Şənbə, 02 Aprel 2016 09:53

Yardımlıda niyə notarial kontoru yoxdur? - ŞİKAYƏT

Yardımlı rayonu 1930-cu il rayon statusu alıb, 88 yaşayış məntəqəsindən ibarətdir, 62387 nəfər əhalisi var. Ölkənin ən ucqar və dağ rayonlarından biridir. Dağlarla əhatələnmiş Yardımlının yeganə çıxışı Masallı rayonudur. Yardımlını qonşu İranla tikanlı sərhəd məftilləri qoruyur.
 
Bu rayonda əhalinin sosial rifah və yaşayış səviyyəsi ən aşağı həddədir. Zəngin təbiəti olsa da, ən baxımsız rayon hesab etmək olar. İnsanları çox əzab və çətinlik içində yaşayır. Əhalinin böyük əksəriyyəti ölkənin digər rayonlarında, xüsusən paytaxt Bakıda və Rusiyanın müxtəlif şəhərlərində fəhləlik edir.
 
Yardımlıda əhalini bir çox çətinliklə süni şəkildə üz-üzə qoyurlar. Belə çətinliklərdən ən böyüyü isə rayonda notarial kontorun olmamasıdır. Bu barədə Yardımlı rayon sakini Xeber.İnfo-a məlumat verib. Əhali bu xidmətdən istifadə etmək üçün Masallıya getməlidir. Əvvəl həftənin birinci günü Yardımlıda notarus xidməti göstərilirdi. İndi bir günü də çox gördülər.
 
Şikayətçi deyir ki, Yardımlının ən ucqar kəndində yaşayırıq. Şəxsiyyət vəsiqəmin kopyasını təsdiqləmək üçün deyirlər mütləq Masallıya (ən yaxın rayon kimi) getməlisən. Çox çətin yaşayan və sosial problemləri boğaza qədər olan rayonda bu hal ciddi problemə çevilib. Bu qədər əhalisi olan rayonda niyə notarial kontor yoxdur? 
 Xeber.İnfo şikayət əsasında internet üzərindən araşdırma aparıb. www.justice.gov.az saytında rayon notarial kontorlarının siyahısı verilib.

Həmin siyahıda belə bir bölmə də var. Lakin qeyd olunan nömrə heç təyin olunmayıb.

YARDIMLI RAYONU DÖVLƏT NOTARİAT KONTORU
Dövlət notariusu vəzifəsini icra edən: Mircavadov Cavid Fəxrəddin oğlu;
Telefon: (02520) 5-28-76;
Ünvan: Azərbaycan küçəsi 100;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII

Yardımlı sakini on minlərlə yardımlılıların adından müvafiq orqanlardan bu məsələnin araşdırılmasını və problemin aradan qaldırılmasını istəyir.

Xeber.İnfo
Oxunuş sayı 1782 dəfə
Şərh vermək üçün giriş edin
Top