Cümə, 13 Sentyabr 2019 00:31

UŞAQPULU- dağılan Avropa qaçqın körpələri də düşünür, mənəviyyatsız Azərbaycan hökuməti isə...

On minlərlə uşağın ehtiyac içində yaşadığı Azərbaycanda uşaqpulu yoxdur, verilmir, yenicə haradansa bu yardımın adını eşidib müzakirəyə çıxarıblar. Uzun müddətdir prosesi, gedən müzakirələri izləyirəm. Hakim partiyanın şərəfsiz yetkililəri, abırdan, tərbiyədən kənar məmur və deputatlar düşünürlər ki, uşaqpuluna ehtiyac yoxdur, hərə öz uşağının dərdini çəksin, hökuməti ziyana salmasınlar.

Siyavuş Novruzov uşaqpulunun uşaq dünyaya gəlməyən, demoqrafik vəziyyətin yaxşı olmadığı ölkələrdə verildiyini bildirib. “Uşaqpulunu o ölkələrdə verirlər ki, orada uşaq dünyaya gəlmir”,- deyən deputat əslində ağzına gələni danışdığını və əslində həqiqətin necə olduğunu hamıdan yaxşı bilir. Tez-tez müzakirə etdikləri Avropa ölkələrində insanların iqtisadi durumu Azərbaycanla müqayisə edilməyəcək dərəcədə yüksək olsa da, dövlət hər doğulan uşağa yardım, yəni uşaqpulu ayırır və uşaq 18 yaşadək bundan yararlanır. Bu ölkələrdə isə hörmətsiz deputatın dediyindən fərqli olaraq, uşaq doğulur. Təkcə yaşadığım Almaniyadan misal çəksəm, son illər buradakı mühacirlərin hesabına demoqrafik vəziyyət yüksəlib. Bu, mənim qənaətimdir. Alman qəzetləri miqrant məsələsini önə çəkməsələr də, son illər doğulan uşaq sayının artdığını vurğulayırlar. Məsələn, 2018-ci ildə bu ölkədə doğum nisbəti əvvəlki ildən yüksək olub. Federal Statistika İdarəsinin məlumatına görə, 2016-cı ildə doğuş sayı əvvəlki ilə nisbətən yeddi faiz çox olub. Doğum nisbəti 2011-ci ildən artmağa başlayıb. İdarədən verilən məlumata görə, Almaniya vətəndaşı olan qadınlar digər millətlərin qadınları ilə müqayisədə üç faiz çox uşaq sahibi olublar. 2018-ci ildə də əvvəlki illə müqayisədə daha çox körpə dünyaya gəlib- təxminən 788 min uşaq. Normal maaşı, yaşayışı, maddi, iqtisadi vəziyyəti olan alman uşaqlara isə səfalət içində olan Azərbaycandan fərqli olaraq uşaqpulu verilir. Bu, ayda təxminən 200 avro civarındadır və 18 yaşadək uşaq bu pulu alır. Həmçinin işləyən və dövlətdən yardım almayan miqrantlar da uşağa görə təxminən bu qədər yardım alırlar. Buradakı əyalətlərdə bir az fərqlidir, amma hamısında uşaq üçün yardım verilir.
Həmçinin miqrantların uşaqlarına hökumət bir neçə formada dəstək verir. Belə ki, miqrant qadın hamiləliyin 3-cü ayından uşağa görə yardım alır, bu, onun vitaminlə təminatı üçündür. Məbləğ ayda 60 avrodur və hamiləliyin sonunadək verilir. Uşaq doğulandan sonra da təxminən 200 avro hər ay üçün pul verilir. Həmçinin dövlət miqrantlara uşaq doğulmadan da yardım edir, uşaq arabası, hamiləlik geyimi, uşağın geyimi və gigiyenik məhsullar, şampun-filan üçün təxminən 450-500 avro civarında birdəfəlik yardım edir. Buradakı xeyriyyə, yardım təşkilatları da hamiləliyə dəstək verir, təxminən 1000 avroluq birdəfəlik yardım uşağa yataq, çarpayı və digər ehtiyacı olan şeyləri almaq üçündür. Yəni hökumət təkcə öz vətəndaşlarını deyil, qaçqın körpələri də düşünür. Mənəviyyatsız Azərbaycan hökuməti isə öz vətəndaşlarını, ölkənin gələcəyi olacaq körpələri səfalət içində yaşadır.
Siyavuş Novruzova baş nazirin müavini Əli Əhmədov da dəstək verib və deyib ki, Azərbaycanda ailələrin uşaqpuluna ehtiyacı yoxdur. “Düşünmürəm ki, bu ailələrin “uşaqpulu”na ehtiyacı var… Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq”. Xoruz baba ölkədə minlərlə uşağın aylarla ət yemədiyindən, məktəb ləvazimatı almağa pul tapmadığından, xəstələndikdə həkim pulu tapa bilmədiyindən xəbərsizdir yəqin. Çünki o, övladını harın, limitsiz pul xərcləməyə öyrədən, bir saatı belə dünya mediasında xəbər olan zümrədəndir, kimində balasının nimdaş geyimdə məktəbə getməyi onu maraqlandırmır. Onun kimilər Avropanın, xüsusən Almaniyanın dağıldığı barədə cümlələri telekanalizasiyalardan banlamaqla işlərini bitmiş hesab edirlər. Amma xatırladım ki, dağılan Almaniyada qaçqın uşaqlara hər yeni dərs ili başlananda da yardım verilir. Əvvəlki illərdə rəqəm yüz avro idi, bu il 150 avroya qaldırılıb. Bu, qaçqın uşağın məktəb ləvazimatlarını ala bilməsi üçündür.
Siyavuşun və digərlərinin fikirləri əslində hökumətin mövqeyidir və təkrar-təkrar cəmiyyətə çatdırılır. Tanınmış yaltaq jurnalist Mirşahin Ağayev də onlara qoşulub banlayıb ki, bəs uşaqpulu söhbətini bağlayaq, əhalinin pula ehtiyacı yoxdur. Axmaqcasına məsələyə yanaşan Mirşahin bildirib ki, uşaqpulu kasıb ailələrə verilməlidir və Azərbaycanda zatən kasıb ailələrə sosial yardım verilir. Əslində sosial yardımın ölkədə necə verilməsi bir başqa problemdir. Amma bu sarsaq adam jurnalist olduğundan bilməlidir ki, normal ölkələrdə uşaqpulu kasıb ailələrə yox, bütün ailələrə verilir, bütün uşaqlara aiddir. Həmçinin o, deyib ki, uşaqpulu verilən ölkələrdə bu, doğulan uşaqların sayını artırmağa təşviq üçündür. Guya ayda bir neçə min avro maaş alan alman məhz 200 avroya görə uşaq dünyaya gətirir. Axmaqlar!... Normal ölkələrdə uşaq pulu doğulan uşaqların sayını artırmağa təşviq üçün deyil, uşağın minimum yaşayışını təmin etmək üçündür... Bir alman o iki yüz avro olmasa da, istədikdə uşaq dünyaya gətirəcək, bu pul sadəcə uşağa dövlətin dəstəyidir. Çünki Almaniya və onun kimi normal ölkələrdə uşaq dövlətin gücüdür, sabahıdır, Azərbaycanda isə…

Röya Rəfiyeva 

Almaniya

Oxunuş sayı 1800 dəfə
Şərh vermək üçün giriş edin
Top