Cümə axşamı, 08 Sentyabr 2016 22:00

“Xristian dünyasının acı röyası İslam ümmətinin vəhdətidir”

“Türkiyə çevrilişinin ideya müəllifi Gülən harada gizlənir?”

Əli Əliyev: “Qərb İslam dünyasına aid dövlətlərin mükəmməl və sistemli irəliləməsində maraqlı deyil”

“Azərbaycan xalqının siyasi yalqızlığı faktdır”

 “Doğru xəbər”-in suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

- Əli bəy, Türkiyə olayları regionda baş verən proseslərə nə kimi təsir edə bilər?

- Türkiyə nəinki regionun, eyni zamanda dünya proseslərinə təsir gücü olan əhəmiyyətli dünya dövlətlərindəndir. NATO üzvlərindən nəhəng hərbi potensiala malik dövlət olmaqla, İslam dünyasının aparıcı birləşdirmə potensialına malik lokomotivi, Avropa Birliyinə üzv olmaq üçün sırada olan yeganə inkişaf etmiş müsəlman dövlətidir.

Türkiyədə baş verən proseslər, xüsusən çevriliş cəhdi dünyanın siyasi dəngəsinə möhürünü vurub. Dünya gündəliyi Türkiyə proseslərini uzun dövr ön sıralarda saxladı. Dünya lideri ABŞ-ın bütün səviyyələrdə son dövrlər qardaş dövlətə səfərləri Türkiyənin həm rəsm Vaşinqton, həm də digər paytaxtlar üçün önəmini nümayiş etdirdi. G20-nin Çin sammitində ən mərkəzi fiqurlardan biri məhz Ərdoğan oldu. Sammit zamanı onun randevuları dünya mediasının diqqətində idi.

Türkiyənin Suriyaya daxil olması da onun hərbi çəkisinə və qüdrətinə, siyasi iradəsinə işarədir. Kimin nə deməsindən asılı olmayaraq, öz çıxarlarını əsas götürərək Əsgər uğurla öz vəzifəsini yerinə yetirməkdədir. Əminəm ki, Türkiyə silahlı qüvvələrinin addımlarını Suriya maraqlarını gizlətməyən Moskva, Tehran, Vaşinqton, Pekin də anlamla qarşılayır.

Qarşıda gələn dövr bölgənin daha geniş çapda yeni şəkillənməsinə səbəb ola bilər. Türkiyə-Rusiya münasibətlərinin bərpası, Türkiyə-İran əlaqələrinin sıxlaşması, Merkelin timsalında Avropa Birliyinin Türkiyə maraqlarını dilə gətirməsi, ABŞ-ın Gülən məsələsində anlam nümayişi yeni dövr üçün bölgənin siyasi dizaynını müəyyən edəcək.

Hesab etmirəm ki, bu günkü sərt anti-Qərb ritorikası AKP hökümətini Qərbdən və onun qurumlarından uzaq salacaq. Türkiyə dəngəli siyasətini davam etdirəcək. Rəsmi Ankara daim çevik diplomatiyası ilə fərqlənib, gələcəkdə də bunun şahidi olacağımız qənaətindəyəm. Lakin bu dəfə Türkiyənin daha sərbəst və çox vektorlu siyasət yürüdəcəyini düşünürəm. Türkiyənin həm Qərbdə, həm də Şərqdə-Avrasiya məkanında oynayacağını görəcəyik. Belə açıq siyasət yürütmək üçün Ərdoğan komandası xırda nüanslar kənar, daxili məhdudlaşdırıcı faktorlardan təmamilə azad olub.

-         Sizcə, Türkiyə ətrafında baş verənlər AKP hakimiyyətinin Qərb siyasətindən kənara çıxmasının nəticəsidir, yoxsa AKP-nin yarıtmaz siyasəti?

 -         Mən bu suala qismən cavab verdim. Lakin AKP, xüsusən də Ərdoğan siyasətinə qarşı baş verənlər Qərb çevrələrinin, daha dəqiqi xristian dünyasının parlaq keçmişə malik, İslam ideologiyalı, nəhəng imperiya tarixli Osmanlı nəvələrinin inkişaf etməməsi üçündür. Qərb İslam dünyasına aid dövlətlərin mükəmməl və sistemli irəliləməsində maraqlı deyil. Diqqət yetirin, dünyada hərbi əməliyyatlar yalnız müsəlman dövlətlərində baş verir. Əfqanıstan, İraq, Liviya, Suriya, Yəmən, Nigeriya, Mali, Sudan və sair. Türkiyəyə qarşı elan olunmamış müharibə aparılır. PKK-nın maliyyəsi, hərbi təchizatı və təlimatı hardan gəlir? Milyardlarla vəsait tələb edən belə miqyaslı hərəkətlərin ideya ilhamvericiləri harada əyləşir? Türkiyə çevrilişinin ideya müəllifi Gülən harada gizlənir? Yaxud adı çəkilən dövlətlərin hüdudlarında trans-dövlət İŞİD haradan maliyyələşir? Dünyada tamaşaçı auditoriyası milyardlarla insan olan meqa TV-lərin dünən Səudiyyə Ərəbistanı ilə İran arasında söz savaşını “iştahla” nüsxələməkdə məqsədi nədir? Mənə elə gəlir ki, bu suallar çox aydın və sadə cavablara malikdir. Ona görə də Türkiyədə baş verənləri Ərdoğanın yanlışlarına aid etmək səhv yanaşma olar. Ərdoğanın bir maraqlı üstünlüyü var, hadisələr də bunu ortaya çıxardı. Türkiyə kimi passionar cəmiyyətdə demokratik yolla seçilən bu lider, illər uzunudur heç bir “tələ”yə düşmür. Ona qarşı qurulan çoxsaylı və çeşidli marıqların biri Misir demokratlarına kifayət etdi. Bir həmlə ilə Mursi devrildi, yerinə hərbi general Sisi əyləşdi. Bu sadə müqayisə suala genişliyi ilə izahat verir.

