Bazar ertəsi, 03 Oktyabr 2016 22:00

ATU-nun müəllimi: Azərbaycan səhiyyəsində ciddi islahata ehtiyac yaranıb

Gələn ilin dövlət büdcəsində səhiyyə xərclərinə 775,8 milyon manat vəsait ayrılıb. Bunun dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,7 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 0,2 faiz bənd çoxdur.

Ayrılan vəsaitin 365,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 116,1 milyon manatı və ya 15,0 faizi poliklinikaların və ambulatoriyaların saxlanılmasına, 6,0 milyon manatı vəya 0,8 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 288,0 milyon manatı və ya 37,1 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Korrupsiya ölkə səhiyyəsinin inkişafını əngəlləyir

AzərbaycanTibb Universitetinin (ATU) müəllimi, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev məsələni Reyting.az-a şərh edərkən deyib ki, gələn il üçün nəzərdə tutulan büdcə və icmal layihələrində səhiyyə sahəsinə ayrılan vəsait cari ildən, cüzi də olsa, artıq planlaşdırılıb.

Əli Əliyev hesab edir ki, səhiyyənin əsas problemi ayrılan vəsaitin miqdarından asılı deyil, ümdə məsələ sahənin düzgün menecmentidir. Onun sözlərinə görə, təcrübə göstərir ki, YAP-ın ölkə üzrə tətbiq etdiyi siyasət, səhiyyədə də hakimidir. Bu siyasət isə yeni kapitalizm münasibətlər sistemində, hakim komandanın proteksionist, rüşvət və korrupsiyaya söykənən yanlış tərzində özünü doğrulda bilməz:

"Bu günlərdədünyanın nüfuzlu Bloomberq agentliyi əhalisinin sayı 5 milyondan yuxarı olan 55 dünya dövlətində səhiyyə sisteminin effektivlik reytinqini müəyyən edən tədqiqat aparıb. Azərbaycan 55 dövlətin siyahısında 53-cü yeri tutub. Bizdən geridə - sonuncu sırada iqtidarın əhəmiyyətli hissəsinin qibtə etdiyi Rusiya, ondan əvvəldə isə Braziliyadır.

Rusiyanın korrupsiyalaşmasını hamı dilə gətirir. Braziliyada isə korrupsiya qalmaqalı üzərində ölkənin prezidenti Dilma Ruseff zorən istefaya göndərildi.

Nümunələrdən göründüyü kimi, korrupsiya olan ölkələrdə səhiyyənin effektivlik əmsalı yüksək ola bilmir. Korrupsiya korroziya kimidir, təkcə göründüyü yerə ziyan vurmur, bütün sistemi dağıdır. Təsadüfi deyil ki, korrupsiyanı tibbi terminologiya ilə - "xərcəng"in atipik hüceyrələri ilə eyniləşdirirlər".

Ayrılan vəsaitin əhəmiyyətli hissəsi oğurlanacaq

Ə.Əliyev bildirib ki, vəsaitin ayrılma məbləği bizim halda ikincili əhəmiyyətə malikdir. Onun qənaətincə, ayrılan vəsaitin əhəmiyyətli hissəsi oğurlanacaqsa, onun məbləğinin önəmi yoxdur: "Ölkə səhiyyəsinə ayrılan vəsait pasientə tam olaraq çatmırsa, onun artırılmasına nə gərək var? İl ərzində xeyli sayda insanın, maddi çatışmazlıq ucbatından, zəruri tibbi xidmətə əli çatmırsa, belə siyasəti davam etdirməyin nə mənası?"

Partiya sədri qeyd edib ki, Səhiyyə Nazirliyinin sahə problemi hökumətin fəlsəfəsindən törəyir: "80 yaşlı hökumət başçısı olan bir dövlətdə hansı islahatlara getmək mümkündür? Səhiyyə Nazirliyi inqilabmı etməlidir, ayrıca götürülmüş bir nazirlikdə? Mümkünsüzdür".

"Sanki həkimlər üzərində sadizm həyata keçirilir”

Ə.Əliyev deyib ki, hökumət buraxılmalı, islahatlar haqqında siyasi qərar verilməlidir: "O zaman Səhiyyə Nazirliyinin necə fəaliyyət göstərməsinə qiymət vermək mümkün olacaq. İndi isə səhiyyə sahəsinin administratorları ökədəki ab-havaya uyub, "palaza bürünüb, sürünürlər".

