Çərşənbə axşamı, 10 May 2016 22:00

At əti leş ətinə qarışıb - Hüquq müdafiəçisi şeyxi köməyə ÇAĞIRDI

At əti sağlamlıq üçün zərərli deyil.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda (“Vosmoy bazarı”) və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan “Delikat” və “Nur” əmtəə nişanlı kolbasa məmulatları aşkar edilib. Araşdırmalardan sonra həmin məhsulların tərkibində sağlamlığa zərərli at əti müəyyən olunub. Bundan başqa Daxili İşlər Nazirliyinin Daxili İşlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ağdaş rayonunda keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

At əti sağlamlıq üçün nə dərəcədə zərərlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov son günlər müzakirə mövzusu olan leş ətlərilə bağlı bildirir ki,əslində at əti insan sağlamlığı üçün təhlükəli deyil:

“Bizdə at yıxılıb öləndə onun ətini itə verirlər. Amma görünən odur ki, bizə də yedirirmişlər. Son məlumatlar göstərdi ki, bu hal istisna edilmir. Axır zamanlar baytarlıq praktikasının apardığı siyasət ona yönəlib ki, at əti də yeməlidir. Amma nəzərə alınmalıdır ki, at ətindən hazırlanan yeməklər Azərbaycan mətbəxi üçün ənənəvi deyil. Bu fikrə əsasən hərəkət etsək, belə çıxacaq ki, bir azdan eşşək ətini də, it ətini də yeyə bilərik. Mənim əlimdə 1962-ci ildə hazırlanmış SSRİ vaxtına aid rəsmi sənəd var. Həmin dövrdə 15 respublika arasında Azərbaycan eşşək ətinin yeyilə bildiyi ölkə kimi qeyd olunub. Mən əminəm ki, bunu ermənilər hazırlayıb. Amma həmin sənəd bu vaxta qədər təkzib olunmayıb. Həmin sənəd mənim əlimdədir. Bu ermənilərin azərbaycanlıları vəhşi xalq kimi qələmə verməsi istəyindən yaranıb”.

At ətinin yeyilməsinə gəlincə, E.Hüseynov Azərbaycanda at xəstəliklərinin öyrənilmədiyini bildirib:

“Məsələn, biz Qazaxıstan deyilik ki, at xəstəlikləri öyrənilsin. Onların milli yeməkləri məhz at ətindən hazırlanır. Necə ki, bizdə inəyin, qoyunun xəstəlikləri öyrənilib tədqiq edilir, onlarda da atın əti eləcə tədqiq edilir.

At əti Azərbaycanda yeməli sayılmır. Baxmayaraq ki, baytarlıq orqanları mesaj verirlər ki, at əti təhlükəli deyil, ölkəmizdə bu ətin yeyilməsi məqbul sayılmır. Onlar bildirir ki, at əti insan həyatı üçün təhlükəli sayılmır, yalnız istehlakçıları aldatmamaq üçün bu ətdən istifadə edilə bilməz.

Çnüki, bizdə at ətindən istifadə qanuni deyil. Bu pozuntuya görə isə çox kiçik məbləğ 200 manat cərimə nəzərdə tutulub. Bu fonda mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin apardığı iş prinsipini çox yüksək qiymətləndirirəm. Onlar cərimələrə yox, artıq həbslərə başlayıblar. Bildirirəm ki, bu mövqe düzdür. Son 4-5 ayda hökumət tərəfindən biznes qurumlarına, sahibkarlara, iş adamlarına (2 il müddətinə yoxlamaların dayandırılması) yaradılan şəraitdən geniş istifadə olunur, toxunulmazlıq prinsipindən sui-istifadə edilməyə başlayıb”.


Maraqlıdır, bəs leş ətlərinin sifarişçisi kimdir?

Hüquq müdafiəçisi deyir ki, Baytarlıq İdarəsi sifarişçilərin kimliyini açıqlamır:

“Axı heç kəs 20 ton əti boş yerə Bakıya gətirməz. Tələb yoxdursa, təklif meydana gələ bilməz, belədirsə, anormal haldır”.

E.Hüseynov bu məqamda rüşəvət amilini istisna etməyib:

“Ola bilər ki, hansısa qurumlar rüşvət müqabilində onları susmağa vadar edir. Amma istənilən halda sifarişçi açıqlanmalıdır.

Bu gün Azərbaycana Hindistan, Braziliya, Pakistan, Gürcüstandan ətlər gətirilir. Əslində xaricdən məhsul gətirilməsi normal haldır. Çünki, azad bazar iqtisadi şərait də bunu diqtə edir.

Mən hesab edirəm ki, Allahşükür Paşazadə dini lider olaraq bu işlərə son qoya bilər. Murdar ətlərin camaata satılmaması üçün mesaj verməlidir. Dini lider kimi bu işin günah olduğunu əsaslandırmalıdır”.

E.Hüseynov deyir ki, əvvəllər leş əti satanlar 7-ci nəslinə qədər qınaq obyektinə çevrilirdi. Amma indi...

“Onun “başına vururdular” ki, “sənin ulu baban murdar ət satıb”. Bu nöqteyi-nəzərdən din xadimlərinin işə qarışmasını təklif etmişəm. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, ictimai nəzarət bir nömrəli məsələdir. Bakıdan rayonlara ezam olunmuş polis əməkdaşları onları ifşa edir, ancaq yerli İcra hakimiyyətləri, bələdiyyələr, polis şöbələri susqunluq nümayiş etdirirlər. Bəs bunu necə başa düşək? Günahkarı harda axtaraq?!”.
(modern)

Oxunuş sayı 1895 dəfə
Şərh vermək üçün giriş edin
Top