Çərşənbə axşamı, 23 İyun 2015 21:00

Ağdaş rayon Prokurorluğunda rüşvət?

Cabbarov Araz Ağabala oğlu “Cənab Prezident! Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilov zaminliyə buraxma adı ilə məndən 2000 manat pulu aldı...”

Ağdaş şəhəri, Babək küçəsi, ev-10-da yaşayan Qarabağ müharibəsi veteranı Cabbarov Araz Ağabala oğlu Prezident İlham Əliyevə ünvanlı şikayətini “Təzadlar”a göndərib. Şikayət məktubunda deyilir:

Hörmətli cənab Prezident!
Bəlkə də Qrabağ müharibəsi zamanı düşmən ermənilər tərəfindən edilən vəhşiliklər mənə bir o qədər də təsir etməməmişdi, çünki onlar düşmənlərimizdir, ancaq özlərini azəri övladları sayan Ağdaş rayonunun hüquq mühafizə orqanlarında çalışan bəzilərinin etdiyi qanunsuzluqlar, özbaşınalıqlar və ədalətsizliklər nəticəsində özümü öldürmək həddindəyəm. Belə ki, Ağdaş Rayon Polis Şöbəsinin serjantı Bəhruz Həşimovla qohumluq münasibətlərimiz məhkəmə qaydasında pozulduğundan bizimlə düşmənçilik, qərəzçilik aparırdı. Hətta o, bir neçə -dəfə yaxın qohumlarımı, məni şərləyəcəyi ilə hədələmişdi və biz bu barədə Ağdaş Rayon Polis Şöbəsinə, rayon Prokurorluğuna şikayət ərizələri ilə müraciətlər də etmişdik.

“Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilov guya zaminliyə buraxması üçün məndən 2000 manat pulu aldı...”

Ancaq polis serjantı Bəhruz Həşimov heç bir qanuni tədbirlərin görülməməsindən daha da ruhlanaraq bizi nəyin bahasına olur-olsun şərləməyi qarşısına məqsəd qoymuşdur. O, 07.09.2014-cü il tarixdə 2 yaşı tamam olmamış azyaşlı uşağımla parkda gəzərkən qəfil üstümüzə hücum edib camaatın gözü qarşısında məni söyüb-təhqqir etdi və məni yumruq-təpiklə vurdu. Bütün bunları görən şahidlərim vardır. Ancaq buna baxmayaraq məni qanunsuz olaraq heç bir qeydiyyat aparmadan 3 gün Ağdaş RPŞ-də saxladılar ki, guya polisə əl qaldırmışam və məqsəd də istədikləri 10.000 manat pulu ala bilsinlər. Parkda 2 yaşlı övladı ilə istirahət edən adam da polislə döyüşə çıxır? Hansı ki, müstəntiqlər də bilirdilər ki, polis serjantı Bəhruz Həşimovla bizim ailə arasında məhkəmə mübahisəsi olmuşdur... Və 3 gündən sonra prokurorluğun müstəntiqi 2000 manat pul alıb məni həbsdən azad etdilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə başlanılmış cinayət işini istintaq edən Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilov 2000 manat pulu məni guya zaminliyə buraxması üçün aldığını bildirdi. Ancaq həmin vaxt mən nə şübhəli, nə də ki, təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməmişdim. Ancaq şahid kimi dindirilmişdim. Sonra cinayət işini Cinayət Məcəlləsinin 315-ci maddəsindən 128-ci maddəsinə tövsif etdilər. Çünki 10 min manatı verməyəcəyimi bildirdim...

“Dəfələrlə Ağdaş rayon prokuroru Seyfəddin Abdullayevə şikayət etsəm də o, müstəntiqin bu korrupsiya və rüşvət alma əməlinə qarşı heç bir tədbir görmədi və əksinə, bundan sonra vəziyyətim daha da qəlizləşdi...”

