Şənbə, 03 Mart 2018 21:00

“Mənim kimi yüzlərlə vətəndaş niyə dövlətindən incik düşməlidirlər”? - ŞİKAYƏT

Azərbacyan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçi cənab Fuad Ələsgərova

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə

Azərbacyan Respublikası Dövlət Təhləkəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Fəaliyyətdə olan bütün Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinə

Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi 31, m. 71 ünvanında yaşayan, Qarabağ müharibəsi veteranı, sahibkar Nəcəfov Adil Əli oğlu tərəfindən

Təkrar Şikayət Ərizəsi

Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə. (Heydər Əliyev)

Hörmətli cənab Prezident!

Sizə dəfələrlə müraciət etmək məcburiyyətində qaldığım üçün məni üzrlü sayın. Təkrarən diqqətinizə çatdırmaq istəyirəm ki, kiçik sahibkar kimi uzun müddətdir ki, Bakı şəhərində sərnişin daşıma sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir problemlə üzləşməmişdik. Lakin bizi Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra problemlərimiz başladı.

“Bakı sərnişin nəqliyyat” MMC-nin müəyyən əməkdaşları və onların qoçuları marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim küllü miqdarda kredit borclarımız yaranmışdır, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb, onlara verək. Buqanunsuz hərəkətləri nəticəsində mənə 1.500.000 manat ziyan dəymişdir. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Bu kredit borcumu da ödəyə bilmirəm.

2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. Mənim işimi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərdilər. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq Heydər Məmmədov və Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov dəymiş ziyanın 10%-ni təklif edərək məndən alınmış 1 milyon 500 min manatın verilməsi ilə bağlı kağıza imza atmağımı istədilər. Əlbəttə mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər.

Bununla əlaqədar hüquq-mühafizə orqanlarının hamısına etdiyim 200-dən çox müraciətimə baxmayaraq, Baş Prokurorluq buna göz yumaraq bütün şikayətlərimi Korrupsiya İdarəsinə göndərmişdilər. Mənə bildirildi ki, bu işlər Korrupsiya İdarəsinin monopoliyasında olduğu üçün Baş Prokurorluqda buna heç kim baxa bilməz. Mən bu gün də başa düşmürəm ki, cinayətkara, mənim pulumu alan adama ərizələrimi yönəltmək hansı məntiqə uyğundur. Pulumu alan adam özü-özü barəsində nə tədbir görə bilər?

Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev davamlı müraciətlərimdən (30 dəfə məktubla, 6 dəfə teleqramla müraciət etmişəm) sonra məni fevralın 6-da qəbul etdi. Kaş Kamran müəllim məni qəbul etməyəydi. Söz vermişdisə, gərək ona əməl edəydi. Onunla görüşə gedəndə elə bilirdim ki, dövlət tərbiyyəsi almış adamla görüşüb, ondan hikmətli sözlər öyrənib, ailəmiz və özümüz üçün xərcləyərik. Amma Kamran Əliyev sözünü tutmadığı üçün ailəmin və dostlarımın yanında danışmağa utanıram ki, Kamran müəllim məni yola verdi. Daha konkret sözünü tutmadı. İnsaf naminə deməliyəm ki, Kamran Əliyev məni səmimi qarşılayıb, səmimi də yola saldı. Tabeliyində olan işçilərinin mənlə necə davrandığını onun nəzərinə çatdırdım. Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibovun mənə 10 faiz, yəni 150 min manatın hansı əsasla təklif etməsini də Kamran Əliyevdən soruşdum. Kamran Əliyev buna reaksiya verərək qeyd etdi, işçilərini danlamayım. Çünki Kamran Əliyev yaxşı bilirdi ki, mənə dəymiş ziyan Anar Nəsibov tərəfindən alınıb. Ona görə də Kamran Əliyev ya Anar Nəsibovu cəzalandırmalı idi, ya da məni qurbanlıq qoyun kimi seçməli idi. Təəssüf ki, Kamran Əliyev məni cinayətkarları himayə edən işçilərinə qurban verdi. Görüşdə Kamran Əliyevdən müraciətimin obyektiv araşdırılmasını xahiş etdim. Kamran Əliyev işin yenidən araşdırılacağı ilə bağlı məni arxayın etdi. Daha sonra Korrupsiya İdarəsindən mənə bildirildi ki, işi araşdırmaq üçün Rəşad İskəndərov adlı əməkdaşa tapşırıq verilib. Fevralın 20-də Korrupsiya İdarəsinə gedib, işlə maraqlandım. Rəşad İskəndərov mənlə görüşməkdən imtina edərək bildirdi ki, guya bunu qanun qadağan edir. Daha sonra növbətçi prokuror Arif Əyyubov məni qəbul edərək bildirdi ki, müraciətim əsasında Rəşad İskəndərovun apardığı araşdırmanın nəticəsi təsdiqini tapmayıb. Daha sonra Rəşad İskəndərov özü mənə məlumat verdi ki, sənədlər ona ancaq arayış hazırlamaq üçün təqdim olunubmuş. Və açıq şəkildə mənə bildirdi, rəhbəırlik nə deyibsə, onu etmişəm. Nəticədə mənə müraciətimin araşdırılması ilə bağlı qərar yox, arayış verildi. Bunları deməkdə məqsədim odur ki, sadəcə Kamran Əliyev məni qəbul etməklə, yola vermək istəyib.

Dəhşətlisi odur ki, Korrupsiya İdarəsi bu işə baxıb qərar verdiyi üçün başqa hüquq-mühafizə orqanları şikayətlərimə baxmaqdan imtina edirlər. Məhkəmə də Korrupsiya İdarəsi ilə üz-üzə gəlməmək üçün şikayətimi təmin etmir.

Fevralın 23-də Baş Prokurorluqda oldum. Orda növbətçi prokuror Yaqut Əliyeva məni qəbul etdi. Prokurordan Baş Prokurorluğa göndərdiyim müraciət və ərizələrimin harda olmasını soruşdum. Yaqut Əliyeva mənə dedi ki, yazdığın bütün ərizə və müraciətlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Mən Yaqut Əliyevanın nəzərinə çatdırdım ki, əgər mən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən şikayət edirəmsə, niyə şikayətim bu quruma göndərilir. Şikayətlərimə yuxarı orqan olaraq Baş Prokurorluqda baxıb, mənə məlumat verilməlidir. Bu sualıma növbətçi prokuror sualıma düz-əməlli cavab verə bilmədi.

Düşdüyümüz vəziyyətdə nə edəcəyimi bilmirəm. Ona görə məcburam ki, gedib pul verdiyim adamları dədə-baba qaydası ilə öldürüm, ya da ölüm. Və bu baş verəcəksə, bunun bütün məsuliyyəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbər işçilərinin üzərində qalacaq. 5 nəfərin ölümü Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə lazımdırmı? Bunların hazırkı işi dövlətlə vətəndaş arasında ucurum yaratmaq, üz-üzə qoymaqdır.

Cənab Prezident!

Xahiş edirəm, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin cinayətkarları hansı səbəbdən himayə etməsini araşdırın. Korrupsiyaya bulaşmış Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə bağlı tədbir görün. Mənim kimi yüzlərlə vətəndaş niyə dövlətindən incik düşməlidirlər. Bu şəxslər Siz başda olmaqla Azərbaycana xəyanət edirlər.

İmza: Adil Əli oğlu Nəcəfov

Tel: (070) 329 79 90) 26.02.2018

Oxunuş sayı 1400 dəfə
Şərh vermək üçün giriş edin
Top