Çərşənbə axşamı, 05 Fevral 2019 23:05

‘Əfqan Muxtarlı saxlanma şəraitindən narazıdır’

“Həbsdə olan jurnalist Əfqan Muxtarlı16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitindən narazıdır”

Bunu jurnalistin qardaşı Ramazan Muxtarlı bildirib.

Ramazan Muxtarlı “Turan” agentliyinə bildirib ki, ona verilən məlumata əsasən cəzaçəkmə müəssisəsinə sutka ərzində 4 saat istilik verilir, nəticədə məhbuslar arasında xəstəlik yayılıb, öskürək, qızdırma adi hala cevrilib.

Ramazan Muxtarlı habelə cəzaçəkmə müəssisəsində yetərli tibbi xidmətin olmamasından bəhs edir və ona çatan məlumata görə, kimin imkanı varsa öz hesabına dərman alır: “Bildirildiyinə görə, kameralar soyuq olduğundan müalicənin əhəmiyyəti olmur. Müəssisə rəhbərliyi yaranmış vəziyyətin dəyişməsi üçün heç bir tədbir görmür", - Ramazan Muxtarlı bildirib.

Onun dediyinə görə, qida təminatında da problemlər var:

“Bizə verilən məlumata görə, normal qidalanma yoxdur, cəzaçəkmə müəssisəsi məhbusla doludur, bir yataq yerinə 3 nəfər düşür. Yay aylarında bəzi məhbusların dəhlizdə yatdığı deyilrdi. İndi hamı kamerada yatır. Deyilənə görə, yer olmadığına görə, növbə ilə yatırlar, sutkada 4 saat. Bundan əlavə, Əfqan Muxtarlının Avropada mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışıqlarına da məhdudiyyət qoyulub” deyə jurnalistin qardaşı bildirir.

O, deməsinə görə, dünən, fevralın 4-də qardaşı ilə telefonla danışıb.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə öz növbəsində cəzaçəkmə müəssisələrində sutkada 4 saat istiliyin verilməsi haqqında deyilənləri təkzib edib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində kombi sistemi quraşdırılıb və fasiləsiz istilik verilir.

Mehman Sadıqov qidaların keyfiyyətsiz olması haqda deyilənləri də doğru saymır.

Onun sözlərinə görə, hətta diabetli xəstələrə ayrıca qida verilir. Eyni zamanda o, vurğulayıb ki, orada saxlanan məhbusların sayı limitindən qat-qat aşağıdır.

Mehman Sadıqov jurnalistin telefon danışıqlarının məhdudlaşdırılması barədə deyilənləri də təkzib edib.

Bundan bir müddət əvvəl isə, həbsdə olan jurnalist Əfqan Muxtarlı ədliyyə naziri Fikrət Məmmədovu cəzaçəkmə müəssisəsinə dəvət etmişdi.

Jurnalistin nazirə müraciətində saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinə diqqət çəkirdi: “Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fazil Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın”.

Onda da Penitensiar Xidmət şikayəti əsassız saymışdı.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izni alıb. Ancaq ötən il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

Oxunuş sayı 593 dəfə
Şərh vermək üçün giriş edin
Top