Bazar ertəsi, 18 İyul 2016 21:00

Tale Bağırzadə və onunla birgə həbs olunanlar günahsızdı

Vəkil: Məhkəmədə Tale Bağırzadə və onunla birgə həbs olunanların günahsız olduğunu hər kəs biləcək.

İyulun 19-da "Müsəlman birliyi" hərəkatının rəhbəri Tale Bağırzadə və onunla birgə həbs olunanların məhkəməsidir. 

Martın 19-da həbs olunan Tale Bağırzadə Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.12-ci, 29, 120.2.1-ci, 29, 120.2.3-cü, 29, 120.2.4-cü, 29, 120.2.7-ci, 29, 120.2.12-ci, 28, 214.2.1-ci, 28, 214.2.3-cü, 214-2-ci, 220.2-ci, 228.3-cü, 278-ci, 279.1-ci, 283.2.3-cü və 315.2-ci maddələri ilə ittiham olunur. İstintaqın gedişiylə əlaqədar T.Bağırzadə vəkili Elçin Sadıqov Meydan Tv-nin suallarını cavablandırdı. 

- Elçin bəy, “Müsəlman birliyi” təşkilatının rəhbəri Tale Bağırzadənin istintaqı necə keçir? 

- İstintaq yekunlaşıb və cinayət işi məhkəməyə verilib. Biz vəkillər istintaqın aparılmasından razı deyilik, çünki istintaq bitərəfli qaydada aparılıb. 

- Hansı əsaslarla bitərəfli aparıldığını iddia edirsiniz? 

- İstintaqın bitərəfli aparılmasının əsasları ondan ibarətdir ki, birinci, Tale Bağırzadə başda olmaqla təqsirləndirilən şəxslərdən işgəncə vasitəsilə ifadələr alınıb. 

- Tale Bağırzadə işgəncə nəticəsində ifadələr verib? 

- Bəli, müəyyən ifadələr verib ki, hansı ki onu məcbur ediblər. Əlavə olaraq şahidlər də Tale Bağırzadə əleyhinə ifadə verməyə məcbur ediliblər. Biz üzləşdirmədə bunun canlı şahidi olmuşuq. 

Ona görə də Taleh Bağırov üzləşdirmədən imtina edibdir. İstintaqda digər pozuntular müdafiə tərəfinin vəsatətlərinin əsassız olaraq təmin edilməməsi, vəkillərə müdafiə etdiklərin şəxsin müdafiəsini qurmaq üçün lazım olan sənədlərin verilməməsi və hətta ekspertiza rəylərinin yarımçıq verilməsidir. Əməliyyat sənədlərini isə ümumiyyətlə vermədilər. Həmçinin sorğular və onlara alınmış cavabların surəti verilmədi. Halbuki, bunlarsız müdafiəni qurmaq mümkün deyil. Cinayət işinin materiallarından da görünür ki, polislər həmin əraziyə hücum edənə qədər orada heç bir hadisə baş verməyib. Hesab edirəm ki, işgəncəylə bağlı verilən ifadələr məhkəmədə öz təsdiqini tapacaq. Nəhayət, Nardaranda mülki əhalidə silah olmayıb və onlar heç kəsə atəş açmayıb. 

- Sadaladıqlarınız Azərbaycan Konstitusiyasında, qanunvericiliyində və imzaladığımız beynəlxalq konvensiyaların hansı maddələrinin pozulmasıdır? 

-Bütün hallarda müdafiə hüququnun pozulmasıdır. Müdafiə hüququna Konstitusiyamızda, Cinayət-Prosesual Məcəlləsində, həmçinin İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təminatlar verilir. Bu, bizim məhkəmədə öz mövqeyimizi müdafiə edə bilməməyimizə yönəlib. Ancaq məhkəmədə ittihamı tam ifşa edəcəyik. 

- Yəqin ki, DİN və Respublika Prokurorluğunun hadisə baş verəndən sonra birgə yaydığı məlumatla tanışsınız. Həmin açıqlama nə ədərəcə əsaslıydı? 

-Məlumatın hər hansı bir əsası yox idi. Əməliyyat əməliyyatçının qərarı əsasında həyata keçirilib. Qərara görə faktiki olaraq axtarış və götürmələr olub ki, halbuki bunlar yalnız təxirəsalınmaz müstəntiqin qərarıyla və ya məhkəmənin qərarı ilə olmalıydı. Ən əsası isə bu barədə məhkmələrin məlumatının olması vacib idi. Axtarış və götürmələrin heç birində məhkəmə qərarı olmayıb, proses əməliyyatçının qərarıyla gerçəkləşdirilib və bu axtarış və götürmələr barədə məhkəmələrə heç bir məlumat verilməyib. Bundan başqa əməliyyat həyata keçirilərkən əməliyyatda kimlərin iştirak etməsi, kimin hansı silahdan istifadə etməsi, əməliyyatda neçə güllədən istifadə edilməsi və neçə dəbilqənin istifadəsi barədə heç bir məlumat yoxdur.

