Cümə axşamı, 31 Mart 2016 15:36

Sabah jurnalistin qətli ilə bağlı hökm oxunacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlində şübhəli bilinərək həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

      

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Camal Məmmədov son söz deyib. O, Rasim Əliyevin qətlində günahsız olduğunu iddia edib:


"Mən məhkəmədən bəraət gözləyirəm. Bir təpiyə görə bu qədər cəza verilməz. Mənim cinayətim xuliqanlıq etmək olub. Buna görə də cəza verin".


Prokuror ona 12 il cəza istəyib.


Digər təqsirləndirilən Samir Mustafayev özünü təqsirli bilməyib. Məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.


Elşən İsmayılov isə bildirib ki, Rasim Əliyevi öldürmək fikri olmayıb: "Mən cinayət törətmişəm, onunla dalaşmışam. İttihamda mənə verilən maddələr həddindən artıq ağırdır. Hadisə vaxtı Rasim Əliyev bizi tora salıb. O bizi kamera olan yerə çağıraraq mübahisə etməyə başlayıb. Əgər çayxanaya çağırsaydı, belə hadisə baş verməzdi, mən də burda oturmazdım. Məhkəmədən düzgün qərar çıxarılmasını istəyirəm".


Hakimlər prosesə yekun vurub, hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.


Sabah hökm oxunacağı gözlənilir.


Qeyd edək ki, dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.    


Ötən il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.     

  
Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrıca icraata götürülüb.  O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Oxunuş sayı 1354 dəfə
Şərh vermək üçün giriş edin
Top