Çərşənbə axşamı, 19 Aprel 2016 22:00

"MTN işi" ilə bağlı daha bir iddia: deputatı Akif Çovdarovla nə bağlayır?

Akif Çovdarovun biznes ortağı olan deputat müxtəlif yollara baş vurmaqla diqqətləri üzərindən yayındırmağa çalışır

MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən bu şəxsin məsuliyyətə cəlb olunması an məsələsidir 

70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevlə bağlı xeyli sayda qalmaqallı məlumat mövcuddur. Həmin məlumatların əksəriyyətinin əsasında dəqiq və konkret faktlar dayanır. Məsələn, bir müddət əvvəl deputatın MTN-nin həbsdə olan generalı Akif Çovdarovla əlaqələri barədə silsilə yazılar dərc olunmağa başladı. 

Bildirildi ki, deputat Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra yaxın qohumu həbs olunub: «Millət vəkilinin bacısının əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə, hələlik yaxasını kənara çəkə bilib». 

Həmçinin vurğulanır ki, Nəriman Əliyevin «Nur M» şirkəti uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərib. Bu şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub. Hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib. İddialara görə, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da var. 

Məlumata görə, deputatın işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub: «Çovdarov olayına görə, təkcə deputatın kürəkəni deyil, həmçinin biznes ortağının şirkətdəki daimi nümayəndəsi də yaxalanıb. Onlara qarşı hansı maddə üzrə cinayət işinin açıldığı isə hələlik məlum deyil». 

Gundelik-baku.com-un araşdırması zamanı məlum olub ki, məlum hadisələrdən sonra deputatın biznes şəbəkəsinə ağır zərbə dəyib və ona məxsus "Ştutqart" mağazalar şəbəkəsi iflas həddindədir: «Belə ki, bu məsələlərin üstünün açılmasından sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Yaxın günlərdə ümumiyyətlə mağazalarının hamısını bağlayacağı da yayılan məlumatlar sırasındadır. Hazırda "Ştutqart" mağazalarını deputatın yaxın qohumları işlədir. İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazaların kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart" mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. 

Himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədiyi üçün böyük ziyana düşdüyü deyilir». Bu arada, deputat bir müddət əvvəl Masallıda bir neçə böyük biznesmenlə üz-üzə gəlmək məcburiyyətində qalıb. Belə ki, hazırda Nəriman Əliyevlə Masallı Kərpic zavodunun müdiri Fəxrəddin adlı iş adamının maraqları ciddi şəkildə toqquşub. Eyni zamanda deputatın rayonun polis rəisi Nəriman İmanov və tanınmış iş adamı, "Embawood” şirkətinin sahibi Məşur Məmmədovla da münasibətləri gərginləşib. 

Vəziyyət o həddə çatıb ki, deputat rəqiblərinə qarşı kompromat savaşına başlayıb. Məlumatda deyilir ki, adıçəkilən şəxslərə qarşı Nəriman Əliyev zaman-zaman mənfi münasibət sərgiləyib. Masallıdan Milli Məclisə mandat alan Əliyev rəqiblərinin Masallıda nüfuz qazanmasını heç cür həzm edə bilməyib və vaxtaşırı onlarla bağlı müəyyən dairələrə məlumat ötürüb. 

Görünən odur ki, Nəriman Əliyev hazırda bir neçə tanınmış iş adamını hədəfə alıb. Ən son məlumatlarda isə bildirilir ki, rəqibləri biznesmen-deputatın bu özbaşınalıqlarından hüquq-mühafizə orqanlarına, həmçinin Milli Məclis rəhbərliyinə müraciət etməyi düşünürlər. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. (Gundelik-baku.com)

Oxunuş sayı 1267 dəfə
Şərh vermək üçün giriş edin
Top