Çərşənbə, 15 Sentyabr 2021 22:17

Azay Quliyevlə Vüsal Quliyev "toqquşdu", Fuad Dərgahlı istefa verdi

 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Fuad Dərgahlının istefa verdiyi bildirilir.

Bu barədə Xeberinfo.de-yə Agentlikdəki mənbə məlumat verib. Mənbə bildirib ki, onun istefasına səbəb Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevlə müavini, Prezident Adminstrasiyasının əməkdaşı Vüsal Quliyev arasında işçi heyəti ilə bağlı yaranan qarşıdurmadır. Belə ki, bir qrup köhnə heyətin qalmasını istəmir, çünki indiyə qədər olan neqativ hallarda onların adı hallanıb. Onlar obyektiv görünmək naminə yeni heyət formalaşdırmaq istəyirlər. Digər bir qrup isə (əsasən, Azay Quliyevin tərəfdarları) köhnə heyətin qalmasında maraqlıdır. Bütün bu ikitirəlik isə Vüsal Quliyevin təkidi ilə icraçı direktor təyin olunan Fuad Dərgahlını (Vaqif Dərgahlının qardaşı) istefa verməyə məcbur edib. Amma həm Azay Quliyev, həm də Vüsal Quliyev məlumatın ictimailəşdirilməsinin qarşısını alıblar.

Mənbə deyir ki, Agentlikdə hazırda vəziyyət belədir: ştatda olanlar kənarda qalıb, statdankənarlar işə götürülür. Onun sözlərinə görə, Vüsal Quliyev də öz adamlarını işə götürür, hətta Müşahidə Şurasında da bu məsələnin müzakirə ediləcəyi gözlənilir. O deyir ki, sentyabrın 16-da keçiriləcək iclas qalmaqallı olacaq. Çünki Azay Quliyevin yaxın qohumları, bacısının kürəkəni Rövşən Həmidov, digər yaxın qohumu Şahin Məhərrəmli və Bəhram adlı şəxsin sentyabrın 16-da keçiriləcək iclasda təsdiq olunacağı bildirilir.

Oxunuş sayı 299 dəfə
Şərh vermək üçün giriş edin
Top