Şənbə, 10 Oktyabr 2015 21:00

İsmayıllı təhsilində yalançı statistika

Xəbər verdiyimiz kimi xeyli vaxtdır ki, hesablama palatasının əməkdaşları İsmayıllı rayonunda idarə və müəssisələrdə maliyyə yoxlamaları aparır. 

Bununla bağlı “İsmayıllı təhsilində Hesablama palatasının aşkarladığı qanunsuzluqlar” başlıqlı yazımızda ətraflı bəhs etmişdik. Yoxlamanın aparılmasından belə görünür ki, hesablama palatası bütün idarə müəssisələrdə sonda hər şeyin qaydasında olduğunu bildirməklə yanaşı yoxlama apardığı müəssisələrin sudan quru çıxarılmasına çalışır. Əlbəttə, bu prosesi onlar havayı etmirlər. Necə deyərlər onların qara-qaşına, qara gözünə aşıq deyillər. Sadəcə əl əli yuyar, əl də qayıdıb üzü prizmasından yanaşırlar.

Məntiqlə fikirləşsək belə qənaət hasil etmək olur ki, hesablama palatasının fikri heç də dövlətin mənimsənilmiş vəsaitlərini üzə çıxarıb aidiyyatı tədbir görmək deyil. Əgər belə olmasaydı artıq neçənci müəllim və müəllimədir ki, məndən direktor yoxlama üçün məcburi 100 manat pul aldı deyib mediaya şikayət etməzdi. Allah axırını xeyrli eləsin, son günlər müdir Rasim Orucovun başının üzərində qara buludlar fırlanmaqdadır. Bu narazılar hesab etmək olar ki, artıq bu cür şıltaqlıqlara dözmək istəmirlər.

Bu narazılar belə qanunsuzluqlara görə də rayonda şikayət ediləsi ünvan da tanımırlar. Çünki yekunda özlərinin daha da sərt şəkildə cəzalandırılacaqlarını bilirlər. Təhsil sahəsindəki özbaşnalıqlar bununla bitmir. Təhsil şöbəsindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, İsmayıllı təhsilində istənilən qədər saxtakarlıqlar, izafi xərclər mövcuddur ki, hazırda onların ört-basdır olunması prosesi gedir. Təhsilə illik ayrılan maliyyə vəsaitləri lazımsız layihələrə xərclənir. Təhsil sektoru üçün alınan yumuşaq, bərk inventarlar bazar qiymətlərindən 3-5 dəfə baha qiymətə rəsmiləşdirilir. Tender elan etmiş kimi göstərilən Mmc-lər rayonda ayrı-ayrı təşkilatlarda işləyən məmurlara məxsusdur.
Tenderin sonunda güya ki, ən aşağı qiymətə olan inventar alınır. Ancaq bu inventarın bazar qiymətini araşdıranda görürsən ki, böyük şişirtmələr mövcuddur. Bu işlərdə böyük mənimsəmələr baş verir. İstismar vaxtı keçməmiş inventarlar yararsızdır deyə sənədləşdirilib silinir, satılır və yeniləri ilə əvəz olunur. Təhsilə aid oldu-olmadı, qəzet jurnallar üçün külli miqdarda vəsait silinir.

Mənbəmiz qeyd edir ki, əgər İsmayıllı təhsilində ezamiyyə, məzuniyyət, analıq məzunuyyətlərinə ayrılmış vəsaitlərə ciddi nəzər salınsa onda nələrin ortaya çıxacağı heç kəsdə şübhə doğurmaz. Təhsil şöbəsinin baş mühasibi Qahir müəllim dəfələrlə kollektiv içərisində öz etirazını bildirib ki, belə olmaz da, müdir bizim əlimizlə saxtakarlığa rəvac verir, ancaq bizə heç nə çatmır. Hazırda dərs ili yeni başlayıb. Rayon sakini ixtisasca müəllim olan şəxs cumhuriyyet.az-a bildirib ki, iş üçün müdir Rasim müəllimin yanında oldum, məndən 2500 pul istədi: “Məndə bu qədər pul olmadığına görə məcbur qaldım ki, ölkənin birinci xanımı, H. Əliyev fondunun prezidenti Mehriban Əliyevaya məktubla müraciət edim. Mənbəmiz qeyd edir ki, hazırda təhsil sahəsinə işə düzəlmək üçün müraciət edənlərdən pul alınır, pulsuz heç kəsin işi həll olunmur. Bu sahədə ərazisinə baxıb direktorlar rol oynayırlar. Pulu olmayanlar min bir bəhanə ilə uzaqlaşdırılır.

