Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, ictimai xadim Jalə Cəfərova xalq artisti Afaq Bəşirqızına açıq məktub yazıb. Xeberinfo.de həmin məktubu təqdim edir:
Salam, Afaq xanım!
Sizə müraciətimin bir çox səbəbi olsa da, yalnız onunla kifayətlənəcəm ki, bir neçə saat öncə radio dalğalarındakı çıxışınızı ( özünümüdafiə bu yerdə daha uyğun ifadə olardı) dinlədim. İçimdəm qopan acı təəssüf hisslərinə qarışmış, göz yaşlarım məni qeyri-ixtiyarı uzaq keçmişə qaytardı. İllər öncə ADP-nin üzvüydüm və hər ay demək olar ki, siyasi mövzulardan əlavə milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan elm, sənət adamlarını unutmamaq, onlara qayğı, diqqət göstərmək üçün gecələr keçirdərdik. Təvazökarlıqdan çox-çox uzaq olsa da, hamı bilirdi ki, bu gecələrin, görüşlərin təşəbbüskarı, təşkilatçısı mən idim. Yeri gəlmişkən, Məmməd Araz, Rasim Balayev, Arif Məlikov, şair Əli Kərimli, professor–cərrah Nurəddin Rza, Hamlet Xanızadə gecəsi və bu qəbildən olan sayını bilmədiyim neçə-neçə ədəbi-bədii gecələr. Bir gün sizə telefon açıb özüm haqda məlumat verib əlavə etdim ki, “Bəşir Səfəroğlu mədəniyyətimizin silinməz iz qoymuş sənətkarlarından biridir. Yubileyi yaxınlaşır, çox istərdik, gecənin keçirilməsində mənəvi yardım edəsiniz və hansı tarix sizi qane edəcəksə, mən bütün işləri o zamana kökləyəcəm” Aldığım cavab çox qısa oldu…” Jaləcan, mən sənə iki-üç günə cavab verərəm” deyib dəstəyi asdınız. Ancaq mənimlə telefonda o qədər səmimi danışdınız ki, necə deyərlər, bir az gec, bir az tez mütləq “hə” cavabına kökləndiyim üçün bir neçə gün ərzində ssenarini də hazırladım... Aradan beş gün keçdi... Zəng gəlmədi... On gün sonra sıxıla-sıxıla sizə zəng etdim… İllər sonra bir yas mərasimində üzbəüz əyləşmişdik. Mehriban danışığınızdan ürəklənib atanızın yubiley gecəsinin keçirtmək istəməməyinizin təkcə məni deyil, sizə inanan neçə-neçə insanı xəyalqırıqlığına uğratdığınızı xatırlatsam da, “Mən elə demək istəmirdim“ deyib söhbəti dəyişdiniz… Sizə bir daha mənə gecənin keçirilməməsiylə bağlı verdiyiniz “öyüd-nəsihət”lərinizi xatırlatmaq məcburiyyətindəyəm... ”Ay Jalə, ay qızım, çox sağ ol, çox sağ ol ki, Bəşir Səfəroğlunu unutmursunuz. Vallah buna dəyər verirəm. Hə, gülmə bildim, soruşdum kimsən, kimlərdənsən. Ancaq məndən də çox bilməzsən bu həyatı. Gül kimi qızsan, nə işin var, o siyasi partiyada, hə? Get, otur bir qəzetdə jurnalistliyini elə də. Ay qurban olum, mənə sabah deməzlər ki, Bəşir Səfəroğluyçün yer yox idi, yubiley keçirtməyə? Bunun sabahı var qızım. Qoy qalsın, xoş günlərə, görək, başımıza nə gəlir? “ Həyəcandan bütün vücudum titrəyirdi. Yalnız bunları deyə bildim. “Müxalifətin bura nə dəxli var? Ay Afaq xanım, sizdən bu cavabı gözləməzdim . O zaman gecəni sizsiz keçirməli olacayıq.” Fikrimi bitirməmiş “Yox, yox, ay qurban olum! Niyə başa düşmürsən? Bunun ağrısını çəkmək istəmirəm. Özü də küsmə. Böyük ürəyin var. Hiss edirəm. Qalsın başqa vaxta “deyib dəstəyi asdınız. Hə, necə deyərlər, anlaşılan bu ki, siz heç həm də heç dəyişməmisiniz. Elə həmin Afaq Bəşirqızısınız.
