Cümə, 05 İyul 2019 00:32

Heydər Əliyevin sərəncamına niyə əməl olunmur? - Sərəncamın mətni

Keçmiş baş nazir Pənah Hüseyn facebook səhifəsində Heydər Əliyevin Xəzər dəniziylə bağlı sərəncamının mətnini yayıb.

Xeberinfo.de həmin sərəncamı təqdim edir: 

"Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə

dair bəzi tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son vaxtlar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilmiş, dənizin içinədək hündür hasarlar çəkilmişdir. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılmışdır.

Ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı, 50-ci və 74-cü maddələrini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırılsın ki: [1]

Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər:

həmin torpaqlar hüquqi və fiziki şəxslərin istifadəsindən geri alınarkən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsində göstərilmiş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istirahət və turizm məqsədləri üçün daha səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi ilə birlikdə təkliflər hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncamın 1-ci bəndində göstərilən icra hakimiyyəti orqanları verilən tapşırığın icrası barədə Azərbaycan Respublikasının Prezidentinə hər ay məlumat təqdim etsinlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2003-cü il
№ 1122"

Oxunuş sayı 709 dəfə
Şərh vermək üçün giriş edin
Top