-         AKP Azərbaycan müxalifətini heç zaman dəstəkləməyib, hakimiyyət isə bütün insan azadlığını və hüquqlarını pozmaqla məşğuldur. Bu mənada AKP siyasətini necə qiymətləndirirsiniz?

-         Sualda qoyulan məsələ qismən həqiqətdir. Ona görə qismən ki, əslində dünyada Azərbaycandakı siyasi məsələlər barədə real iş görmürlər. Anturaj xatirinə verilən bəyanatlar faktın konstatasiyasından o tərəfə keçmir. Yəni Azərbaycan xalqının siyasi yalqızlığı bir faktdır. Burada Türkiyə dünya ilə bir sırada durur. Lakin Qarabağ məsələsində tutduğu mövqe Türkiyəni digərlərindən yaxşı mənada fərqləndirir. AKP iqtidarı bizim hakimiyyətlə hamar münasibətlərə daim sahib olmayıb. Yadınızdadırsa, Şəhidlər xiyabanında məscid qapadılması, Türk şəhidliyində bayraq insidenti və digər xoşagəlməyən məqamlar YAP-AKP münasibətlərinin sabit olmadığının faktoloji təzahürləridir. Bu baxımdan AKP-nin iqtidarımızın “nazını çəkməsi” siyasi baxımdan başa düşüləndir. Bəraət qazandırmasam da, strateji olaraq Türkiyə-Azərbaycan münasibətlərinin yaxın olması üçün belə müvəqqəti “qurbanı” məqbul sayıram. Azərbaycanın Türkiyədən uzaqlaşdığı halda bir sığınacağı Rusiya qalır, bu isə milli maraqlarımıza uyğun deyil. Milli çıxarlarımızı hər işdən üstün tutan birisi kimi hesab edirəm ki, müvəqqəti olaraq belə “diqqətsizliyə” göz yummaq olar. Əminəm ki, praqmatik və təsirli müxalifət platforması yarandıqdan sonra Türkiyənin müxalifətə yönəlik siyasəti də dəyişəcək.

-         İran-Rusiya-Turkiyə birliyi nə qədər real görünür, bu birlik baş verərsə regionda nə kimi dəyişiklik olacaq?

-         Belə siyasi qövsün yaranması zaman məsələsidir. Mənə görə bu 4-lü ittifaq olmalıdır. Azərbaycanın körpü ola biləcəyi hər 3 nəhəng dövlət bir çox ciddi alternativlərə yerini göstərə bilər. Bir də ki, belə ittifaq kiməsə qarşı yox, bu dövlətlərin böyük imkanlarının birləşdirilməsi, mövcud konfiqurasiyalardan ən işləki ola bilər. Belə format Dağlıq Qarabağ məsələsində də öz həlledici söz sahibinə çevrilər. Unutmayaq ki, birinci dünya müharibəsi gedişində anqlo-saksların aləti olan xəyanatkar ermənilərin planları, məhz Türkiyə-Rusiya anlaşması ilə puç edildi. SSRİ-nin dağılma planı da Dağlıq Qarabağ kartının dövriyyəyə girməsindən başlamışdı. Rusların Qafqazda vassalı olan haylar Qərblə də oynamağa çalışmaqla yanaşı, yenidən 1 əsr əvvəlki cəhdlərini təkrar etmək istəyirlər. Bu yolda Türkiyə-İran-Rusiya-Azərbaycan ittifaqı çox perspektivli görünür.

-         Son olaylar Türkiyəyə Suriya Liviya və Misirin aqibətini yaşada bilər?

-          Təbii ki, Türkiyənin artıq mövcud olmayan həmin dövlətlərin gününə salınması planı və istəyi mövcuddur. Türkiyənin potensial gücü Qərb dövlətlərini narahat etməkdədir. Türkiyənin İslam dövlətlərini bir araya gətirmək imkanları Vatikanı əndişəyə salmaya bilməz. Xristian dünyasının acı röyası İslam dünyasının vəhdətidir. Müsəlman dövlətləri alimlər səviyyəsində mövcud və əksər hallarda kənardan mübahisəyə çevrilən ideoloji ixtilafları çözməyi bacarmalıdır. Əminəm ki, belə ixtilaflar qaldıqca, müsəlman dövlətlərində çevrilişlər, hərbi əməliyyatlar, dağıntılar qalacaq. Günlərin birində dağıntı növbəsi Türkiyəyə də, İrana da, Səudiyyəyə də catacaq.

Cavid Cabbarlı

"Doğru xəbər"

Oxunuş sayı 2361 dəfə
Şərh vermək üçün giriş edin
Top