-İstintaqda bu barədə vəsatətlər qaldırdınızmı? 

-Bəli, amma təmin olunmadı. Tale Bağırzadə və digər təqsirləndirilən şəxslər həmin silahların polis orqanları tərəfindən evlərə yerləşdirildiyini hesab edir, sonradan axtarışda tapılma adıyla rəsmiləşdirilib. 

- Əməliyyat zamanı iki polisin ölümü barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıldığından bu barədə nə deyə bilərsiniz? 

- Cinayət işində həmin şəxslərin əməliyyat zamanı hansı formada olmasıyla bağlı heş bir məlumat yoxdur. Şəxslərin ancaq alt paltarında şəkilləri var. Buna görə də onların şəklinə baxıb polis olduqlarını deməyə heç bir əsas yoxdur. Eyni zamanda, polis olduqları güman edilən şəxslərin meyitlərinin tam şəkli yoxdur, şəkillər hissə-hissə çəkilib. Bu mənada həmin şəkillərin başqa-başqa adamlara aid olması ehtimalımız var. Hissələrdə bədənin rəngləri də fərqlənir. 

- Məsələ ondadır ki, daxili işlər naziri cənab Usubov onların dəfnində iştirak edib... 

- Biz həmin polislərin şəxsi işlərini tələb edən vəsatət qaldırdıq, həm də Sosial Müdafiə Fondunda polis olmaları haqda sənədləri, tabel silahlarının olub-olmamasını tələb etsək də, istintaq rədd etdi. Ümumiyyətlə, cinayət işində həmin iki nəfərin polis olmasını təsdiq edən heş bir rəsmi sənəd yoxdur. 

- Bəs istintaqda Nardaranda əməliyyatın nəyə görə keçirildiyi müəyyən olundumu? 

- Tale Bağırzadə Nardaran əməliyyatının yerli əhalinin qorxudulması və onun həbsi üçün keçirildiyini hesab edir. İkinci, hesab edir ki, hökumət bununla Nardaranda problem olduğunu və bunu həll etməyə çalışdığını göstərib, ibadətlə məşğul olanları cinayətkar kimi təqdim etməyə çalışıb. 

-Bütün sadaladıqlarınızı götürsək, bu qədər qanun pozuntularıyla getdiyinizi deyirsinizsə, məhkəmənin də istintaqın davamı olacağını düşünmək olarmı? 

- İndiyənə qədər olan praktika göstərir ki, məhkəmə bu cür işlərdə qanunlara əməl etmir və qərarları qanunvericiliyi pozaraq qəbul edirlər. Bütün hallarda biz vəkillər mövqeyimizi sübut etməyə çalışacayıq. Əlavə onu da bildirim ki, polis olması güman edilən polislərin təşrih masasında şəkilləri və cinayət işində meyitlərin yarılması haqda məlumat da yoxdur. Yalnız meyitlərin sxemi çəkilib və zədələr sxem əsasında göstərilib. Şəkillər olmadığından və zədələr sxem əsasında verildiyinə görə polis olması güman edilən şəxslərin meyitləri məhkəmə tibbi ekspertizasından keçirilməyib.

- Polislərin xidməti yox, zibil maşınında kəndə gəlmələri haqda iddiaları istintaqda qaldırdınızmı?

- Əməliyyatda kimlərin iştirakı, hansı paltarları geyilmələri barədə qərarda da heç nə yoxdur. Şahidlər çəkilişlərin olduğunu deyirlər, biz çəkilişləri tələb etsək də, istintaq çəkilişin olmadığını bildirdi. Bütün hallarda hesab edirik ki, əməliyyat çəkilişi olmalıydı, əgər əməliyyat reallığı əks etdirirsə, bu, istintaqın xeyrinə olan bir hal idi. 

- Bu işin Avropa Məhkəməsinə göndərilmə perspektivi varmı? 

- Yerli məhkəmələr prosesə ədalətli yanaşmasalar Avropa Məhkəməsinə göndərilmə perspektivi çoxdur. Çünki Avropa Konvensiyasının 18-ci maddəsi pozulub. 

- Məsələ ondadır ki, dindarlarla bağlı məsələlərdə Avropa struktuları fərqli yanaşma ortaya qoyurlar... 

- Hesab edirəm ki, məhkəmədə Tale Bağırzadə və onunla birgə həbs olunanların günahsız olduğunu hər kəs biləcək.

- Əminliyiniz nəyə əsaslanır? 

- Birinci, onların heç bir təqsirlənin olmadığına və əlavə olaraq biz sübutların nümayiş etdirilməsinə çalışacayıq. Bundan əlavə təqsirləndirilənlər və şahidlər ifadə verəcək. İşin özündə də elə sənədlər var ki, elan olunmasına nail olacayıq. 

- Bu mənada hakimlər heyəti prosesi qapalı keçirə bilərmi? 

- Qanunvericilikdə prosesin qapalı keçirilməsi üçün heç bir əsas yoxdur. (islamazeri)

Oxunuş sayı 2200 dəfə
Şərh vermək üçün giriş edin
Top