Cümə axşamı, 11 Aprel 2019 08:36

15 oğurluq edən şikəst necə azad oldu?!

2016-cı il idi. Dostum (xaricdə yaşayır) əlaqə saxlayıb, bir məsələdə qardaşı Qürbətə (ad şərtidir) yardım etməyimi xahiş elədi. Qürbətlə görüşdük, dedi ki, həyat yoldaşının bir qohumu 4 ay əvvəl Bakıya gəlib, gəldiyindən 15 gün sonra əlaqə kəsilib. Nəhayət uzun axtarışdan sonra məlum olub ki, oğurluq edib və həbs olunub. Amma oğurluq edəcəyinə heç kim inanmır, çünki buna fiziki sağlamlığı imkan vermir, xəstədir, beli urdur.

Birlikdə Şüvəlana, Müvəqqəti Saxlama Təcridxanasına getdik. Nəzarətçi 40 AZN alıb, təqribən 15 dəqiqə görüş imkanı yaratdı. Gözlərimə inanmadım, bu adamı 15 oğurluq hadisəsində necə ittiham etmək olardı? Şikəst adama, o qədər işgəncə verilmişdi ki, ayaq üstə dayana bilmirdi.

Başına gəldiklərini belə izah etdi: Günlərin bir günü tanımadığı iki nəfər bunu kirayə qaldığı Xəzər rayonu Binə qəsəbəsində kafeyə dəvət edirlər. Bu da sevincək razılaşır. Sonra həmin iki nəfər özlərilə birlikdə tikintidə işləməyi təklif edirlər. Kafedən iş vəsaitləri götürmək məqsədilə çıxıb, bir həyət evinin qarşısına gəlirlər. Bu, qapıda gözləyir və həmin iki nəfər içəri keçir. Bir neçə bağlama götürüb həmin kafeyə qayıdırlar. Çox keçmədən iki polis içəri girir və üçünü də bölməyə aparır.

Buna deyirlər ki, sən oğurluq eləmisən, nə az, nə çox düz 15 oğurluq hadisəsini bunun ayağına yazırlar. Bu da and, aman edir ki, yetim uşağam, bir xəstə bacım var, yaşlı anamdan başqa heç kimim yoxdur, mən bu işlərdən xəbərsizəm, əl çəkmirlər. Beli ur olan xəstə uşağı saatlarla “jim“ vəziyyətində saxlayırlar, ayağından asırlar və nəhayət etiraf edir.

Bununla gətirilən iki nəfər isə bölmədə buxarlanırlar. Həmin polislər də şahidlik edirlər ki, biz hadisə yerində tək bunu yaxalamışıq.

Ordan çıxıb gəldik Xəzər Rayon Məhkəməsinə. Dedilər ki, həmin şübhəlinin məhkəmə prosesi başlayıb və növbəti məhkəmə iclası təqribən 10 gündən sonra olacaq. İşi aparan hakimin adını dedilər, gedib tapdıq. Hakim Qürbətin qohumu çıxdı. Tanınmış muğam ifaçılarından birinin qardaşı idi. Qürbətlə görüşüb, öpüşdülər və ziyarət səbəbinə gəldikdə, hakimin rəngi bir az dəyişdi. Əlqərəz, məlum oldu ki, şikayətçilər iddialarını geri götürməsələr adam azı 5 il həbs olunacaq. Növbəti məhkəmə iclasının vaxtını öyrənib, qayıtdıq.

10 gündən sonra getdik. Məhkəmə zalında 7, 8 kişi oturmuşdu. Hakim utanmaz-utanmaz dedi ki, sizin əmlaklarınızı və toyuq-cücələrinizi bu adam oğurlayıb. Bir yaşlı kişi ayağa qalxdı, üzünü hakimə tutdu: Cənab hakim mən şikayətimi geri götürürəm və bu uşağın da azad edilməsini istəyirəm. Həm də xahiş edirəm ki, bu uşağa milli qəhrəman adı verilsin. Bu boyla, bu görkəmlə iki mərtəbəli evimə hamamın nəfəsliyindən girib, nə aparıbsa halalxoşu olsun.

Sonra zalı tərk elədi. Bir nəfərdən başqa bütün şikayətçilər şikayətlərini geri götürdülər. Hakim yenə də utanmaz-utanmaz: şikayətinizi geri götürürsünüzsə, ərizə ilə rəsmiləşdirin, dedi.

Qürbət bir nəfərə 200 AZN dəymiş ziyanı ödədi. Lakin hakim adamı sərbəst buraxmadı.

Hakim başa düşmədiyim dildə (talış) Qürbətə nəsə dedi, o, da mənim otaqdan çıxmağımı xahiş elədi. Nəhayət, 10 dəqiqə gözlədikdən sonra Qürbət gəldi. Bildirdi ki, 5000 (beş min AZN) istəyir. Guya, hakim sərbəst buraxsa, prokuror işi yenidən qaldıra bilər və hakimə problem yaranar.

Mənim müdaxiləmin də mənasız olduğunu və işi daha gərgin duruma gətirə biləcəyini, deyibmiş hakim.

Sağollaşıb, ayrıldıq.

Təqribən iki həftə sonra, Qürbət zəng edib görüşmək istədiyini dedi. Həmin xəstə qohumu da yanında idi. Qürbət həyat yoldaşının zinət əşyalarını satıb, 3000 AZN verməklə, şikəst qohumunu girovluqdan azad edə bilmişdi. Deyirdi, sağ olsun əmioğlu (hakimi nəzərdə tuturdu) özünə çatan 2000 manatı almadı.

Cavid Cabbarlı

Oxunuş sayı 695 dəfə
Şərh vermək üçün giriş edin
Top