Bazar ertəsi, 13 İyul 2015 21:00

“Hakimiyyətə nə qədər sədaqətlisənsə..."

Günay İsgəndorva: "Azərbaycanda formalaşan idarəçilik sistemi məmuru korrupsiya çirkabına batırmalıdır"

Cəmiyyətdə müzakirə olunan mövzulardan biri də məmur özbaşınalığı və vəzifəlilərin qeyri-qanuni davranışlarıdır. Bu mövzu o qədər geniş müzakirə olur ki, hər kəs məmur özbaşınalığından kifayət qədər fakt səsləndirə bilir. Mövzu ilə bağlı araşdırmaçı, jurnalist Günay İsgəndorva fikirlərini Xeber.İnfo-a bildirib. G.İsgəndorva ölkədəməmur özbaşınalığının pik həddə yüksəldiyini deyib: “2013-cü ildən bu yana əyalətlərdə həbslər intensiv xarakter alıb. Siyasi və ictimai fəalların ya narkotik, ya da xuliqanlıq maddəsi ilə ittiham olunması diqqət mərkəzindədir. Məhkəmələrin ya siyasi sifariş, ya da korrupsiya maraqlarından irəli gələrək qərar çıxardığı hamıya məlumdur. Azərbaycanda hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətdə cəzaların ağır formasını seçdiyi heç kimə sirr deyil. Bütün bunlar göstərir ki, ölkənin hüquq-mühafizə və məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır. Son vaxtlar sosial şəbəkələrdə fəallığa görə həbs və təhdid olunanların sayı artır. Bu həbslər ifadə azadlığını pozmaq kimi qiymətləndirilir”.

G.İsgəndorva hətta sadə vətəndaşların ciddi təzyiq və haqsız təhdidlərlə üzləşdiyini önə çəkib: “Sadə vətəndaşlar haqsızlığa məruz qalır, hüquqları qorunmur və ən kəskin şəkildə təhdid olunurlar. Vətəndaş hüquqlarının qorunmamasına əsas səbəb kimi müstəqil məhkəmə sisteminin olmamasıdır. Bir sözlə, insan haqları sahəsində vəziyyət ürəkaçan deyil, məhkəmələr məmur, korrupsiya maraqlarına xidmət etdikcə vəziyyətin yaxşı olacağı gözlənilmir. Hətta insanların şəxsi həyatını siyasi maraqlara alət edirlər. Bir az siyasi fəallıq göstərən şəxsin yataq səhnələrini ictimailəşdirmək və bununla ona qarşı şantaj əməliyyatı aparmaq siyasi tərbiyyəsizlikdir. Bu barədə cəmiyyət çox şey bilir. Hökumətə müxalif olan şəxslərin yataq səhnələrini yayamaq əksəriyyətə bəllidir. Belə ləyaqətsizliyin kökünün kəsilməsində bütövlükdə cəmiyyət maraqlı olmalıdır. Çünki ancaq Cinayət Məcəlləsinin prizmasından baxmaq və nəticələr çıxarmaq yanlış və ziyanlı yanaşma olardı. Bu, ölkədə pis idarəçiliyin, məmur, məhkəmə özbaşınalığının nəticəsidir. Azərbaycanda sən məmursansa, hakimiyyətə xidmət etməlisən, yaxşı halda ona loyal olmalısan. Azərbaycanda məmur idarəetmənin iştirakçı deyil, yuxarıdan verilən direktivlərin, əmrlərin, göstərişlərin icracısıdır”.

G.İsgəndorva hesab edir ki, Azərbaycanda formalaşan idarəçilik sistemi məmuru korrupsiya çirkabına batırmalıdır: “Hakimiyyətə nə qədər sədaqətlisənsə, yuxarıdan gələn göstərişləri nə qədər can-başla yerinə yetirirsənsə, hakimiyyətə yaxınlıq, qohumluq əlaqələri qura bilmisənsə, məmur (vəzifə, hakimiyyət) pilləsində daha irəli getmək imkanın, ucuz-bucaqsız maddi nemət bolluğuna çıxış imkanın, büdcə vəsaitlərinin talanmasından gələn gəlirlərin bölgüsündə daha çox pay almaq haqqın yaranır”.

Oxunuş sayı 831 dəfə
Şərh vermək üçün giriş edin
Top