Cümə, 21 İyun 2019 18:59

Allah xalqımızı bu polisbaşından amanda saxlasın!

Təqribən 3 il əvvəl Hüseyn Bakıda capueira idman növünə gedirdi. Yeni və bir qədər də fərqli idman olduğu üçün aylıq ödənişi də 50 AZN idi. Hüseynlə eyni zalda məşq edən uşaqların əksəriyyəti bahalı maşınlarda və sürücülərlə gəlirdilər. Bircə biz, bir də Azər adlı bir uşağın valideynləri maşınsız idi. Lakin zalın ən aktiv uşaqları da Hüseynlə Azər idi. İkisi də Milli Komandanın üzvü idilər, az vaxtda xeyli nailiyyətlər qazanmışdılar. Məsələn, Zakir Həsənovun Zakir adlı nəvəsi və bir neçə polis rəisinin uşaqları da gəlirdilər. Xaçmaz rayonunun polis rəsinin uşağını xüsusi avtomobildə Xalası oğlu gətirirdi. Təqribən 25 yaşında olan gənc xüsusi polis dəstəsində çalışdığını deyirdi. Onun atası hansısa rayonun icra başçısı idi, xalası əri də Xaçmazın polis rəisi.
Əlqərəz, adını unutduğum o gənc polisin dediyinə görə, birbaşa Vilayət Eyvazovun rəhbərlik etdiyi dəstələrlə xüsusi əməliyyatlar keçirirlər. Əsasən, biznesmenlərə və müxalifətçilərə qarşı aparılan əməliyyatlarda iştirak edən gənc deyirdi ki, Vilayət Eyvazov şəxsən özü göstəriş verir və biz də əməliyyata gedirik. Xüsusən müxalifətçiləri döymək və boyunlarına nəsə qoymaq bizim işimizdir. Biznesmenlər özlərini döydürmürlər, nə qədər pul istəyən kimi az vaxtda verirlər. Amma müxalifətçilər dediklərindən dönmədikləri üçün onları yaxşı əzişdiririk.
Vilayətin müxalifətçilərə verdiyi işgəncələri fəxrlə danışıb, aşağılayırdı. Bir dəfə dözməyib söhbətə qarışdım. Bir az mübahisə elədim. Fiziki cəhətdən mənimlə müqayisə olunmazdı. Hündür və idmançı idi, ama danışmaqda heç ağzını aça bilməzdi. Bir neçə faktı dedim, cavab verə bilmədi. Telefonu çıxartdı, dedi ki, qoy müəllimə (Vilayət) zəng vurum, bunu bağaca atım aparım, ağıllandırım. Naxçıvandan olan bir mədəni valideyn də bizim yanımızda idi. Əlini tutdu, qoymadı. Sonra bildim ki, həmin naxçıvanlı Bakının hansısa rayonunda DTX-nın əməkdaşı imiş. Sağ olsun.
Həmin gənc polisin Vilayət barədə danışdıqları qandondururdu. Dodaqaltı dua edirdim ki, ilahi, nə zamansa bu adamın DİN naziri olmasına imkan vermə. Görünür, duam qüsurlu olub.
Allah xalqımızı bu polisbaşından amanda saxlasın!

Cavid Cabbarlı

Oxunuş sayı 728 dəfə
Şərh vermək üçün giriş edin
Top