Çərşənbə axşamı, 29 Mart 2016 22:46

Yardımlı təhsilində Manaf Balaşov kimin güdazına gedir?

Rayon sakinləri Manaf Balışovdan dad edirlər

Yardımlı rayonunda təhsilin keyfiyyətiylə bağlı şikayətlər bitmək-tükənmək bilmir. Rayon sakinlərinin çoxu Yardımlı Rayon Təhsil Şöbəsinin fəaliyyətindən narazı olduqlarını bildirirlər. Təhsil şöbəsinin fəaliyyətində yol verdiyi nöqsanların nəticəsidir ki, rayon təhsili uçurumun bir addımlığındadır.

Təhsil şöbəsinin müdiri Manaf Balışov işinin öhdəsindən layiqli şəkildə gələ bilmədiyindən rayon təhsilinin keyfiyyətindən söz belə gedə bilməz. Balışovun uğursuz fəaliyyəti rayonda təhsil sisteminin düzgün qurulmasına mane olur. Verilən məlumatlarda göstərilir ki, təhsil şöbəsinin müdiri bir sıra ciddi nöqsanlara yol verməkdədir.

Mənbə qeyd edir ki, Manaf Balışov Yardımlı Rayon Təhsil Şöbəsinə işçi götürərkən müvafiq qanunları yaddan çıxarır. Təhsil sistemindən başı çıxmayan adamları işə götürür. Öz yaxın adamlarına təhsil şöbəsində iş verir. Savadlı kadrlara isə qıraqdan baxmaq qalır. Ona görə rayon təhsili keyfiyyətindən narazı olanların sayı durmadan artır. Bundan başqa rayon məktəblərində çalışan müəllimlərin çoxu da ali təhsili olmayanlardır.

Hansısa kursu bitirmiş şəxslər müəllim adıyla orta məktəblərdə çalışırlar. Adi kursda bir neçə ay təhsil almış şəxslər şagirdlərə nə öyrədə bilərlər. Əlbəttə ki, heç nə. Bütün bunlar isə təhsil şöbəsinin müdirinin işləridir. Şöbə müdiri nəyinsə müqabilində bu cür şəxslərin təhsil sahəsində çalışmalarına imkan yaradır.

Bütün bunların hamısı onu göstərir ki, şöbə müdiri öz maraqlarına xidmət etməklə məşğuldur. Rayon sakinlərinin istəkləri Balışovu ilgiləndirmir. Dəfələrlə sakinlər təhsil şöbəsinə müraciət ediblər ki, məktəblərə savadlı kadrlar təyin etsinlər. Hər özünü müəllim adlandıran şəxsləri təhsil sahəsinə gətirməsinlər. Belə gedərsə, Yardımlı rayonunda təhsilin keyfiyyətindən söhbət belə getməyəcək.

Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi imtahandan keçə bilməyən şəxslər hazırda Yardımlı rayonunda yerləşən orta məktəblərdə müəllim kimi işləyir. Bu işdə şöbə müdirinin marağının olması istisna edilmir. Buradan belə başa düşmək olar ki, şöbə müdiri Manaf Balışov birbaşa təhsil naziri Mikayıl Cabbarova saymazlıq sərgiləyir, nazirliyin keçirdiyi imtahanları şübhə altına alır və imtahandan keçə bilməyən insanı işlə təmin edir.

Təəssüf ki, Manaf Balışov barəsində mediada tənqidi yazılar getsə də, şöbə müdiri fəaliyyətində əsaslı dönüş etmir. Hələ ki, onun ünvanına deyilən tənqidlərdən nəticə çıxarmır.

Bundan başqa, şöbə müdiri büdcə vəsaitlərini təyinatdan yayındırır. Büdcənin hara xərcləndiyini yalnız Balışov bilir.

Bir sözlə, Yardımlı rayonunun təhsil sistemi uçurumun bir addımlığındadır. Təhsil Nazirliyinin rəhbərliyi bu şəxsin qeyri-qanuni əməllərinin qarşısını almasa, rayonun təhsili dibi görünməyən uçuruma yuvarlanacaq. Ümid edirik ki, nazir Mikayıl Cabbarov işinin öhdəsindən layiqincə gələ bilməyən və işinə məsuliyyətsiz yanaşan, qazanc mənbəyi kimi baxan Manaf Balışov barəsində lazımi tədbir görəcək.

Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Yardımlı rayonundan maraqlı məlumat əldə etdik. Mənbənin məlumatına görə icra başçısı Sevindik Hətəmov yola salındıqdan sonra rayonda yol verilən korrupsiya halları araşdırılacaq. İlk öncə təhsil sahəsində ciddi nöqsanların olduğu bildirilir. Hətta şöbə müdiri Manaf Balaşovun həbsi üçün hazırlıqlar getdiyi haqda xəbərlər səngimək bilmir.  Bir sözlə, Sevindik Hətəmov və Mahir Mirzəyevin oynu Təhsil Şöbəsinin müdirini bitirəcək.(dosye.org)

Oxunuş sayı 1659 dəfə
Şərh vermək üçün giriş edin
Top