Cümə, 18 Noyabr 2016 21:00

Ali Məhkəmə İlqar Məmmədovu həbsdə saxladı - VİDEO

REAL sədrinin çoxdan gözlənilən məhkəməsi baş tutsa da, onun kasasiya şikayəti təmin olunmadı 

Noyabrın 18-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun Şəki Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətinə baxılıb. Məhkəməyə İ.Məmmədovun özü gətirilməsə də REAL-çılar, bəzi müxalif partiya rəhbərləri və jurnalistlər zala buraxıldılar.  Həmçinin, bir müddət öncə əfv fərmanı ilə azadlığa buraxılan Tofiq Yaqublu da məhkəmə zalında idi.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayəti təmin olunmadı və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Prosesdən sonra jurnalistlərə açıqlama verən İ.Məmmədovun vəkili Fuad Ağayev  bildirdi ki, qəbul olunmuş məhkəmə qərarları Azərbaycanın ədalət sisteminin göstəricisidir: “Açıq-aşkar ortada olan  obyektiv sübutlara qiymət vermək istəməyən, yaxud da tərsinə qiymət verən hakimlərə, məhkəmələrə hansı sözüm ola bilər? Ona görə də biz məcburuq yenə də üzümüzü beynəlxalq qurumlara tutaq”. 

REAL Hərəkatının rəhbərlərindən olan Azər Qasımlı isə söyləyib ki, onsuz da məhkəmədən ədalətli qərar gözləmirdilər.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bildirib ki, qərar tam siyasidir: “Ola bilsin ki, ölkə rəhbərliyinə yanlış məlumatlar verirlər və buna görə də qərar verilir ki, İlqar Məmmədovu həbsdə saxlayın. İlqar bəydən başqa 4 nəfər də bu iş üzrə məhbəs həyatı yaşayır. O da yerli hakimiyyət orqanları ilə problemi olan şəxslərdir. Bundan istifadə edib, onları həbsə salıblar. Bir yol qalıb, o da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bildirib ki, İlqar bəyin özünün bu gün azadlığa  çıxacağına ümidi yox idi:  “İlqarla 2 gün öncə telefonla danışdım. Özünün ümidi yox idi və bilirdi ki, xeyirli bir qərar çıxmayacaq. Mən də məhkəməyə çox az ümidlə gəlmişdim. Ümidimiz sadəcə Avropa Məhkəməsinə qalıb. Düzünü deyim ki, məhkəmədən hələ daha pis qərar çıxacağından qorxurduq. Yaxşı ki, Azərbaycandakı məhkəmələrdən canımız qurtardı”.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apelyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kasasiya şikayəti veriblər. Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. 

Şəki Apelyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kasasiya şikayəti verib. Xatırladaq ki, T.Yaqublu bu ilin martında verilən əfv sərəncamı ilə azad olunub.

Oxunuş sayı 1166 dəfə
Şərh vermək üçün giriş edin
Top