Çərşənbə, 16 Noyabr 2016 21:00

YAP-çı deputat maaşlarının artırılmasını istəyən həmkarlarına qarşı çıxdı

Son günlər millət vəkilləri aldıqları maaşla dolana bilmədiklərini dilə gətirib.

Deputat Aqil Abbas açıqlamasında bildirib ki, deputatın maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alır:

"Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin".

Deputat Vahid Əhmədov da maaşının azlığından şikayətlənib. O bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir: "Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".

Millət vəkilləri aldıqları maaşla dolana bilirmi? Onların maaşları artırıla bilərmi? Qaynarinfo.Az-ın suallarını cavablandıran deputat Aydın Mirzəzadə bildirib ki, millət vəkillərin maaşları yüksəkdir, maaşların arıtırlmasına ehtiyac yoxdur:

"Millət vəkillərin maaşları yüksəkdir. Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılmasıdır. Bu məsələdə prezidentin atdığı addımları dəstəkləyirik. Ötən gün ölkə başçısının sosial mənzillərlə bağlı sərəncam cəmiyyətin rəyindən xəbər verir. Ümumi götürdükdə, ayrı-ayrı təbəqələrin maaşları, pensiyalar vaxtaşırı qaldırılır. Məhz bu addımlar bizim üçün prioritet məsələdir".

Qeyd edək ki, Azərbaycanda millət vəkillərinin maaşı 2013-cü ildə artırılaraq ayda 1950 manatdan 2250 manata çatdırılıb.

Oxunuş sayı 1375 dəfə
Şərh vermək üçün giriş edin
Top