Çərşənbə axşamı, 16 Fevral 2016 21:00

Ermənilər azyaşlı azərbaycanlıları öldürməkdə, dünya susmaqda davam edir

Ramil Hüseynov: "Bu, beynəlxalq təşkilatların hər zamankı riyakarlığının bir göstəricisidir"

"Ən yaxşı halda, ümumi və mücərrəd sözlərlə məsələyə münasibət bildirirlər"
Məlum olduğu kimi, ermənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb. Belə ki, fevralın 15-də Ağdam rayonunun Çıraqlı kənd sakini, 15 yaşlı Coşqun Məmmədov qolundan və ayağından iki güllə yarası alıb. Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, məktəbli uşaq əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən atəşə məruz qalıb.
Artıq neçənci dəfədir ermənilər uşaqlara qarşı bu cür vəhşilik edir. Bənzər hallar dəfələrlə baş verib. Bunu erməni işğalçıları müxtəlif formada həyata keçirib. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olmuşlar. 2011-ci il martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olub. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirib. Çox maraqlıdır ki, nə o vaxt, nə də indi beynəlxalq təşkilatlar buna hər hansı münasibət bildirməyib. Atəşkəs intensiv pozulanda dərhal ATƏT-in Minsk Qrupundan tutmuş, digər qurumlar da buna münasibət bildirir. Ancaq indiyə qədər son insidentə heç bir münasibət bildirilməyib.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu, beynəlxalq təşkilatların hər zamankı riyakarlığının bir göstəricisidir: "O üzdən, bir növ, buna təəccüblənmədim. Ona görə ki, beynəlxalq qurumlar buna adət ediblər. Ötən illərin təcrübəsi bunu göstərir. Bir neçə il əvvəl erməni snayperi məhz Ağdamın cəbhəyanı kəndində 9 yaşlı uşağı qətlə yetirdi. O zaman beynəlxalq təşkilatlar buna reaksiya verdi ki, indi də bunu etsinlər?! Ən yaxşı halda, ümumi və mücərrəd sözlərlə məsələyə münasibət bildirirlər. O da epizodik xarakterli olur. İki ilə yaxındır mülki şəxslər olan Şahbazla Dilqəm erməni girovluğundadır. Onların azad olunması üçün həmsədrlər heç bir səy, təşəbbüs göstərmir. Ötən görüşlərin birində ölkə Prezidenti bunu həmsədrlərə irad tutdu. Ancaq praktiki olaraq bu istiqamətdə heç nə dəyişməyib. Budur mövcud reallıq. Ancaq atəşkəsin pozulması intensiv hal alan kimi, beynəlxalq qurumlar hərəkətə keçir və hər vəchlə bunun geniş hərbi əməliyyatlar müstəvisinə keçməsinə mane olurlar. Bununla bağlı müxtəlif təsir vasitələrini işə salırlar. Hesab edirəm ki, bundan sonra da beynəlxalq qurumlar sözügedənməsələdə öz "ənənəvi" siyasətinə sadiq qalacaq. Azərbaycan özü hər sahədə aktivliyini artırmalıdır".
Oxunuş sayı 1197 dəfə
Şərh vermək üçün giriş edin
Top