə biməz. Qanundan kənar pul yığımı, rüşvət və vergi cərimələri sahibkarları çətin duruma salmışdı. Xaricə getmək imkanı olan sahibkarlar müvafiq ölkələrə getdilər. Ölkədə qalanlar isə bütün şərtlərlə razılaşmalı oldular. Bir il əvvələ qədər hökumətin müxtəlif qanadları orta və xırda sahibkarlığı demək olar ki, tam sıradan çıxartmışdı. İri sahibkarlıq isə hökumət ayrı-ayrı şəxslərinin əlindədir. İndi isə ölkənin iqtisadi durumu göz önündərdir. Ən yaxşı çıxış yolu sahibkarlığın inkişafıdır. Ona görə də bu sahədə təbliğat aparılır. Lakin təbliğatın müsbət nəticə verəcəyini demək olmaz. Çünki hökumətə qarşı inamsızlıq var. Digər tərəfdən bu günə qədər hökumət bütün hesabatını yalan üstündə qururdusa, bu təbliğatı da məhz yalanla həyata keçirməyə cəhd edir. İqtisadiyyat elə bir sahədir ki, onun haqqında danışmaq ən sonda lazımdır. Yəni konkret işlər görülməlidir. Bunlar isə sonda görülməli işləri əvvələ salırlar. Bir dənə də olsun iş yeri açılmırsa belə təbliğatlar əksinə daha da pis nəticələr verəcək.

Hər ilin yekununda ölkə iqtisadiyyatının bir neçə dəfə inkişaf etməsi barədə bərbəzəkli hesabatlar səslənirdi. Hökumətin indiki çabası bu hesabatları sual altına salmırmı?
- Hamının bildiyi bir həqiqəti heç kim deyə bilmirsə bu, əsl faciədir. Biz uzun illərdir bildiyimiz həqiqəti deyə bilmirik. Bu vaxta qədər səsləndirilən hesabatdakı rəqəmlərin yanlışlığını, o rəqəmləri yazandan tutmuş dinləyənə qədər hamı bilirdir. Həmin şişirdilmiş rəqəmlər kimlərəsə milyonlar qazandırırdı. İnkişaf etmiş Yaponiya ilə paralellik aparsaq, çox gülünc mənzərə ortaya çıxır. 2014-cü ildə Yaponiya iqtisadiyyatı 2-3 faiz inkişaf etdiyi halda bizim iqtisadiyyatımız 6-7 dəfə artmışdı. Orta məktəb təhsili olan şəxs də başa düşər ki, bu boyda fərq necə yarana bilər? Həm də biz Azərbaycandan uzaqda yaşamırıq axı. Vətəndaş ölkədə baş verən inkişafı hiss etmirsə, o barədə necə danışmaq olar? Azərbaycan vətəndaşı çox aşağı səviyyədə yaşayır. Sorğu keçirin, ötən il ölkə əhalisinin neçə faizi istirahətə gedib? Nəinki istirahət, əhalinin böyük əksəriyyəti doğmalarına baş çəkmək üçün maddi dudruma sahib deyil. Əslində hesabatları tam yalanlamaq düzgün olmaz. Amma bu inkişaf fərd olaraq məmurlara aiddir. Dövlət iqtisadiyyatına və ölkə vətəndaşının rifahına qəti dəxli yoxdur.

İqtisadiyyatın təməl prinsipi istehsalatdır. Bizdə isə istehsalat yox səviyyəsindədir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda istehsalat sahəsi başqa sahələr kimi hər kəsə məlumdu. Demək olar ki, qida məhsullarından tutmuş, geyim, tikinti, hətta kənd təsərrüfatı məhsullarına qədər hər şey idxal olunur. İdxal səviyyəsinin 95-98 faizə çatdığı qənaətindəyəm. Hətta yumurta kartonları da idxal olunur. Bu, ölkə iqtisadiyyatının yoxluğu deməkdir, nəinki zəifliyi. Bu sahədə digər ölkələrin təcrübəsinə baxsaq görərik ki, həmin ölkələr çox çətinliklə istehsal sahələrinə sahib olublar. Amma bizdə heç bir asılılıq olmadan istehsalı qaldırmaq olar. Çünki bunun üçün ölkəmizin bütün imkanları var. Allah heç bir şeyi bizdən əsirgəməyib. Hökumət ölkə vətəndaşı üçün çətinlik yaratmasa, əhali bu sahədə çox ciddi uğur əldə edə bilər. Bir az əvvəl dediyim ki, qanunsuz müdaxilələr, rüşvət tələbi və vergi cərimələri filan, üstəgəl monopoliya ciddi problemlər yaratmaqla yanaşı, həm də vətəndaşlarda qorxu sindromu yaradıb. Ölkədə istehsalatın olmaması iqtisadiyyatı ciddi risk altına salır. Bu mənada iqtisadiyyatımız çətin duruma düşüb və belə davam edərsə daha da dəhşətli nəticələrlə üzləşə bilərik.
Xeber.İnfo,
Mövlud Abdulov 
Oxunuş sayı 1543 dəfə
Şərh vermək üçün giriş edin
Top