Bazar, 01 May 2016 22:00

Qasımuşağı tikmələri - Araşdırma, FOTO

Gözə xoş gələn, gözü oxşayan, ruha yatan, əsasən çoxluq tərəfindən bəyənilən, əşyalar ölçüsündən və dəyərindən asılı olmayaraq uzunömürlü sənət əsərləri kimi dünyada şöhrət qazanır. Hər bir sənət nümunəsi özü ilə birlikdə sənəti, onu yaradan sənətkarı və ünvanını, hansısa xalq, tayfa, tirə və ya toplum haqqında bir işarə, rəmzi məna daşıyır.

Dünyanın bir çox muzeylərini bəzəyən bu cür sənət nümunələrindən biri də tikmələr hesab edilir. Tikmələr arasında Azərbaycan tikmələrinin də xüsusi yeri var. Azərbaycan xalqının bədii tikmələri öz texnika və kompozisiyası ilə uzaq keçmişlərə gedib çıxır və Azərbaycan xalqının mədəniyyətinin varisliyini sübut edir. Bu gün də Azərbaycanın bir çox şəhər, qəsəbə və kəndlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbləri qorunub-saxlanılır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. Tapmaca dolu ornament, fiqur, naxış, rəmz, damğa və işarələrlə zəngin bu sənət nümunələri onu görənləri tilsimləyir.

 Tikmənin işləndiyi sahələr;  Bu növ tikmə nümunələrindən biri də dünyada məşhur olan Qasımuşağı  obasında hazırlanan tikmələridir. Qasımuşağı tayfasının yaşadığı ərazilərdən asılı olmayaraq toxuculuq və tikmə sənətinə hər daim diqqət yetirmişdir. Tikmələr adətən qadın geyimlərinin bir çox hissələrində müxtəlif növ zəncirə, bafta və digər tikmə elementləri şəkilində bəzədilirdi. Qasımuşağı obasında kustar sənətkarlar tərəfindən pambıq, ipək və yundan (qılıcı şaldan) müxtəlif növ rəngli parçalar hazırlanardı. Müəyyən formalı geyim və onun bəzəklərində — örpək, rübənd, araqçın, arxalıq, çəpkən, çuxa, eşmək və digər geyim növlərinin üzərinə nəbati və həndəsi ornamentlərdən ibarət müxtəlif cür tikmələr işlənirdi.Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan üstü tikməli çəkmələr də hazırlayırdılar.

Məişətdə cib dəsmalı, masaüstü örtük (süfrə), taxça, buxarı, güzgü və lampa üçün örtük, balış və yataq ağları, pul, eləcə də tütün kisəsi, yelpik, duz torbası, qaşıqdan və çömçədan, yüküzü, silah (əsasəndə tapança) qoburu və digər örtük və üzlüklərin, həmçinin təsərrüfat işlərində istifadə edilən xurcun, çul, heybə və s. əşyaların üzərinə gözəl tikmələr salınardı.

Tikmələrin ən çox yarımköçəri halda yaşayan Qasımuşağı tayfasının yaylaqlarda istifadə etdikləri alançıq, çadır və digər müvəqqəti yaşayış evlərinin təkcə daxilinin deyil, bir çox halda onun xarici görkəminin bəzədilməsində istifadə edilərdi.

Ümumi məlumat:  Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən müxtəlif yerlikli Qasımuşağı tikmələri hələ XVI-XVII əsrdə artıq özünəməxsusluğu ilə fərqlənirdi. "Qasımuşağı tikmələri"  Zəngəzur mahalının,  indiki Laçın rayonunun mərkəzindən 50-60 km şimalda, Hacısamlı nahiyəsinin inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının kəndlərində,  Şamkənd, Kürdhacı, Yuxarı Çorman, Şəlvə, Daşlı  kəndlərinin inzibati ərazi vahidində yaşayan Qasımuşağı tayfasının adı ilə bağlıdır.

