Çərşənbə, 08 İyun 2016 22:00

Əziz Mikayılovun viran qoyduğu Sabirabad səhiyyəsi

Rayon Mərkəzi Xəstəxanasında ölüm halları necə ört –basdır edilir?

Baş həkim arxasında səhiyyə nazirinin və rayon İcra Hakimiyyəti başçısının dayandığını iddia edir

Əvvəlcə onu qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun korrupsiya əməlləri barədə mətbuatda kifayət qədər yazılıb.

Amma çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə isə Səhiyyə Nazirliyi israrla sükut nümayiş etdirir.

Məhz elə bu da Əziz Mikayılova Azərbaycan dövlətinin Sabirabad rayon səhiyyəsinə büdcədən ayırdığı vəsaiti mənimsəməyə, rayon sakinləri ilə istədiyi kimi rəftar etməyə, necə deyərlər, xəstəxanada bazar açmağa imkan verir. Baş həkimin "nazir mənim arxamda dayanıb, hara istəyirsiniz yazın, onsuz da heç nə edə bilməyəcəksiniz" hədələri də, bizcə, elə yuxarı təşkilatların laqeydliyindən qaynaqlanır. Nəticədə rayon camaatı digər instansiyalara müraciət etmək zorunda qalıb.

Sabirabad rayonu H.Ağayev küçəsi ev 10, mənzil 9-da yaşayan rayon sakini, II qrup əlil Ismət Əlvan oğlu Hüseynov Səhiyyə Nazirliyi tərəfindən səsinin eşidilmədiyini görüb, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək ondan kömək istəmək məcburiyyətində qalmışdır.

NUH.az-a daxil olan  məktubda səsləndirilənlər rayon xəstəxanası üçün tipik hal olduğuna görə həmin məktubu burada olduğu kimi vermək qərarına gəldik. Məktubda deyilir:

"Hörmətli Mehriban xanım, mən uzun müddətdir ki, bronxit və ağ ciyər xəstəsiyəm, maddi vəziyyətim olduqca ağırdır, ailəmizin gəliri mənim aldığım 50 manat pensiyadan ibarətdir. Dərman almaq məqsədi ilə dəfələrlə Sabirabad rayon Mərkəzi Xəstəxanasanın baş həkimi Əziz Mikayılovun qəbulunda olsam da, mənə heç bir köməklik göstərmir. Başa düşə bilmirəm, dövlət büdcəsindən dərman pereparatları almaq üçün ayrılan milyonlarla manat vəsait niyə Əziz Mikayılov tərəfindən mənimsənilməli, mənim kimi imkansızlar isə dava-dərmansızlıqdan ölməlidirlər? Dövlət qurumları niyə bu özbaşınalığa biganə yanaşır?

Hörmətli Mehriban xanım, ötən dəfə Sizə ünvanladığım müracitə də rayonda biganə yanaşıldı. Mənə şifahi xəbər göndərdilər ki, xəstəxanaya gəlim. Mən də düz dörd gün gedib -gəldim. Kabinetlərin birində qarşılaşdığım Məmmədağa Məmmədov adlı birisi bildirdi ki, səni ya baş həkim, ya da müavini Qalib qəbul edəcək. Amma məni heç kim qəbul etmədi. Qısası, Sabirabad xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmirlər, baş həkim Sabairabad səhiyyəsini idarə etməyi Rusiya bazarında nar satmaq kimi başa düşür. Ümidimiz yalnız Sizədir, Mehriban xanım".

Rayondan aldığımız digər məktublarda da bu və buna bənzər faktlar sadalanır. Məsələn, əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən müəyyən olunmuş dərman və ərzaq məhsullarının yalnız 0,25 faizi şöbələrə və kəndlərə verilir. Qış aylarında xəstəxanaların isidilməsi üçün ayrılmış neft məhsulları da mənimsənilir. Baş həkim Əziz Mikayılov 2009-2012-ci illərdə qeyri-qanuni şəkildə iki yerdə işləyib və əmək haqqı alıb. Baş həkim olanda da VTEK-də işləməyini gizlədib. Bunu Sosial Müdafiə Nazirliyi də təsdiqləyə bilər. Bizə çatan məlumata görə, baş həkimin qanunsuz əməllərindən rayon İH başçısının məlumatı var, amma "nədənsə” göz yumur. Səhiyyə Nazirliyində hələlik adını çəkmək istəmədiyimiz şöbə müdiri onu himayə edir, yəni baş həkimin qeyri-qanuni əməllərini nazirdən gizlədir.

Daha bir dəhşətli faktı qeyd edək, rayonda ana və uşaq ölümləri çox ciddi şəkildə gizlədilir. Məsələn, 1983-cü il təvəllüdlü Təhminə Təvəkkül qızı Aslanlı 20.11.2013-cü il tarixdə Sabirabad Regional Perinatal Mərkəzində bir oğlan uşağı dünyaya gətirib, lakin düzgün aparılmayan əməliyyata görə 7 gündən sonra ana dünyasını dəyişib. Fakt gizlədilib. Bir çox hallarda başqa rayonlarda doğulan uşaqlara da Sabirabad Regional Perinatal Mərkəzində arayış verilmişdir. Məsələn, Sabirabad rayon Kürkənd sakini Vüsalə Haxverdi qızı Məmmədova 09.08.2008-ci ildə Qobustan Mərkəzi Xəstəxanasında bir qız uşağı dünyaya gətirib. Həmin uşağa 15.08.2008-ci ildə 0073465 saylı "Doğum haqqında tibbi şəhadətnamə" də verilib. Lakin beş ildən sonra Qeydiyyat şöbəsi yenidən 103 saylı forma istəyəndə Məmmədovlar Qobustana getməyə əriniblər. 27.04.2013-cü il tarixdə 103 saylı formanı elə Sabirabad Doğum Evindən əldə ediblər. Necə? Yəqin ki, bunu qanunsuz arayışı verənlər özləri bilirlər. Bir məsələni də qeyd edək. Sabirabad PerinataL Xəstəxanasından xəstələr çox vaxt Şirvan və Bakının özəl xəstəxanalarına göndərilir. İstər-istəməz sual doğulur, niyə? Bunu orada çox şeyləri ört-basdır etmək imkamları ilə izah edənlər də var. Bir sözlə, bu yazıda Sabirabad rayon Xəstəxanasında baş verənlərin yalnız xırda bir qismi ilə sizləri tanış etdik. Növbəti yazılarımızda qapıları bağlı qalmış kənd xəstəxanalarındakı vəziyyətlə sizləri tanış edəcəyik!

Oxunuş sayı 1272 dəfə
Şərh vermək üçün giriş edin
Top