Cümə axşamı, 31 Mart 2016 21:34

“Muğanbank”ın Kredit Departamentinin müdiri həbs olundu

Samir İsmayılov saxta sənədlə vətəndaşın evini ələ keçirməyə çalışıb 

“Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 
Məlumatda deyilir ki, sözügedən şəxsin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 
Araşdırma zamanı “Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Oxunuş sayı 1607 dəfə
Şərh vermək üçün giriş edin
Top