Afaq xanım, mən nə hakiməm, nə də sizin bu gün evindən-eşiyindən didərgin düşən minlərlə (əslində milyonlarla) insanların ünvanına söylədiyiniz aşağılayıcı fikirlərinizə açıqlama istəmirəm. Məni üzən, üzdükcə bir də üzən bilrsiziniz nədir? Sizin kimi “ziyalı” ordusuyla bu xalq heç vaxt birlik olub birləşməyəcək. Ziyalı kimdir, necə olmalıdır, düsturunu da həll etmək fikrindən uzağam. Sadəcə mənim də sizə demək istədiklərim var. Məsləhət kimi çıxmasın, “evdəqal” fürsətindən yararlanıb, bağ havasını ciyərlərinizə çəkdikcə hərdən bir köşəyə çəkilib, öz tariximizin, eyni zamanda, dünya xalqlarının tarixini vərəqləyin. O zaman ki, Xalqın ən çətin, zor durumunda ziyalı zümrəsi çiynini xalqına dayayıb ağlıyla, cəsarətiylə onunla birgə məşəqqətli, əzablı yollardan keçərək işıq gələn tərəfə gedir, o xalqlar azadlıqlarına qovuşurlar. Axı, kənd, rayon əhli niyə köçünü şəhərə salır, sualının cavabını hamı kimi siz də bilirsiniz. Bilirsiniz! Həm də çox gözəl bilirsiniz! Axı, özünüzü ziyalı hesab edirsiniz! Bütün özbaşınalıqlara, çirkinliklərə göz yumursunuz. Haqlı iradın tabına bircə gün də dözə bilmədiniz. Elə hey “möhtəşəm” çıxışınız təkrarlanır. Ziyalı ədalət və haqq tərəzisində öz şəxsi mənafeyini hər şeydən yüksəkdə tutacaqsa, haqqı görə-görə zalım güclüdür, deyib boyun əyəcəksə, o məmləkətdə zülm ərşə qalxar və necə ki qalxıb. Bu gün nəinki analar zirzəmilərdə uşaq dünyaya gətirir, bir qarın çörək üçün sütül qızcığazların səsləri barlardan, otellərdən gəlir. Televiziyalarda (iki-üç təqdimatdan başqa) təpədən–dırnağa mənəviyyatımızı aşağılayan proqramlara “iyrəndik” deyib qapadırıq, 20-25 il sanki evinin kupçası kimi milli məclisdə yuxulayıb yuxusunda milyonlarını sayan zillət vəkillərini, ”məhkəmə “ sehrbazlarını, oyunbazlarını, adam oğrularını, həbsxanalardakı ərşə qalxan zülmləri doğurdanmı görmürsünüz?
Dedim axı, çox gözəl görürsünüz, lakin, elə bu lakinlə də bitirirəm. Bəli, bütün bunları görə-görə susmaq elə sizin kimi “ZİYA”lıların həyat fəlsəfəsidir. Çoxları sizin monoloqunuza təəccüb, təəssüf və hiddət sərgiləsə də, mən təəccüblənmirəm. Yalnız acı təəssüf hissi hələ də içimi göynədir. Nüfuzu almırlar, qazanırlar. Ziyalılıq ağır yükdür, bəli, ancaq bu heç də sinənizə taxdığınız orden-medalların ağırlığı anlamına gəlməz. İllərlə haqqı tapdanan, əzilən, söyülən, aşağılanan xalqıma da deyəcəklərim var. Bu gün bizə edilən haqsızlıq illərlə günahsız insanlara qarşı edilən haqsızlıqları görməzdən gəlməyimizin nəticəsidir. Qoy, hər kəs özünə hesabat versin! Harda, nə vaxt vicdanı, mənəvi borcumuzu başa düşsək də, kimlərin, nələrin xatirinə iradi zəiflik göstərib susmuşuq?
P.S. Hər saatdan bir səsləndirilən “açıqlama”nızı dinlədikcə bir atalar sözü qulağımda cingildəyir “Soğan yeməmisinizsə, içiniz niyə göynəyir?”
Jale Ceferova