Çərşənbə axşamı, 18 Aprel 2017 22:00

"Tofiq Həsənlinin işgəncə iddiası araşdırılmayıb"

"İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı həbsdəki satirik şair Tofiq Həsənlinin saxlanarkən işgəncəyə məruz qalması iddialarını araşdırmaqdan imtina edib”.
Bunu AzadlıqRadiosu-na satirik şairin vəkili Elçin Sadıqov deyib.
T.Həsənlinin həbs olunarkən işgəncəyə məruz qalması iddiaları ilk dəfə onun məhkəmə prosesində açıqlanmışdı.
Vəkil T.Həsənlinin işgəncə və qeyri-insani rəftara məruz qaldığını deyib :
"Bununla bağlı hüquqi prosedurları yanvar ayından başlatmışıq. Baş verənlərin araşdırılması üçün Baş Prokurorluqla yanaşı Ombudsmana da müraciət etmişdik. Ancaq Ombudsmandan bizə imtina cavabı verdilər”. 
Vəkil bildirir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müraciətlərinə imtina ilə bağlı cavab göndərib.
"Cavabda bildirilir ki, T.Həsənli artıq 6 il müddətinə azadlıqdan məhrum edilib. Ombudsman Aparatı yazır ki, hakimlər müstəqildir və işgəncə məsələsinin araşdırılması onların fəaliyyətinə müdaxilə olardı”, deyən vəkil insan haqları üzrə müvəkkilin bu olayı araşdırmaqdan imtinasından təəssüfləndiklərini bildirib.
Vəkil Ombudsman Aparatından fərqli olaraq Baş Prokurorluğa müraciətin araşdırılması istiqamətində addımların atıldığını bildirib.
"Prokurorluq nümayəndəsi T.Həsənli ilə görüşüb və işgəncə ilə bağlı ifadəsini alıb. Ancaq, hələlik, qərar verməyiblər”, - vəkil deyib.
Tofiq Həsənli Şirvan Apellyasiya Məhkəməsindəki çıxışında istintaq zamanı qeyri-insani rəftara, işgəncəyə məruz qaldığını açıqlamışdı.
"Məni həbs edəndə yazdığım şerlərə iradlarını bildirirdilər. Açıq şəkildə deyirdilər ki, narkotik ittihamını təsdiqləməliyəm, yoxsa mənə çox pis olacaq. Mən ittihamı üzərimə götürməyə etiraz edirdim. Məni butulka ilə hədələdilər. Əxlaqsız hərəkətlər edəcəklərini dedilər. Bu hədələr real idi, nəticədə ittihamı təsdiqləməyə razılaşmaqdan qeyri çarəm qalmadı”, - satirik şair məhkəmədə demişdi...
Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) hər hansı münasibət almaq mümkün olmayıb. Satirik şairi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışdılar. Ancaq DİN bir qayda olaraq işgəncə iddialarını yalanlayır. Hətta polisdə işgəncə gördüyünü dilə gətirən bloger Mehman Hüseynov böhtan atmaqda ittiham edilərək 2 il həbs cəzası alıb.
Oxunuş sayı 1081 dəfə
Şərh vermək üçün giriş edin
Top