Çərşənbə, 30 Mart 2016 08:42

Xədicə İsmayılın məsələsi may ayına qaldı

Tanınmış jurnalistin kassasiya şikayətinə iki ay sonra baxılacaq

Azadlıq Radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı verilmiş kassasiya şikayətinə may ayında baxılacaq. Bu barədə Ali Məhkəmədən məlumat daxil olub. 
Məlumatda deyilir ki, jurnalist Xədicə İsmayılla bağlı şikayət hazırda araşdırılır və zəruri olan sənədlər tanış olunur. Prosesin may ayında keçirilməsi qərarlaşdırılıb. 
Mənbə jurnalistin azadlığa buraxılması məsələsinə də toxunub. O bildirib ki, hazırda bu məsələ gündəmdə deyil. Amma qaynaq bunun mümkün ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Xədicə İsmayılla bağlı qərar Baş Prokurorluq tərəfindən veriləcəyi protestdən asılı olacaq. 
Son dövrlər bir sıra siyasi məhbuslar azadlığa buraxılıb. Sonuncu belə olay isə əfv fərmanı olmadan reallaşdırılıb və tanınmış vəkil İntiqam Əliyev həbsdən azad edilib. Bu hadisələr fonunda Xədicə İsmayıl və İlqar Məmmədovun da azadlığa buraxıla biləcəyi istisna edilmir.(jam.az) 
Oxunuş sayı 1162 dəfə
Şərh vermək üçün giriş edin
Top