Şənbə, 19 Dekabr 2015 21:00

“Korrupsiyanı aradan qaldırmaq üçün ilk növbədə siyasi iradə lazımdır”

Fuad Bağırzadə: “Korrupsiya dövlətin, cəmiyyətin ən böyük bəlası, bütün problemlərin birbaşa və ya dolayı baiskarıdır”

“Korrupsiyanı yaradan əsas səbəblər hakimiyyətin avtoritarlaşması, inhisarçılığın artması, qanunverici hakimiyyətin asılı vəziyyətə düşməsi, məhkəmələrin müstəqil olmamasıdır”. Bu sözləri ictimai-siyasi fəal Fuad Bağırzadə Xeber.İnfo-a deyib.

F.Bağırzadə hesab edir ki, Azərbaycanda qanunvericilik Avropa standartlarına uyğunlaşdırılsa da, vəziyyət tam əksini göstərir: “Qanunların icrasına nəzarət edən dövlət qurumlarının özləri bəzi hallarda korrupsiyaya bulaşır. Korrupsiya faktına görə vəzifəli şəxs cəzalandırılır, vəzifəsindən azad olunur. Onun yerinə təyin olunan yenisi də bir müddət sonra sələfinin qanunsuz əməllərini təkrarlayır. Deməli, qanunvericilik bazasının təkmil olması ilə kifayətlənmək olmaz. Korrupsiyanı aradan qaldırmaq üçün ilk növbədə siyasi iradə lazımdır. Həmçinin yaxşı olardı ki,  rüşvət təklif edən və verən rüşvət alandan daha sərt cəzalandırılsın. Fikrimcə, bu, çox yaxşı effekt verərdi. Korrupsiya dövlətin, cəmiyyətin ən böyük bəlası, bütün problemlərin birbaşa və ya dolayı baiskarı olduğu üçün ona qarşı bütün metodlar məqbuldur. Korrupsiyaya yol verən şəxslərin adı, vəzifəsi, şəkli mətbuatda mütəmadi verilməli, onlar necə deyərlər, tarixə həkk edilməlidir. Belələrini qətiyyən bir daha dövlət işinə götürmək olmaz. Bu, həm çəkindirici vasitə olar, həm də cəmiyyətdə dövlətə inamı artırar.

F.Bağırzadənin fikrinə görə, hakimiyyətdə korrupsiyaya qarşı mübarizədə müxtəlif yanaşmalar, parçalanmalar var: “Hakimiyyətin islahatçılar qanadı korrupsiyaya qarşı sərt mübarizənin aparılmasının tərəfdarlarıdır. Çünki onların əllərində geniş imkanlar yoxdur. Məsələn, hansısa diplomatın, səfirin və ya fəaliyyət sferasında korrupsiyaya qurşanmaq üçün imkanları olmayan şəxs əlbəttə ki, nəzarətin gücləndirilməsinin tərəfdarıdır. Amma hər gün sahibkarlarla, gəlirli sahələrin nümayəndələri ilə təmasda olan şəxs üçün mövcud durum əlverişli və sərfəlidir. İctimai nəzarət bütün dövlət strukturlarının səmərəli və şəffaf fəaliyyətində  böyük rol oynayır. Təbii ki, korrupsiya, rüşvətin olmasında təkcə hökuməti günahlandırmaq düzgün deyil. Burada cəmiyyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır.  Burda əsas rol da elə vətəndaşların üzərinə düşür. Rüşvət verilməyən yerdə rüşvət alına bilməz. Vətəndaşlar rüşvət və ya yerlibazlıqla özündən layiqli birinin yerini tutmağı öz şərəfinə layiq bilməsə, qanunsuz gəlirdənsə, qanuni gəlir əldə etməyi üstün tutsa, etdiyi cinayətin cəmiyyətə nə dərəcədə zərər vurdugunu anlasa, həmçinin bu sahədə dövlətə yardım etsə, bu problemin səviyyəsi xeyli azalar.

Oxunuş sayı 874 dəfə
Şərh vermək üçün giriş edin
Top