Kiçik və ya böyüklüyündən aslı olmayaraq hər bir incəsənət əsəri ilkin olaraq insan təfəkkürünün təsiri altında inkişaf edir və formalaşır. Qasımuşağı tikmələri də Qasımuşağı tayfasının mənəvi aləminin və sosial varlığının dəyişməsi nəticəsində ərsəyə gələn dəyərli mənəvi mədəniyyət əsərlərindən biridir. Əslində tayfa üzvlərinin maddi-dəyişdirici fəaliyyətinin əsas məqsədi, hər şeydən əvvəl, ilk öncə öz təlabatlarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətlər yaratmaq olmuşdur.

Qasımuşağı obasının əhalisinin əsas məşğuliyyətlərindən biri də ipək, yun, bəzən pambıq ipliklərdən toxuma və müxtəlif tikmə işləri təşkil edirdi. Qasımuşağı obasının əhalisi arasında tikmə sənəti uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan maddi və mənəvi mədəniyyətin nəticəsidir.

Adətən tikmə tikmək üçün müxtəlif növ sap, parça, muncuq, düymə (pilək), eləcə də əlvan metal lövhəciklər və s. bədii materiallardan istifadə edilərdi. Tikmə üçün yerlik kimi istifadə ediləcək saya parçalar (məxmər, qanovuz, xara, misqal, tirmə, kətan, şal, mahud və s.) əsasən ağ olsada bir çox hallarda tünd qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rənglərdən də istifadə edilərdi. Bəzən çəhrayı və bənövşəyi rəngli yerliyi olan tikmələrdə hazırlanırdı. Tikmələr üçün istifadə ediləcək yun, ipək və pambıq ipliklər istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, köşenil, bitki kökləri və s.) vasitələrlə boyanar, tikmə tikmək üçün hazırlanardı.

Tikmə sənəti bir zamanlar qadın və qızlar üçün ən yaxşı məşğuliyyət növlərindən biri idi. Vaxtı ilə Qasımuşağı obasında yaşamış ailələrin bəzilərində bu gün də yaşı bir neçə əsr olan zərif tikmələrə rast gəlmək olar. Bu cür tikmələr vaxtı ilə cehiz və hədiyyə üçün ən dəyərli pay sayılırdı.    Tikməçilik ulu nənələrimizin özlərindən sonrakı gənc nəslə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Yüz illər öncə bu obada hazırlanan tikmələrdəki naxış növlərinin özünəməxsus bir gözəlliyi vardı.

Bu növ tikmə nümunələrindən bir neçəsi XVII əsrdə Qasımuşağı obasının ustaları tərəfindən işlənilmiş və dövrümüzə qədər gəlib çıxan ipək Qasımuşağı tikməsi bütün bu dediklərimizi əyani şəkildə təsdiq edir.

Günümüzə qədər gəlib çatmış hər bir Qasımuşağı tikmə və xalçası müəyyən edilmiş xüsusi dizayna əsaslanır: bu, tikmə və xalçaların strukturunun daha dəqiq göstərici olmasına baxmayaraq ümumi görüntünü əks etdirən cüzi dəyişikliklərə uğramış müxtəlif növ naxışlar ancaq bu tikmə və xalçalara məxsusdur. Toxucular müxtəlif zaman kəsiyində bir bölgədən digər bölgəyə köç edir, ancaq ənənəvi naxışları isə özləri ilə daşımalı olurdular.

Hələ XVII əsrin axırları və XVIII əsrin əvvələrində dağlıq ərazidə məskunlaşan Qasımuşağı tayfası bu kəndlərdə ağac, saxsı, taxta, dəmir, sümük və s. materiallardan olmasından asılı olmayaraq bir çox alətləri özləri hazırlayır, müxtəlif əşyalar yaradır, bədii tikmə və xalçaçılıqla məşğul olurdular. Xalça və xalça məmulatları: tikmə,  palaz, gəbə, kilim, xurcun, çuval, cecim, keçə (qəlib),  nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), şəddə, yun corab, örkən, şötük, sicim, çatı, gözək, əlcək, sapand,  gərdəkbaşı  və s. əşyalar evdə sadə əl alətləri ilə toxunurdu.