Necə deyərlər hazırda təhsil şöbəsində şıdırğı alver gedir. Mənbə. Mən uzun illərdir ki, təhsil şöbəsində çalışıram, bir neçə müdir dəyişdirmişəm. Bircə məsələdə Rasim Orucova çox sağ ol demək olar ki, keçmiş müdir Fərman Bəşirov dövründə saxta diplomlu şəxsləri, hətta texniki işçiləri belə rayon təhsilinə yerləşdirmişdi. Vaxtı ilə Fərman müəllim başqa bir şəxslə rayonda texnikom deyilən formal məktəb açmışdılar. Oranı bitirən, adını yaza bilməyən xeyli şəxsləri İsmayıllı təhsil sisteminə yerləşdirmişdi. Həmin dövr daha acınacaqlı idi. Baxın Rasim Orucov həmin əldəqayırma müəllimləri demək olar ki, tamamilə təhsildən uzaqlaşdırdı. Buna görə ona çox sağ ol demək lazımdır. Daha sonra diqqətinizə çatdırım ki, xarici dil söhbətində problemlər mövcuddur, elə kəndlər var ki, orada ingilis dili müəllimi işləyən şəxsin ingilis dilindən heç bir anlayışı yoxdur. Hardasa üç ay kursa gedib sertifikat alıb, pulunu verib məktəbə yerləşib. İndi də dərsə girib ya mürgüləyir, ya da telefonda iqra oynamaqla 45-dəqiqənin bitəcəyini gözləyir. Müəllimlərin psixoloji durumu da yerində deyil. Elə müəllimlərimiz var ki, onların özlərinə etik davranış qabiliyyəti aşılanmalıdır. Məsələn bu yaxınlarda böyük məktəblərdən birində oldum, təsəvvür edirsinizmi, məktəbin psixoloqunun özünün psixi problemi var. Məktəblərimizdə qeyri ixtisas müəllimlər istənilən qədərdir. Bütün bunlar kimi məsələlər rəhbərliyi düşündürmür.

Nə qədər yalan məlumat vermək olar?Axı bu yalançı statistikalarla hara gedib çıxmaq olar?

Məktəblərdə dərs keçirilmir. Müdir dəfələrlə bu kimi halların şəxsən şahidi olub. İsmayıllıda ali məktəblərə qəbul olunan abuturiyentlərin yüz faizi repititor yanına hazırlığa gedən uşaqlardır. Gəlin mərc gələk. Gələn ilin qəbul imtahanlarına kimi heç kimi repititor yanına getməyə qoymayaq. Əgər bircə nəfər ali məktəbə qəbul olunsa, onda mən adımı dəyişərəm. Ancaq təhsil nazirliyinə məlumat verilir ki, məktəblərdə təlim-tədrisin səviyyəsi yüksəkdir. Təhsilin yox, rüşvətin səviyyəsi yüksəkdir. Müəllimlər aylıq əmək haqqlarını tam şəkildə evinə apara bilmirlər. Çoxusu az əmək haqqı aldığına görə qəsdən dərs keçmir ki, qoy uşaq onun yanına əlavə hazırlığa gəlsin. Valideyn hər ay 20-30 manat verib uşağı hazırlığa göndərir, sonda ali məktəbə qəbul olunanda Rasim müəllim sinəsini qabağa verib deyir mənlikdir. Belə yalan olmaz axı.

Baxın dərs vaxtı ucqar kəndlərdən rayona hazırlığa gələn şagirdlər var. Bu halın özü qanunla qadağandır. Birdən o, şagirdin başına hansısa iş gəldi, onda kim cavab verəcək?Axı həmin an o dərsdə olmalıdır. Məktəb direktorlarına fikir verin. Maşallah hamısının altında bahalı avtomobillər, lüks yaşayırlar, dəbdəbəli evlər tikdirirlər. Baxırsan ki, bunun başqa yerdən gəliri yoxdur, bəs necə oldu ki, birdən-birə varlandı?Bəli, direktorlar hər ay hər bir müəllimdən, hər bir texniki işçidən aldığı məvacibə baxaraq haqq yığırlar. Onlar müdirin də payını çatdırmaqla özləri də tüklənirlər və günlərin bir günü görürsən ki, vaxtı ilə əyninə şalvar ala bilməyən birisi artıq mersedesdə gəzir.

Axı bu adam təhsilə, təlim-tədrisə necə can yandıra bilər?

Bir məsələni də qeyd edim. Məktəb direktorları adlarına bir neçə saat dərs yazdırırlar, ancaq ildə bir dəfə də olsa sinifə girmirlər. Bir də görürsən ki, tarix dərsini riyaziyyat, fizika dərsini fiziki tərbiyə müəllimi deyir. Belə olmaz axı. Bilirsiniz bu sözlər Rasim müəllimin xətrinə dəyə bilər. Ancaq bütün bu söylədiklərim acı da olsa həqiqətdir. Başa düşürəm düz söz həmişə acı olub. Təhsilimiz günü-gündən geri gedir, belə getsə rayonda 10-15 ildən sonra xeyli sayda savadsızlar ordusu yaranacaq. Boş-yersiz danışmaq, saxta sənədlərlə statistikaya yalan ifraz etməklə təhsilin səviyyəsi yüksəlmir. Əməli işə keçmək lazımdır. Hesab edirəm ki, islahat deyəndə Rasim müəllimin buna gücü çatmaz. Çünki pula, maddiyata olan sevgisi ona bu addımı atmağa imkan verməyəcək. Ən yaxşı halda ərizəsini yazıb çəkilməlidir. Yaxşı olar ki, bu addımı onun müavini də onun aylıq haqq yığan məsləhətçisi də atsın”.

İlqar Sadıqov

Oxunuş sayı 2010 dəfə
Şərh vermək üçün giriş edin
Top