Cümə, 14 Oktyabr 2016 22:00

Qeydiyyat üçün verilmiş sənədlər Ədliyyə Nazirliyində yoxa çıxıb?!

Hicablı Xanımların Müdafiəsi” İB-nin qeydiyyat üçün təqdim etdiyi sənədlər Ədliyyə Nazirliyində yoxa çıxıb. Bu barədə Xeber.İnfo-a Birliyin həmtəsisçisi, ictimai-siyasi fəal Könül Əmirova məlumat verib.

Onun sözlərinə görə, həmtəsisçisi olduğu Birliyin təsis toplantısı keçiriləndən sonra qeydiyyat üçün müraciət ediblər: “Azərbaycanda hicablı xanımlar üçün hüquqi əngəllər yaradılıb. Başörtüyü ilə hər hansı bir sənəd üçün şəkil çəkdirmək qadağandır. Bu da, xanımlara ciddi problem yaradır. Eyni zamanda hicablı xanımlar dövlət idarələrində işə qəbul edilmirlər. Məhz bu kimi halları nəzərə alıb, hicablı xanımların hüquqlarını müdafiə etməyi düşündük. “Hicablı Xanımların Müdafiəsi” İctimai Birliyini təsis etdik. Qeydiyyat üçün tələb olunan bütün sənədləri hazırlayıb, Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə təqdim etdik. Lakin bir müddət sonra məlum oldu ki, sənədlər Nazirlikdə yoxa çıxıb”.

K.Əmirova sənədləri təkrar təqdim edəndə isə, polis təzyiqlərilə qarşılaşdıqlarını deyir: “Birliyin qeydiyyatı üçün təkrar müraciət etdik. Bu dəfə daha sərt təpki ilə üzləşdik. Məlum oldu ki, sənədlər Nazirlikdə. Lakin kimlərsə, belə bir təşkilatın qeydiyyatına əngəl yaradırlar. Əvvəlcə, qeydiyyatda olduğum ünvanın polis nəzarətçisi belə bir təşkilatı yaratmaqdan çəkindirmək istədi. Yox cavabı alınca, Abşeron Rayonu Polis Şöbəsinə aparıb, təhdid etdilər. Ümumiyyətlə hicablı xanımların problemlərini qaldırmağın yasaq olduğunu deyib, məni həbs və müxtəlif işgəngələrlə hədələdilər”.

K.Əmirova 15 yaşlı oğlunun narkotiklə həbs edəcəklərini iddia edir: “Böyük oğlum 15 yaşında. Ya belə bir təşkilatdan əl çəkməlisən, ya da oğlunu narkotiklə həbs edəcəyik, deyirdilər. Minlərlə hicablı xanım hər gün ciddi problemlərlə üzləşir, hökumət də hüququ mübarizə aparmaq istəyimizə qarşı çıxır. Biz Konstitusiyanın verdiyi hüquqlarımızı tələb edirik. Hökumət niyə hicabdan və hicablı xanımlardan qorxur, bilmirəm. Bizi seçim qarşısında qoyur: ya hüquqlarımızın pozulmasına göz yummalıyıq, ya da övladlarımız şərlənərək həbs olunacaqlar. Bir ana üçün övladı ilə təhdid olunmaq, çox böyük problemdir”.

Qeyd edək ki, Könül Əmirova ictimai-siyasi fəaldır və Əliyev hakimiyyətinin fəaliyyətini sərt tənqid edir.

Oxunuş sayı 1524 dəfə
Şərh vermək üçün giriş edin
Top