Qasımuşağı obasının ərazisində hələ XVIII yüzilliyin əvvəllərində mövcud olan və məişətdə, həmçinin təsərrüfatda istifadə olunan maddi mədəniyyət nümunələrilə qarışıqlı əlaqə və təsirdən xəbər verən tikmə nümunələri həmin dövrdən çox-çox əvvəllər Qasımuşağı tayfasının ailələrində hazırlanmışdır. Obanın kəndlərində başqa toxuma məmulatları ilə yanaşı tikmələrə də böyük tələbat olmuşdur.

Bu tikmələr evin xanımları tərəfindən hazırlanar, müxtəlif məqsədlər üçün nəzərdə tutulardı. Hələ ta qədimdən yaxın keçmişə qədər adət-ənənəyə uyğun bu obada gəlin köçən qızların cehizinə zəngin, rəngarəng, cürəbəcürə xalça və tikmə növləri daxil edilərdi. Hətta bu tikmə və xalı-xalçaların sayından asılı olaraq həmin cehiz qiymətləndirilərdi. Müxtəlif məqsədlər üçün istifadə ediləcək bu tikmə və xalçalar həvəskar qadın və qızlar tərəfindən hazırlanırdı. Tikmələrdən əsasən taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri, pərdəbaşı,  gərdəkbaşı, araqçın, rübənd, süfrə və digər əşyaların bəzədilməsində istifadə edilirdi.

Tikmə işləri ilə məşğul olmaq üçün bir neçə sadə alətdən - əsasən də qasnaq və qarmaqdan (qüllabdan) istifadə edilərdi.

Xammal;   Əsas xammal kimi — istər rəng, istərsə də ipliklərin hazırlanması zamanı yerli xammala daha çox üstünlk verilirdi. Həmin xammal və köməkçi vasitələr əsasən Qasımuşağı obasının kəndlərinin ərazisindən əldə edilir və hazırlanırdı. Bu həm ucuz, həm tez bir zaman ərzində, eyni zamanda keyfiyyətli olduğu üçün yerli əhalinin diqqətini cəlb edirdi. Çoxlu miqdarda təbii və ucuz xammal mənbələrinin olması burada toxuculuq sənətinin inkişafına öz müsbət təsirini göstərirdi.

Zərbaft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. adını qeyd edə bilmədiyimiz digər parçalardan istifadə edilirdi. Əsasən ağ, tünd qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rəngdə parçalara üstünlük verilərdi.

Bədii analiz: Tikmə və ya xalçaların naxışı, eləcə də rəngləri hər bir xalqı başqalarından ayırmağa və eləcə də eyni xalqın içərisində mövcud qəbilə və tayfaların nümayəndələrini bir-birindən fərqləndirməyə imkan verirdi. Qasımuşağı tikmə və xalçalarında ustalıqla istifadə edilən müxtəlif naxış, fiqur, motiv, rəmz, damğa və digərləri buna ən gözəl nümunədir. Qasımuşağı obası və ona yaxın ərazilərdə tikmə sənətinin formalaşması Qasımuşağı tayfasının ümumi mədəniyyətinin bir hissəsi olmaqla yanaşı obada toxuculuq sənətinin pik nöqtəyə yetməsinə təkan verdi.

Qasımuşağı tayfasının üzvləri tərəfindən hazırlanan tikmələr içərisində öz çeşnisi ilə digərlərindən tamami ilə fərqlənən tikmələr hazırlanmışdır. Bu gün dünyada Qasımuşağı tikməsi kimi tanınan bu növ tikmələr digər tikmələrdən öz çeşnisi ilə yanaşı xüsusi tərtibatı və texniki xüsusiyyətlərilə də fərlənir.

