Bazar, 22 Dekabr 2019 14:52

Axund şah İsmayılı quldur kimi təqdim etdi - VİDEO

Ölkədə vəziyyət gərgindir, Əliyev hakimiyyəti dövründə heç zaman müşahidə olunmayan hadisələrə şahidlik edirik. Seçki seçkiyə qarışıb, həbslər də gündəmi bəzəyir.

Belə bir vəziyyətdə qarşıma maraqlı video çıxdı. Sumqayıt şəhəri Cümə məscidinin axundu Hacı Rauf adlı bir şəxs şah İsmayıl haqqında bir hadisə nəql edir, tarixi şəxsiyyətimizi quldur kimi tanıtdırır.

Guya bir yaşlı kişi Şahın hüzuruna gəlir və bir nəfərin qızına təcavüz etmək istədiyini bildirir. Şah da şəxsən özü gedib, pusqu qurur və həmin adamı bir qılınc zərbəsilə öldürür. Sonra öldürdüyü adamla qohumluq əlaqəsinin olmadığını görüb, şükür namazı qılır, hətta qocanın süfrəsində əyləşib, təamlardan da dadır.

Hacı Raufun bu hadisəni danışmaqdan məqsədi nədir, başa düşmədim. Amma anladığım odur ki, Xətai haqqında yanlış düşüncələrə yol aça biləcək uyduma və məntiqsiz nağılla Cümə xütbəsini yola verir.

Əvvəla, Şah İsmayıl Xətai böyük və güclü bir dövlətin yaradıb, rəhbərlik edib, dövrünün ən nüfuzlu şahlarından biri olub. Bir qocanın sözüylə kimisə öldürməsi, onun şəninə uyğun deyil. İkincisi, fərz edək ki, belə bir təhdid var idi və həmin qoca da şaha şikayət etmişdi, o adamın dindirilmədən, məsələnin əsası öyrənilmədən öldürülməsi, hansı qaydaya uyğun idi?

Üçüncüsü, fərz edək ki, öldürülən şəxs qocanın qızını təhdid edirdi və günahı da sübut olunmuşdu, niyə dövlətin məhkəməsi, qazisi höküm oxumadan, məhz şah özü adamı qaranlıqda öldürməliydi?

Şah İsmayıl elə bir dövlətin başçısı olub ki, onun məhkəməsi, qazisi, cəlladı var idi. Dövlət də bəlli qaydalarla idarə olunurdu. Hörmətli Rauf əfəndi şah Xətaini dövlət başçısı kimi deyil, quldurbaşı kimi təqdim edir. Bəlkə də uydurulan hadisənin fərqinə varmır. Lakin bilməlidir ki, Cümə xütbəsində belə nağıllar danışılmaz.

Mən Rauf əfəndini şəxsən tanımıram, onun bir neçə xütbəsini dinləmişəm. Gəldiyim nəticə budur ki, Rauf əfəndi Cümə xütbələrini yola verir, vaxt öldürür. Xub, ölkədəki siyasi vəziyyəti nəzərə alıb, hacı Raufun yolavermə cəhdini də anlamağa çalışaram. Bəs, tarixi şəxsiyyətimiz haqqında həqiqətə uyğun olmayan uydurmalar danışıb, niyə şanlı tariximizə, görkəmli şəxsiyyətimizə böhtan atır? İnsanlar durduğunuz yerdən utanıb, etiraz etməyə bilərlər, bu, o demək deyil ki, siz də, vaxt öldürəsiz. Gedin, mütaliə edin, oxuyun, xütbəyə hazırlaşın. O zaman uydurulmuş hadisələr danışıb, tarixi şəxsiyyətlərimizi gözdən salmağa ehtiyac olmayacaq.

P.S. Rauf hocanın bilərəkdən belə bir addım atmasını iddia etmirəm. Lakin nəticə dəyişmir.

Cavid Cabbarlı

Oxunuş sayı 796 dəfə
Şərh vermək üçün giriş edin
Top