Çərşənbə, 14 May 2014 21:00

Partiya sədr müavininin övladlarını məktəbdən qovdular

“Siyasi fəaliyyətimə görə və hakimiyyəti tənqid etdiyim üçün illərdir təqib və təzyiqlərə məruz qalıram. Amma belə özbaşınalıq görməmişdim. Azyaşlı övladlarımı təhsil almaq hüququndan məhrum edirlər”. Bu sözləri Azərbaycan İslam Partiyasının sədr müavini Şahin Əliyev Xeber.İnfo-a bildirib.

Ş.Əliyev kirayə yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində ciddi təzyiqlərlə üzləşdiyini deyir: “Mən Azərbaycan vətəndaşı kimi ölkənin istənilən yerində yaşaya bilərəm. Lakin Abşeron rayonun ən yüksək məmurundan tutmuş Ceyranbatan qəsəbə bələdiyyəsinin sədrinə qədər hamısı məni və ailəmi təhdid edir. Bir neçə gün əvvəl İcra Hakimiyyətinin Başçısı yanına çağırtdırmışdı. İki gün əvvəl Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalov siyasi fəaliyyətimi dayandırmağı tələb etdi. Bu gün də üç övladımı heç bir səbəb göstərmədən oxuduqları orta məktəbdən xaric ediblər. Görünür bu ölkə rejim tərəfindən obyekt kimi idarə olunur. Hüquq müstəvisində mübarizə aparacam, amma məhkəmələr də rejimin sifarişini icra edirlər. Ona görə çarəsiz duruma düşmüşəm. Təhdid və təzyiqlər artıq dözülməz həddə çatıb”.

Ş.Əliyev hesab edir ki, bu davranış təhsil siyasətinin bərbad vəziyyətdə olduğunu bir daha sübut edir: “Tədris ilinin başa çatmasına bir aydan da az vaxt qalıb. Səbəbsiz yerə, kiminsə göstərişi əsasında övladlarımın təhsildən kənarlaşdırılması özbaşınalıqdır. Hesab edirəm ki, belə özbaşınalıqlara rəvac verənlər bu xalqın və dövlətin düşmənləridirlər”

Oxunuş sayı 1998 dəfə
Şərh vermək üçün giriş edin
Top