Buna görə də müstəntiq Pərviz Cəlilov məndən 1500 manat aldı. Sonra maddə dəyişdiyinə görə cinayət işini Ağdaş RPŞ-nin baş müstəntiqi Şirazi Qasımov istintaq etdi. O da məndən bir neçə dəfə pul aldı. Cinayət işinin ibtidai istintaqı başdan-başa qanunsuzluqla, qərəzçiliklə aparılmışdı. Və dəfələrlə Ağdaş rayon prokuroru Seyfəddin Abdullayevə şikayət etsəm də o, müstəntiqin bu korrupsiya və rüşvət alma əməlinə qarşı heç bir tədbir görmədi və əksinə, bundan sonra vəziyyətim daha da qəlizləşdi. Hansı ki, konkret və mötəbər subutlarım var ki, bu cinayəti polis serjantı Bəhruz Həşimov edib. Polis olduğu üçün məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etdilər... 3 gün polisdə qanunsuz saxlanılmağımı təsdiq edən şahidlər də var. Mənə vəkil ayrılmasını bildirsələr də heç bir vəkil görməmişəm. Həmin vəkil də onların öz əlaltıları idi. Ümüd etdim ki, ədalət mühakiməsi olacaq və məhkəmə işə obyektiv baxacaq. Ancaq ilkin məhkəmə iclasında hakim Famil Nəsibovun qanunları yox, şəxsi maraqlarını və prokurorun xahişini üstün tutduğunu görüb hakimə etiraz etdim. Ancaq etirazım təmin edilmədi iş yenidən həmin hakimin icraatına qaytarıldı. Hansı ki, etirazım tam əsaslı idi. Cinayəti törədən polis serjantı Bəhruz Həşimovun əməllərini ört-basdır edən Ağdaş Rayon Prokurorluğunun bu özbaşınalıqları nəticəsində özümü öldürmək həddindəyəm.

“Cənab Prezident! Ağdaş rayon Prokurorluğunun və polisin müstəntiqinə verdiyim rüşvətlərə görə borca düşmüşəm...”

Bəlkə də bu vəhşiliyi düşmənlər də etməzdi ki, həmin günü 07 sentyabr 2014-cü il tarixdə (cinayət hadisəsi olan günü) mənə qarşı edib 2 yaşı tamam olmamış azyaşlı uşağımı ayaqlar altında baxımsız qoyub məni həbs etdilər. Cənab Prezident! Ağdaş rayon Prokurorluğunun və polisin müstəntiqinə verdiyim rüşvətlərə görə olmazın borca düşmüşəm. Rüşvətin məndən alınmasının telefonla video çəklişləri də var. Mən Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşmuşam. Vətənimi, elimi-obamı canım qədər sevirəm. Ancaq üzləşdiyim bu haqsızlıq, özbaşınalıq, ədalətsizlik məni intihara məcbur edir. Kaş ki, vətənin suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olaydım ki, belə harınlıqlarla, özbaşınalıqlarla rastlaşmayardım. Mən “Təzadlar” qəzeti vasitəsi ilə cənab Prezident, Sizə müraciət edib xahiş edirəm göstərdiyim korrupsiya, qanunsuzluq faktlarını obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə, barəmdə olan saxta, qondarma cinayət işinin məhkəmə prosesinin nəzarətə götürülüb ədalətli hökm çıxarılmasına köməklik edəsiniz.
Redaksiyadan: Dünən Ağdaş rayon Prokuroluğunun müstəntiqi Pərviz Cəlilova zəng edərək, mövqeyini soruşduq. O, yazılanları böhtan adlandırdı: “Azad öz dostunu öldürüb 15 il yatıb-çıxan adamdır. Bu dəfə isə bacısı qızını boşamış polis serjantını təhqir edib döyüb. Tutulacağını başa düşərək bu şər-şəbədəyə əl atıb”.

İlqar Sadıqov

Oxunuş sayı 2078 dəfə
Şərh vermək üçün giriş edin
Top