Cümə, 02 Mart 2018 21:00

Sabiq nazir jurnalistə xəbərdarliq etdi

 “Moderator.az” saytının 02.03.2018 tarixli səhifəsini nəzərdən keçirərkən Soltan Laçın adlı jurnalistin “Bütün məsələlər gündəlikdən çıxarılsın, gündəliyə yalnız Qarabağ məsələsi salınsın…” başlıqlı kiçik bir yazısına rast gəldim. Soltan Laçın mənim nəzərimdə fantaziyalarının  miqyası ilə xüsusi seçilən bir jurnalistdir.

Əvvəla Soltan Laçına anlatmaq istəyirəm ki,  o qurumun adı  Milli Şura yox, Milli Məclis idi. İkincisi, Soltan Laçın bu başlığı, mənim Milli Məclisdə 1992- ci il martın 3 də etdiyim çıxışdan götürüb. Mən ORDA belə bir tələblə  çıxış etmişəm ki, “bütün digər məsələlər gündəlikdən çıxarılsın, yalnız Qarabağ məsələsinin müzakirəsi, həll yolları Milli Məclisin gündəliyinə salınsın.” Həmin dövrdə Milli Məclisin digər iclaslarında, ən əsası da 23, 24, 25, mart 1992 ci il tarixdə respublikada prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müzakirələr gedirdi. Həmin müzakirələr zamanı da mən çıxışlar etdim və təkliflərdə bulundum ki, əgər ölkədə bu ağır vəziyyət hökm sürürsə və Qarabağın ağır taleyinin göz önündə olduğu, ordumuzun, silahlı qüvvələrin hələ də formalaşmadığı bir dövrdə, yenidən prezident seçkiləri ortaya atılarsa, bu, daxildə hakimiyyət uğrunda mübarizəni daha da qızışdıracaq və biz torpaqlarımızı itirmək təhlükəsi ilə üz üzə qalacağıq. Həmin təkliflərimin gündəliyə salınmasını tələb etdim. Təəssüflər olsun ki, mənim gündəliyə salmaq üçün etdiyim təkliflər müzakirəyə çıxarılmadı.

Bundan başqa, Soltan Laçın, sən ilk dəfə deyil ki, mənim ünvanıma böhtan yazırsan. Həmin yazıda yazırsan ki, “Maraqlıdır ki, bu çağırışla, sonradan müdafiə naziri olduğu dövrdə, Şuşa və Laçın işğal edildiyi üçün vətənə xəyanətdə suçlanan sabiq deputat Rəhim Qazıyev, 1992-ci il martın 3-də Azərbaycan Ali Sovetində – Milli Şuranın  iclasında çıxış edib…” Soltan Laçın, ağlını başına topla. Sən jurnalistsən. Yazdığın hər kəlmənin məsuliyyətini dərk elə. Mənə heç vaxt nə ibtidai istintaqda nə  də məhkəmələrdə “Vətənə xəyanət” maddəsi verilməyib. Sənin bunu deməkdə məqsədin nədir? Yaxşı olar ki, həmin Milli Şura dediyin o Milli Məclisin 3 mart 1992–ci il və ondan sonrakı sadaladığım 23, 24, 25, mart 1992 ci il tarixdə keçirilən iclasların stenoqrammalardakı çıxışlarımı, təkliflərimi yazasan.

Sən, bir il bundan qabaq da konspiroloq adlanan hansısa şərəfsizlərin ünvanıma uydurub söylədikləri yalanları olmuş həqiqət kimi oxuculara sırımaq istəyirdin. Mən onda da sənə təklif etdim ki, həmin o konspiroloq deyilən şərəfsizləri dəyirmi masaya dəvət et. Sən bunu da etmədin. İndi məqsədin nədir? Ay, rayonu işğal altında olan, əlində qələm tutan Soltan Laçın. Doğurdanmı bu gün ölkədə bu qədər gərgin iqdisadi-siyasi-sosial-hərbi vəziyyətin hökm sürdüyü dövrdə 1992-ci ilin mart ayında olmuş hadisələr bu qədər aktualdırmı? Doğurdanmı, bu saat Qarabağın taleyinin çox təhlükəli bir məqamla üzləşdiyi vaxtda, 92-ci ilin mart ayında gedən debatlar xalqımız üçün daha önəmlidirmi? Mən sənə təklif edirəm və səndən tələb edirəm ki, yazdığın ifadələrin məsuliyyətini daşı. Yəqin arxayınsan ki, bu ölkədə indi nə hüquq var, nə məhkəmə, nə də istintaq. Sən ya öz ağlının kəsdiyi formada, ya da sifarişlə nə yazsan işə yarayacaq. Bunların hamısı olsun. Amma sən öz soy adını dəyişib, adnı  “Soltan Laçın” qoymusan. Laçın isə şərəfsiz düşmənlərin taptağı altındadır. Bu gün sənin kimi jurnalistlərin qələmindən çıxan yazılar, o torpaqların azad olunmasına həsr olunmalıbu istiqamətə yönəlməlidir. Mənim haqqımda nə yazsan, sübutlara söykənən faktlara, sənədlərə və stenaqlamlara istinad elə və yaz.  Diqqətə al ki, sonuncu dəfə sənə deyirəm, bir də sən mənə böhtan atsan, mən səninilə, hökmən, olan, olmayan məhkəmədə görüşəcəm. Sən hələ ki, nə hakim, nə prokuror, nə də müstəntiqsən ki, qələmini hökmlər çxarmağa, ittihamlar verməyə, günahkar elan etməyə işlədəsən. Jurnalistin işi isə faktlara, sənədlərə əsaslanaraq həqiqətləri yazmaqdır. Bir də bil ki, indi barəsində danışdığın məsələlər, o,  həbsə atılandan sonra, cəsarətə gəlib, müğənni Fədayə ilə “Laçın” adı üstündə davaya çxmaq qədər sadə məsələlər deyil. Fədayədən “Laçın”ı yox, ermənidən Laçını necə almaq barədə düşünmək və döyüşmək gərəkdi, Soltan kişi. Bunu da mütləq nəzərə al və nədən və niyə yazdğına diqqət elə.

Sabiq müdafiə naziri Rəhim Qazıyev

Oxunuş sayı 1230 dəfə
Şərh vermək üçün giriş edin
Top