Cümə, 13 Sentyabr 2019 21:00

İlhamı diktator adlandırmaq intihara cəhd etməkdən çətindirmi?

Daha bir soydaşımız Almaniyada intihara cəhd edib. Çox üzücü xəbərdir.
Səbəb ölkəyə qaytarılma qərarıdır. Sığınacaq üçün etdiyi müraciətə baxılıb, təqdim etdiyi faktlar tutarlı və inandırıcı olmadığı üçün geri qaytarma qərarı çıxarılıb. Bu, prosesin hüquqi tərəfidir.
Niyə intihar, niyə ölmək istəyi?
Bütün halda intihara cəhd yanlış qərardır. İntihar yolunu seçməkdənsə, mübarizə aparmaq daha faydalı olmazmı? Siyasi motivlərlə ölkəni tərk edirsənsə, niyə heç bir siyasi tədbirə qatılmır, zülmündən qaçdığın rejimin əleyhinə bir kəlmə demirsən?! Özünü yandıran şəxsin vəziyyətinin ağır olduğu deyilir, yaxınları gərgin durumda. Şəxsən adamı tanımıram, onun hansı tədbirə qatılıb, qatılmadığını da bilmirəm. Amma ümumi mənzərə budur ki, intihara cəhd halları çoxalır və insanlar düşünürlər ki, hansısa hərəkətlərilə oturum ala biləcəklər. Bu yanaşma kökündən səhvdir.
Azərbaycanda vəziyyət çox ağırdır və insanlar məcburiyyətdən ölkəni tərk edirlər. Qəsbkar hakimiyyət, zalım rejim ən ağır işgəncələrə məruz qoyur insanları. Bu məsələlər müzakirə olunmayacaq qədər aydındır. Lakin, amma özünə qəsd eləmək heç nəyi dəyişdirmir. Bu gün Berlinin mərkəzində sülalə hakimiyyətinə qarşı etiraz akisyası təşkil eləsək, 100 mühacir gəlib etiraz etməyəcək. Rejimə etiraz etmək, İlhamı diktator adlandırmaq intihara cəhd etməkdən çətindirmi?
Əziz mühacir soydaşlar, çıxış yolumuz davamlı etirazdır. Alman məmuruna əsəbləşib intihara cəhd etmək yaxşı təqdimat deyil. Nə də bu cəhd oturum almaq üçün vasitə ola bilməz.
Gəlin müzakirə edək, Avropada yaşayan siyasi mühacirlər davamlı kütləvi aksiyalar təşkil etsək, tezliklə müsbət nəticəyə çatmarıqmı? İstədiyimiz ölkədə və şəhərdə etiraz aksiyası keçirə, sülalə hakimiyyətini ifşa edə bilərik.
İntihara cəhd və digər vasitələrlə oturum almaq istəyən soydaşlarımız, sizi doğmalarınızdan ayrı salan rejimi ifşa etmək istəyirsinizsə, mübarizəyə qoşulun, etiraz səsinizi ucaldın.
Bu vasitə həm də VƏTƏNimizi xilas edən yeganə vasitədir..!

Oxunuş sayı 936 dəfə
Şərh vermək üçün giriş edin
Top