Bazar, 27 Avqust 2017 22:00

Siyası sığınacaq xəstəliyi, yaxud Azərbaycan həqiqətləri - Rafiq Təmrazov

Son bir-iki ildə ictimai sektorda müzakirə olunan məsələlərdən biri siyasi fəaliyyəti olmayanların Avropa ölkələrindən siyasi sığınacaq istəməsidir. Əslində müasir dünyanın qəbul etdiyi ən ümumi prinsiplərdən biri insan hüquqlarının qorunması və siyasi xarakterli şəxslərin digər ölkələrdə sığınacaq almasına dəstək verməsidir. Bu prinsip hakimiyyətdə və ya müxalifətdə təmsil olunmasından, maddi durumundan, dini inancından, ictimai mövqeyindən, peşə fəaliyyətindən, işsiz və ya təqaüdçü olmasından asılı olmayaraq istənilən şəxsə tətbiq oluna bilər. Yetər ki, həmin şəxsin öz vətənində hakimiyyət təmsilçilərilə və ya vəzifə sahiblərilə problemi olsun ki, onun ölkənin bütün hüdudlarında yaşamasına və ya fəaliyyət göstərməsinə ciddi əngəllər olsun. Bu əngəllər həbs və ya işgəncə gözləntisi ola bilər ki, siyasi sığınacaq istəyənlərin bu hüququ əldə etmələrinə “yaşıl işıq” kimi yardımçı ola bilər.

Burada məqsəd siyasi sığınacağın mahiyyətinə və əldə edilməsi proseduruna aydınlıq gətirmək olmasa da, baş verənlərə görə qısa izahat verərək mətləbə keçirəm. Əsl həqiqət ondan ibarətdir ki, siyasi sığınacağa layiq olanlardan daha çox bu hüquqdan istifadə edənlər və yararlananlardır. Buna görə də sosial şəbəkələrdə və mediada Azərbaycan vətəndaşlarının siyasi sığınacaq problemilə bağlı qızğın müzakirələr gedir. Bu müzakirələr saxta partiya mənsubiyyətinə, yalançı dəstək məktublarına, işgəncəyə məruz qalmaqla bağlı arayışlara və sairə qədər uzanır. İş o yerə çatıb ki, Avropanın ortasında bir neçə siyasi partiya təmsilçiləri olan-olmayan, şər-böhtan, yarı həqiqət, yarı yalan arqumentlərlə bir-birilərilə yumşaq desək mübarizə aparırlar. Bu gərginliyin mövzusu isə birinin o birinin “siyasi sığınacaq biznesini” göstərməsi və özününkünü gizləməsidir. Problemin digər tərəfi isə siyasi sığınacaq almaq istəyənlərin bu yola üz tutmasıdır ki, bir çox hallarda həmin yalançı partiya üzvləri daim psixoloji gərginlikdə özlərini hiss edir və əsl müxalifətçilərin yanında sadəcə hüquqsuz görünürlər. Mənim fikrimcə sıxışdırılan və siyası mühacir obrazı yaradan həmin insanların uşaqlarının yanında yalançı görünməsi onların faciəsi və ən böyük cəzalarıdır.

Burada iki sual ortaya çıxır ki, biz həmin suala cavab tapan zaman məsələnin mahiyyətini tam anlamış olacağıq. Birincisi, insanlar süni, saxta statusla, bəzən isə saxta adla yaşamağa niyə can atırlar? Nədən Avropa ölkələri həmin insanlara sığınacaq verir? Ona görə ki, Azərbaycan reallığında insanların yaşam tərzi, hüquqlarının təmin edilməsi, fəaliyyət imkanları, təhsil səviyyəsi, keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanları olduqca aşağı həddədir. Ölkə bütövlükdə korrupsiya məngənəsində sıxılır. Təqaüdçünün pensiyası yüz dollar cıvarında deyil və həkimlərin əmək haqqısı da bu təqribən nisbətdədir. Gənclərin işsizlikdən zərərli vərdişlərə və dini qruplara meyllənməsi labüddür. Hələ mülkiyyət hüququna müdaxilə imkanlarının qanuniləşməsini, siyasi iştirakçılıq imkanlarının yox olmasını, vətəndaş cəmiyyətinin sıradan çıxarılmasını, azad media problemini detallı qeyd etmirəm ki, o sahələrdə vəziyyət daha acınacaqlıdır. Deməli, bütün bu problemlərin içərisində sıxılan Azərbaycan vətəndaşı Avropada yaxşı yaşamaq, uşaqlarına normal təhsil vermək və sağlam böyütmək imkanlarına inanaraq Avropaya üz tutur. Bu zaman isə bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Avropalıların bu insanlara yaşam hüququ verməsi isə burada özünü sübut edənlərlə problemin olmadığının göstəricisidir. Yəni, bir insan ya saxta, ya da həqiqi sənədlərlə özünü sübut edirsə, bu zaman sənədə inanan və hüququ imkanı tətbiq edən Avropalının həm də inandığı bir məntiq var. Azərbaycan korrupsiyanın yüksək səviyyədə olduğu bir ölkədir, Azərbaycanda jurnalistlər, siyasi partiya nümayəndələri, hüquq müdafiəçiləri həbs edilir, Azərbaycanda məhkəmələr hakimiyyətin diktəsini yerinə yetirir, Azərbaycanda azad sahibkarlıq və biznes imkanları yoxdur, Azərbaycan kölgə iqtisadiyyatının səviyyəsinə görə dünyada birinci yerdədir, Azərbaycanda sürücülük vəsiqəsi kütləvi şəklidə satılır, Azərbaycanda insanlar işə yalnız rüşvət verməklə düzəlirlər, Azərbaycanda azad mətbuat yox dərəcəsindədir və bir sıra informasiya resurslarına çıxışlar qanunla qadağan edilib, Azərbaycanda tənqidi fikir söyləyənlər narkotiklə həbs edilir, azadlıqdan mərhumetmə yerlərində saxlanılanlara işgəncə verilir, Azərbaycanda qatillər və qatı cinayətkarlar əfv olunur, Azərbaycanda hakimiyyət tamamilə mənimsənilərək bir ailənin nəzarətinə keçib və sair.

Bu Avropalının inandığı həqiqətlərdir ki, müraciət edənlərə yaşam hüququ verirlər. Deməli, sığınacaq siyasətinin bütün mənalarda səbəbkarı Azərbaycan həqiqətləridir.

P.S. Azərbaycan filosofu Nəsirəddin Tusi: yalnız pis və yaxşı idarəetmələr mövcuddur, insanlar pis idarəetmədən pis, yaxşı idarəetmədən isə yaxşı nümunələr götürürlər.

Oxunuş sayı 3150 dəfə
Şərh vermək üçün giriş edin
Top