Tikmələrin kənarları əsas halda bu tikmə və xalçalara məxsus xalçaşünaslar və yerli əhali tərəfindən "ocaq" adlanan naxışla tamamlanırdı. Ara sahənin yuxarı və aşağı hissəsinin hər iki yanında (sağ və solda) bu tikmələrə (həmçinin “Qasımuşağı xalçaları”na) məxsus böyük ölçülü "S" hərfinə  bənzər naxışlar vurulmuşdur. Bu naxışlı elementlərin içərisini əjdaha motivləri bəzəyir.  Ara sahənin tən ortasında böyük ölçülü səkkizbucaqlı göl yerləşdirilmişdir. İlkin çeşnilərdə gölün kənarları əsas halda "ocaq" adlanan naxışla işlənilmişdir. Lakin sonrakı dövrlərdə bu naxışlardan kənar haşiyələrin bəzədilməsində istifadə edilmişdir. Gölün daxili hissəsi xonçanı xatırladan müxtəlif ornamentlərlə tərtib edilmiş, yerliyi və rəngli kənarları müxtəlif fiqurlarla bəzədilmişdir. Gölün mərkəzində ağ yerlikli səkkizguşəli həndəsi formalı naxışın dörd tərəfindən  buynuza bənzər motivlər işlənmişdir. Müxtəlif dövrlərdə hazırlanan Qasımuşağı tikmələrində bu buynuza bənzər naxışlar forma və işlənmə yerindən asılı olaraq öz formasını bir xeyli dəyişmişdir. Bəzi toxucu və xalçaşünaslar tikmə və xalçada olan bu medalyonu səhvən “hörümçək” (“qurd” və ya “böcək”) adlandırmağa çalışırlar. Əslində isə bu naxış “hörümçək” deyil, müxtəlif hissələrdən ibarət olan həndəsi, nəbati, astral və zomorf naxışların harmoniyasından təşkil olunmuş və görünüşcə “hörümçəyi” xatırladır. Gölün ara sahəsində yerləşən “hörümçəyə” bənzər elementlər bu tikmələrdə daha çox təsadüf edilən “buynuzu” (“budağı”) xatırladan qarmaqlı motivlərlə müxtəlif formada əhatə olunur.

Qasımuşağı tikməsinin aşağı və yuxarı künclərindən bir-biri ilə üzbəüz istiqamətlənən oxabənzər elementlərlə işlənmiş kətəbələr yerləşdirilmişdir. Həmin kətəbələr hazırlanma tarixindən asılı olaraq  müəyyən qədər dəyişikliklərə uğramış naxışlarla işlənmiş və tamamlanmışdır. Bu tikmələri divardan istər şauqili və üfiqi şəkildə, istərsə də başıyuxarı və başıaşağı asılmasından asılı olmayaraq eyni şəkildə görüntülənir.

"Qasımuşağı tikmələri"ndə istifadə edilən naxışların forması girdə (yuvarlaq), dördbucaqlı, kvadrat, altıbucaqlı, səkkizbucaqlı və bu tikmələrə məxsus digər həndəsi formalı naxış və fiqurlarla  bəzədilmişdir. Naxış və fiqurların əsas hissəsi müxtəlif damğa və rəmzlərdən ibarətdir. Bu tikmələrin bəzilərində isə ümumi dizayn saxlanılmaq şərti ilə daha çox nəbati elementlərdən istifadə edilmişdir.

