Çərşənbə, 25 Yanvar 2017 21:00

“Bu güzəranı insanlara hakimiyyət yaşadır” - Partiya sədri psixoloqun intiharından yazdı

Əli Əliyev psixoloqun intiharı haqqında: “Bu güzəranı insanlara hakimiyyət yaşadır”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində psixoloq Dəyanət Rzayevin intiharını dəyərləndirib:

“Bu gün Dəyanət Rzayevin intiharı hamını sarsıdıb. Allah rəhm etsin ona. Dinimizə görə intihar ən ciddi günahlardan biridir. Normalda insan mübarizə aparmalı, nahaqqı narahat etməlidir.

Amma tibbi bir qədər bildiyimdən, insanın depressiyaya, ictimai münasibətlərə bir dözüm həddinin varlığını da bilirəm. Sinir sistemi, insanın şüuru həssasdır. Qırılma həddində təslim olur. Fikrimcə, Dəyanət də təslim oldu. Olmamalıydı. Olmamalıyıq.

Bu güzəranı insanlara hakimiyyət yaşadır. Səhv siyasəti ilə yaşadır. Sanki bu millətdən heyflərini alıb, kam çıxarırlar. Dəyanət bu gün dünyasını dəyişdisə, insanlarımız gündə bir neçə dəfə ölüb dirilirlər. Haqsızlığın, özbaşınalığın, harınlığın, vəhşiliyin, fərasətsizliyin, düşmənçiliyin, kasıbçılığın, rüşvətxorluğun, bahalığın, çıxılmazlığın, zəifliyin, həyasızlığın, yalanın, oğurluğun, Allahsızlığın caynağında əksəriyyət inləyir.

Təslim olmaq olmaz. Mübarizə aparmaq yeganə düzgün yoldur. Qurtuluş oradadır. Bunlar üzü aşağıdılar. Təcil vermək millətin işidir. Bunu isə müqavimətlə, birləşərək etmək mümkündür. 

Bunların da elə məqsədi bizi intiharlara, miqrasiyaya məcbur etməkdir. Yerimizə başlayıblar qohum-əqrəbalarını Bakıya yığmağa. Erməni bizim qız-gəlinimizi zorlayıb, orqanlarını satır, kölə yerinə işlədir, bunlar psevdo-humanizmlə məşğuldurlar. Şəhidimizi, vətəndaşımızı geri ala bilmirik, bunlara saxta qonaqpərvərlik nümayiş etdiririk. 

Kimdir bu sərsəm layihələrin müəllifi? Kimdir bu milləti sürgünə, intiharlara sövq edən? Kimdir bizə "otxod"deyən, "dietaya" çağıran, "yorğanımızı" ölçən, "soğan əkməyə", "işdən sonra hambalçılığa" göndərən? YAP. Cavab birdir”.  

Oxunuş sayı 1441 dəfə
Şərh vermək üçün giriş edin
Top