Çərşənbə, 26 Yanvar 2022 22:12

Yunis Səfərov həbsdə aclığa başladığını açıqladı

"Bu adamların heç birinin günahı yoxdur”

 Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
Yanvarın 26-da keçirilən məhkəmə iclasında Yunis Səfərov bildirib ki, yanvarın 23-dən aclıq aksiyasına başlayıb. 
Onun sözlərinə görə, bu yolla "mütəşəkkil cinayətkar dəstə” ittihamına etiraz edir. 
Yunis Səfərov bildirib ki, Elmar Vəliyevi əhaliyə zülm elədiyinə görə vurub və bu addım onun təkbaşına təşəbbüsü olub.
Hüquq-mühafizə orqanları baş verənlərə başqa don geyindirmək üçün məsələyə heç bir aidiyyəti olmayan adamları həbs edərək, onları mütəşəkkil cinayətkar dəstənin üzvləri kimi təqdim edib, adamlardan işgəncə altında bir-birinin əleyhinə ifadələr alıb: "Bu adamların heç birinin günahı yoxdur”.
Yunis Səfərov onu da bildirib ki, məhkəmədə çıxış etmək üçün hazırladığı mətni istintaq təcridxanasında əlindən alıblar: "Bu da ciddi qanun pozuntusudur”.
Hakim bildirib ki, növbəti məhkəmə iclasında da ona çıxış etmək üçün imkan yaradılacaq.
Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev hüquqlarını müdafiə etdiyi şəxsə qarşı 30-dan artıq maddə ilə irəli sürülmüş ittihamların əksəriyyətinin əsassız olduğunu və sübuta yetirilmədiyini bildirib. Vəkilin sözlərinə görə, Yunis Səfərovun əməli Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməlidir.
Təqsirləndirilən şəxslərdən Firudin Zeynalov, Vüqar Məmmədov, Mahir Əzizov və digər təqsirləndirilən şəxslər, eləcə də onların vəkilləri çıxış edərək, birinci instansiya məhkəməsində hakimlərin heç bir araşdırma aparmadan ittiham aktının hökmə köçürüldüyünü, sifarişlə Yunis Səfərov və digərlərinə cəza verildiyini vurğulayıb:
"Mahir Əzizova 20 il həbs cəzası verilib. Yazılıb ki, radikal dini dövlət yaratmaq istəyib. Guya radikal şiədir. Əslində isə bu adam süni təriqətinə mənsubdur, hətta şiələrlə mübahisə edib. Bu qədər absurd olmaz…”
Məhkəmə prosesi fevralın 8-də davam edəcək.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası verilib.
Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb. 
Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir. O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb:
"Əgər biz mütəşəkkil dəstə olsaydıq, evlərdən orada yazıldığı qədər silah-sursat çıxsaydı, Elmar Vəliyevi vurmaq üçün silahı polisdən niyə götürüb qaçırdım? Yaxud da niyə icra hakimiyyətində bu işi görürdüm, elə dəstənin üzvlərindən biri Elmar Vəliyevin getdiyi yerləri, evini müəyyənləşdirərdi, orada eləyərdim. İttihamda yazılanlar cəfəngiyyatdır”.(Meydan TV)
Oxunuş sayı 737 dəfə
Şərh vermək üçün giriş edin
Top