Qarabağ xalçaçılıq məktəbinin  Cəbrayıl qrupuna aid edilən Qasımuşağı tikmələri üçün xarakterik olan mürəkkəb kompozisiya Qasımuşağı xovlu xalçalarına çox yüksək peşəkarlıqla işlənmişdir. Xalçalara nisbətdə tikmələrin hazırlanmasında istifadə edilən materialların çox zəif, işlənməsi isə zərif olduğundan

Texniki xüsusiyyətləri:  Tikmə elə bir sənət növüdür ki, onunla təkcə sənətkarlar deyil xüsusi bacarığı olan sadə Qasımuşağı tayfasının üzvləri də məşğul olurdu. Əslində isə bu obanın qadınları əsl sənəkarlar qədər bacarığa malik olmuşdular. "Qasımuşağı tikmələri"ni hazırlamaq üçün alət və avadanlıqlar düzəldiləcəyi materialdan (sümük, taxta və ya metal) asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

Qasımuşağı tayfasının hazırladığı tikmələr texnika və kompozisiya baxımından qədimiliyini hər bir dövrdə saxlamışdır. İstər adi, istərsə də ipək tikmələrin gözəlliyi və əzəməti ilə rəng çalarlarının zəngin palıtrasına qəsidədir.

Əsas hallarda tikmələrin ölçüsü kiçik: uzunu 1 metrdən 2 metrədək, eni 60 santimetrdən 1metr 50 santimetrədək olur. Buna baxmayaraq bəzən orta və böyük formatlı tikmələrədə təsadüf edilir.

Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə həmin məmulatı və ya parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururdular. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, tabaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib,alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Beləliklə, alınan zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyasını əmələ gətirir.

Klassik "Qasımuşağı tikmələri"ndən fərqli olaraq XX əsrin əvvəllərində, xüsusilə də Sovet hakimiyyəti illərində hazırlanan tikmələrdə ipək saplarla yanaşı pambıq (əsasəndə yerlik üçün istifadə edilən parça) və eləcədə müasir maşın istehsalı olan sintetik saplardan istifadə edilməyə başlandı. Pambıq və sintetik saplardan istifadə edilərkən hazırlanan tikmələrin keyfiyyəti aşağı olur.

Qasımuşağı obasında hazırlanan tikmələrdə olan hər bir detal, element, motiv, fiqur və ya naxışlar "gözəmə" və ya "doldurma" üsulu ilə həyata keçirilirdi. Bəzən isə hər iki üsul birlikdə istifadə edilərdi.

Qasmuşağı obasında hazırlanan digər tikmə növlərin bir çoxunda ən çox  qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin, tutu quşu, şanapipik, sərçə, qırqovul, bildirçin, kəklik və digər motivlərə daha çox yer verilirdi.

Yekun;  Qasımuşağı tayfasının tarixi ilə möhkəm bağlı olan və onun mədəniyyətini öyrənmək, araşdırmaq üçün qiymətli mənbələrdən biri sayılan tikmələr öz dəyər və qiymətinə görə Azərbaycanın tətbiqi-sənət əsərləri sırasında məxsusi yeri var. Müxtəlif vaxtlarda Qasımuşağı obasının hər bir kənd-kəsəyində həvəskar qadınlar öz bacarıq və qabiliyyətlərini bu sənətdə sınamağa çalışırdılar. Qasımuşağı tikmələri bu tayfanın çoxəsrlik tarixi boyu yaratdığı mədəni irsinin ən dəyərli abidələrindən biridir.

"Qasımuşağı xalçaları" ilə yanaşı, "Qasımuşağı tikmələri"nə aid nümunələr dünya muzeylərinin bəzəyinə çevrilib. Bu elin tikmə və xalçaçılıq sənətinin araşdırılmasına və yetərincə qiymətləndirilməsinə məncə indiki vəziyyətdə daha çox ehtiyac var. Tayfa üzvlərinin mədəni inkişaf səviyyəsi, yaşadıqları ərazidə yaradılan maddi-mədəni sərvətlərin həcmi, yayılma miqyası və ətrafda yaşayan digər insanlara ötürülməsi danılmazdır.

Sultan HÜMBƏTOV

Oxunuş sayı 5432 dəfə
Şərh vermək üçün giriş edin
Top