Çərşənbə axşamı, 20 Fevral 2018 21:00

Əhsən Nuruzadə: "Mənə deyirlər get daş daşı"

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Səbuhi Hüseynovun sədriliyi ilə  "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Məhkəmədə hüquq müdafiəçisi, vəkil Yalçın İmanov, siyasi-ictimai şəxslər, dindarlar, media mənsubları, Əhsən Nuruzadənin ailə üzvləri və yaxınları iştirak edib.

Vəkil Fariz Namazlının qaldırdığı bir neçə vəsatət təmin edilməyib.

Hər zaman olduğu kimi zalda mikrafon olmadığı üçün vəkilin, hakimin, nə də dövlət ittihamçısının dediklərini eşitmək  mümkün olmayıb.

Məhkəmədən öncə çıxış edənp Əhsən Nuruzadə istintaqa qədər və istintaq zamanı ona qarşı edilən kobud rəftardan danışıb: Məndən dəfələrlə soruşublar ki işləyirsənmi. Demişəm ki, yx işləmirəm, iş yoxdur ki işləyim. Deyirlər get daş daşı. Deyirəm axı mən ali təhsil almışam, niyə daş daşımalıyam?

Məhkəmədən sonra Azərbaycan ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev, vəkil Yalçın İmanov, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli məhkəmə haqqında fikirlərini media ilə bölüşüblər.

Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Əhsən Nuruzadə bütün ittihamları rədd edir.

Növbəti məhkəmə prosesi fevralın 27-si saat 16:30-a təyin edilib.

Oxunuş sayı 1308 dəfə
Şərh vermək üçün giriş edin
Top