Cümə axşamı, 23 İyun 2016 22:00

Aİ ilə bağlı tarixi qərar iqtisadi panika yaratdı - Neft ucuzlaşır, dollar qalxır

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı qərarı dünya iqtisadiyyatında ciddi gərginlik yaradıb.

Qərarın açıqlanmasından sonra dünya bazarında Brent markalı neftin qiyməti 48,56 dollar səviyyəsinə enib. Avropa Fond birjaları isə çöküb. Böyük Britaniyanın aparıcı fond indeksi təxminən 9 faiz enib. Referendumdan sonra funt sterlinq 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəyə düşüb.
İqtisadçı-ekspert Samir Əliyev bir neçə saat içərisində baş verən dəyişiklikləri AzNews.az-a şərh edib: “Belə qərarlar zamanı bazarlarda qısa müddətli panika yaranır. İngiltərənin Avropa Birliyindən çıxacağı halda gözlənirdi ki, funt sterlinq və avro ucuzlaşacaq. Bu da baş verdi. Funt dollara münasibətdə 30 illik həddə düşdü, avro isə ucuzlaşdı. Bu proses hələki davam edir. Bahalaşan isə Yapon yeni, ABŞ dollarıdır. Neft isə ucuzlaşıb. Düzdür, neft itirdiyi mövqelərini bərpa edir. 47 dollara kimi ucuzlaşan neft hazırda 49-a qədər bahalaşıb. Qızıl isə 5 faiz bahalaşıb. Bu, gözlənilirdi”.
S.Əliyev bütün bunların Azərbaycan üçün təsirsiz qalmasının qaçılmaz olduğunu qeyd edib:“Təbii ki hamını bir sual düşündür, bunun manata təsiri necə olacaq? Əgər manatın məzənnəsini doğrudan da bazar müəyyənləşdirsəydi, bu gün görəcəkdik ki, manat dollara nisbətdə ucuzlaşıb. Amma bu, hələ ki, baş vermir. Biz yaxın günlərdə manatın məzənnəsinin dəyişiləcəyini görəcəyik. Əslində bilirik ki, Mərkəzi Bank manatı tənzimləyir. Ona görə manatın hansısa dəyişikliyi hələ ki, müşahidə edilmir”.
İqtisadçı sözügdən qərarın Azərbaycana təsir istiqamətlərini də açıqlayıb: “Birincisi, neftin ucuzlaşması Azərbaycan üçün arzuolunan ssenari deyil. Biz neftin ucuzlaşmasını görürük. İkinci təsiri Azərbaycanın valyuta ehtiyatlarıdır. Üçüncüsü isə dolların bahalaşması manatın məzənnəsinə təzyiqi artacaq. İndi hər şey Mərkəzi Bankın davranışından asılı olacaq. Maraqlıdır, Mərkəzi Bank belə bir vəziyyətdə öz valyuta ehtiyatlarını xərcləyib manata dəstək verəcəkmi, yoxsa manatı müəyyən qədər buraxacaqmı? İstənilən halda mən bir devalvasiya ssenarisini istisna edirəm. Manatın ucuzlaşması davam edəcək”.

Oxunuş sayı 1211 dəfə
Şərh vermək üçün giriş edin
Top