Baxın, səhiyyə işçilərinin sertifikasiya prosesi həyata keçirilir. Birinci dəfə, təqribən 5-6 il əvvəl bunu bir dəfə edəcəkləri barədə söz verib keçirdilər. Sonradan sözlərini geri alıb, bunu hər 5 ildən bir edəcəklərinə qərar verdilər. Prosesi ağırlaşdırmaq üçün test suallarının yanına bu dəfə də məsələlər qoşublar. Kifayət qədər mürəkkəb dildə və üslubda tərtib edilən sorğu materialı yaşı kifayət qədər çox olan həkim heyətini stressə salmaqdan başqa heç nəyə xidmət etmir. Sanki həkimlər üzərində sadizm həyata keçirilir. İmtahanlara hazırlaşan həkimlər 5-6 ay stress şəraitində yaşamaq məcburiyyətində qalırlar. Belə depresiyon vəziyyətlərdə müxtəlif fəsadlara məruz qalan insanları şəxsən tanıyıram. Ölüm, infarkt, krizlər keçirən onlarla nümunə haqqında məlumatlarım var. Dövlətin diplomuna uyğun fəaliyyət göstərən 30-40 ilin həkimlərini repressiv tərzdə sıxışdırmaq nəyə və kimə xidmət edir? Bu, yalnız cəmiyyətdə xofun artmasına, insanların zülmə məruz qoyulmasına qulluqdan başqa bir şey deyil. Belə şəraitə məhkum edilmiş binəva həkim heyəti Səhiyyə Nazirliyinin bu "icad"ına 200 manat maaş almaq üçün dözmək zorundadır. Nəedə bilərlər ki? Yenidən peşələrinimi dəyişməlidirlər? Onsuzda rüşvətlə yaşamağa məcbur edilən həkim təbəqəsinin susmaqdan başqa yolu yoxdur".

Ölkədə tibbi sığorta tətbiq edilməli…

Partiya sədri onu da qeyd edib ki, səhiyyə sahəsində islahatlara zərurət var. Onun fikrincə, tibbi sığorta tətbiq edilməli, qanunvericilik sığorta səhiyyəsinə uyğunlaşdırılmalıdır: "İstədikləri zaman səviyyəli tibbi xidməti yarada bilirlər. Səhiyyə naziri əvvəlki iş yerində, yəni Diaqnostika Mərkəzi kimi tanınan tibb müəssisəsində nümunəvi tibb ocağı yaradıb. Söhbətlərə görə, bu gün də onun patronajı altında fəaliyyət göstərən həmin müəssisə beynəlxalq standartlarla qurulmaqdadır.

Eyni prosesi əvvəlki nazirin dəvaxtında müşahidəetmək olurdu. İnsanov özünün vaxtilə rəhbərlik etdiyi Ftiziatriya və Pulmonologiya İnstitutunda yüksək standartlar yarada bilmişdi.

Yaxud Respublika Onkoloji Mərkəzinin rəhbəri Cəmil Əliyevin gördüyü işlər müsbət sayılsa da, onun bu işlərin görülməsi üçün şəxsi nüfuzu və tutduğu digər vəzifə - Prezident Administrasiyasında Səhiyyə şöbəsinin müdiri postu həlledici rola malikdir.

Səhiyyənin bütövlükdə belə subyektivlikdən çıxarılması üçün qanunlar hakim olmalıdır. Şəxsi imkanlarına görə sahənin nüfuz dairələrinə bölgüsü lazım olmayan, bəzi hallarda ziyanlı nəticələrə gətirir".

Səhiyyə bosları dövlət vəsaitlərini müəssisə və şirkətlərin əli ilə mənimsəyir

Əliyevin sözlərinə görə, Bloomberq-in reytinq nəticələrində proteksionizmin əlamətləri olmamış deyil. Sahədə nüfuz çevrələrinin mövcudluğu, idarəçilikdə korrupsiya və rüşvətin özünə "sığınacaq" tapması, qanunvericiliyin günün tələbləri ilə ayaqlaşa bilməməsi fəsadlara yol açan səbəblər sırasındadır:

"Paralel olaraq, dövlət büdcəsində nəzərdə tutulan vəsaitin də məqsədli xərclənməməsinə bu amillər təsir göstərir. Səhiyyə bosları ayrılan dövlət vəsaitlərini onlara məxsus müxtəlif müəssisə və şirkətlərin əli ilə "yuya" bilir. Ona görə də, səhiyyəyə bağlı işləri dəyərləndirmək üçün, diqqəti məbləğə deyil, onun necə idarə olunmasına yönəltməyi düzgün sayıram. Pulun məbləği əsas yox, ikinci dərəcəli məsələdir. Təbii ki, dövlət büdcəsi tədqiq edilməli və onun xərclənməsi üzərində ictimai nəzarəti həyata keçirilməlidir".

Partiya sədri sonda qeyd edib ki, mətbuatın da bu işdə rolu mühümdür. Eyni zamanda mətbuat sistem qüsurlarını da nəzarətdə saxlamağı bacarmalıdır.

Oxunuş sayı 1567 dəfə
Şərh vermək üçün giriş edin
Top