Çərşənbə, 11 May 2016 22:00

“Çirkli pulların yuyulması”nda daha çox hansı ölkənin adı hallanır?

Günay İsgəndorva: “Beynəlxalq hesabatlarda Azərbaycan korrupsiya və bu kimi cinayətkarlıqda ön sıralardadır”

 Mətbuatda tez-tez rast gəlinən sözlərdən biri də “çirkli pulların yuyulması” ifadəsidir. “Çirkli pulların yuyulması” qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi deməkdir. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqallaşdırılması"dır.

“Çirkli pulların yuyulması” mexanizmindən danışan araşdırmaçı, jurnalist Günay İsgəndorva Xeber.İNfo-a bildirdi ki, dünyada “çirkli pullar”ın ən çox yuyulduğu sahələr inşaat biznesi və turizm sahəsidir. Son beş ildə isə bu qanunsuz əməl, “çirkli pulların yuyulması” terminə Azərbaycanla bağlı daha çox rast gəlinir. Yəni azərbaycanlı oliqarx məmurların adları bu cinayət əməlində daha çox hallanır: “Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həbsi bu barədə bəzi qaranlıq məqamlara işıq salmış oldu. C.Haciyevin həbsindən bir neçə ay keçməsinə baxmayaraq çox ciddi və qandonduran faktlara şahid oluruq. İstintaq dövürdə və məhkəmə prosesində yəqin ki, daha dəhşətli faktlara rast gəlinəcək. Çünki C.Haciyev hökumətdən əlini tam üzməyib. Ümid edir ki, hökumət onu bağışlaya bilər, yaxud onun vasitəsiylə törədilən əməllər ört-basdır edilməklə bəraət ala bilər”.

G.İsgəndorva bankirin dediklərindən nümunə gətirərək, cinayətkar dəstənin əməllərini izah etməyə çalışdı. C.Hacıyev deyir ki, 11 dəfə istintaqa ifadə verib: “C.Hacıyev istintaqda bir-bir hamısını açıb göstərdiyini, fiziki şəxslərin adına verilmiş kreditlər harada olduğunu soruşur. O, “Bandotdel”in ümumiyyətlə, bank sistemindən anlayışı olmadığını deyir. Bankir istintaqla əməkdaşlıq etdiyini, kreditlərin qaytarılmasında köməklik göstərdiyini iddia eləsə də, heç bir əsas olmadan dekabrda həbs olunduğunu vurğulayır. O, maliyyə naziri Samir Şərifovun 350 milyon mənimsədiyini iddia edir. C.Hacıyev bu məsələnin üstünün açılmasına baxmayaraq, heç bir reaksiya verilməməsindən narazıdır”.

Jurnalistin sözlərinə görə, Azərbaycanda “çirkli pulların yuyulması” halları artıq beynəlxalq hesabatlarda geniş qeyd olunur: “Beynəlxalq hesabatlara baxsaq, Azərbaycan korrupsiya ilə bağlı ön sıralardadır və korrupsiyanın çox ciddi yayıldığı ölkələrdən biridir. Korrupsiya isə hər zaman çox böyük məbləğdə “çirkli pullar”ın dövriyyəsi deməkdir. Bu pullar dövriyyəyə daxil olursa, rüşvətlər toplanırsa, “şapka”lar yığılırsa, deməli, bu pulların hansısa formada leqallaşması da aparılır. Bu proses bank, sığorta, tikinti şirkətləri vasitəsilə həyata keçirilə bilər. “Çirkli pulların yuyulması” texnologiyasından o zaman istifadə olunur ki, ölkədə qeyri-leqal gəlir mənbələri olsun. Deməli, burada söhbət “gizli iqtisadiyyat”ın önəmli bir payının olmasından gedir ki, bu da vergidən yayınmadır, qeyri-leqal biznesdir. Bu, ölkə iqtisadiyyatının hüquqi  müstəvidən kənara çıxması deməkdir. Çünki “çirkli pullar” adətən kriminal sahələrdən gəlir”.

G.İsgəndorva sonda diqqəti “çirkli pullar”ın yuyulduğu sahələrdən daha birinə yönəltdi: “Ənənəvi olaraq, “çirkli pullar”ın yuyulduğu sahələrdən biri də, qumarxana biznesidir. Ən böyük məbləğdə pullar orada “yuyulur”. Süni uduşlar, saxta müştərilər vasitəsilə pullar qeydə alınır, müəyyən bir hissəsi uduş üçün yazılır,  qalanları isə leqallaşır. Vaxtilə İtaliya mafiyası bu üsuldan daha çox yararlanıb. İndi isə bu sahə həddindən artıq çoxşaxəli inkişaf edib”.

Oxunuş sayı 1267 dəfə
Şərh vermək üçün giriş edin
Top