Cümə axşamı, 14 İyul 2016 21:00

Tovuzda “Gül”, Qazaxda “Qazax mahalının şairləri” kitablarının təqdimatı keçirildi

“Aybkitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatları davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirildi. Bu barədə Gülnar Səma Xeber.İnfo-a məlumat verib. İyulun 12-də isə Qazax rayon Ədəbiyyat Muzeyində həmin layihədə çap olunan “Qazax mahalının şairləri” almanaxının təqdimatı keçirildi.

 Tovuzda təşkil olunan tədbirin aparıcısı Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov müəllif haqqında iştirakçılara məlumat verərək ilk sözü AYB-nin Qazax zona filialının sədri Barat Vüsala verdi. Daha sonra Tovuzun millət vəkili Qənirə Paşayeva belə bir tədbirin Tovuz rayonunda təşkil olunmasını gənclərə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirdi. AYB-nin mətbuat katibi və layihənin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verərək, hər bir istedadlı müəllifə layihənin qapılarının açıq olduğunu qeyd etdi. Tədbirdə Qazaxın yazarlarından Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu Ağstafanın ziyalılarından Firdovsi Heydərli və.s iştirak etdilər. Tovuz yazarlarından İsa Cavadoğlu, Qədir Hümbət, Brilyant Atəş, Yunus Oruclu, Nazim Əhmədoğlu, Novruz Mizani Hafiz, Maarif Həsənoğlu və.s müəllifə təbriklərini ünvanladılar. Gülnar Səmanın ustadı Əbülfət İslam yetirməsinin bu cür uğurlarına çox sevindiyini bildirib, dəstək olan hər kəsə minnətdarlıq etdi. Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri Güldərən İbrahimova, “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də təbriklərini çatdırdı. Müəllifin gənc qələn dostlarından Şahinə Könül, Elməddin Nicat, Ruslan Dostəli, Şəhriyar Seyidoğlu, Taleh Mansur, Rüfət Axundlu, Mehman Rasimoğlu, Günel Bayramsoy, Turanə Turan, Məhəmməd Mehdixanlı, Xəyal Nikbin və.s ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda müəllif tədbirin yüksək səviyyədə keçməsinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.

 

Qazaxda keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıq elan edərək, qonaqları şairlər məkanı olan Qazaxda salamlamaqdan məmnun olduğunu bildirdi. O, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında məlumat verərək, mədəni sahənin də inkişafının daimi diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, bu cür tədbirlərin həyata keçirlməsi üçün dəstəyini əsirgəməyəcək və tədbiri aparmaq üçün sözü AYB-nin Qazax zona filianının sədri Barat Vüsala verdi. Barat Vüsal da filialın uğurları və bölgədə ədəbiyyatın inkişafı haqqında ətraflı məlumat verərək, sözü “aybkitab” layihəsinin müəllifi Xəyal Rzaya verdi. Xəyal Rza layihə çərçivəsində görülən işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırdı. Qazaxın qocaman şairi Ələddin İncəli kitabdakı şeirlərin hamısının bir-birindən gözəl olmasının səbəbini də işə məsuliyyətlə yanaşmaqda gördü. Tovuz yazar ziyalıları adından İsa Cavadoğlu, Ağstafa ziyalıları adından Firdovsi Heydərli çıxış etdilər. Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu da zəhməti keçən hər kəsə minnətdarlıq etdi. Bölgənin gənc yazarları adından Taleh Mansur çıxış edərək “Hər qazılan qəbrə bir söz basdırın” şeirini söylədi. Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin Başçısı hər kəsə təşəkkür edərək müəllifləri bir daha təbrik etdi.

Oxunuş sayı 2863 dəfə
Şərh vermək üçün giriş edin
Top