Bazar ertəsi, 10 Oktyabr 2016 22:00

“Müstəqil media müxtəlif yollarla sıradan çıxarılır”

Elmidar Əliyev: “Artıq Azərbaycanda jurnalistika çox təhlükəlidir”

“Artıq Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox təhlükəlidir. Hakimiyyətin maraqlarına toxunan hər hansı bir yazı jurnalistin həbsi üçün əsas ola bilər. Baş redaktoru olduğum AzToday.az portalında işıqlandırılan yazılarla bağlı hazırda 2 məhkəmə prosesi davam edir. Azərbaycan hakimiyyətinin ən qüdrətli məmurlardan biri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı son günlər verdiyimiz yazılarla bağlı xeyli təhdidlər almışıq. Açıq mətnlə bizi məhv edəcəklərini bildirirlər. Kəmaləddin Heydərovun yaxın qohumu, Dövlət Gömrük Komitəsinində önəmli vəzifə tutan, Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun mənimlə bağlı 22 aprel 2016-cı il tarixində Yasamal rayon məhkəməsinə xüsusi ittiham qaydasında məhkəmə müraciət etmişdi.  Qarşı tərəflə razılaşma əsasında təkzib verməklə onları məhkəmə iddiasından geri çəkilməyə razı sala bildik. Bununla belə bizdən tələb edirlər ki, daha Kəmaləddin Heydərovla balı yazılar verməyək. Prezident Administrasiyasının rəhbərinin müavini, Ərazi-İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevlə bağlı yazdığımız  “Şamaxıda baş verənlərə bəs nə ad verək, Zeynal Nağdəliyev” başlıqlı yazı ilə bağlı saytın baş redaktoru olaraq məni məhkəməyə veriblər. İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Zeynal Nağdəliyevin adamı olaraq tanınan Qasım Qasımov həmdə 100 min manat kompensasiya tələb edir. Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovanın şərəf və ləyaqətinin təhqir olunması ilə iddiası əsasında Lerik rayon Məhkəməsi tərəfindən Aztoday.az saytının baş redkatoru olaraq 3 min manat  cərimə olunmuşam. Apellyasiya və ali Məhkəməyə etdiyimiz şikayətlər təmin olunmayıb. Bu məhkəmə prosesi ilə bağlı Konstitutsiya Məhkəməsinə şikayət etmişəm. İşə hələ baxılmayıb. Əməkdaşımış, araşdırmaçı jurnalist Murad Əhmədov davamlı olaraq hədələr alır. Bütün bunlar Azərbaycanda  alternativ fikrə artıq yer olmadığından xəbər verir. Məcburiyyət qarşısında qalıb, saytı bağlamaq istəyirik”.

Bu sözləri əməkdaşımıza açıqlamasında AzToday.az portalının baş redaktoru Elmidar Əliyev bildirib.

Onun sözlərinə görə, hakimiyyətin repressiyyalarını və korrupsiya əməliyyatlarını işıqlandırdığımız üçün hüquq-mühafizə orqanlarına bir-neçə dəfə çağrılaraq təhdid edilmişəm və tənqidi yazılara son qoyulmasını tələb ediblər.

Azərbaycanda müstəqil media qurumlarının vəziyyətinin ağır olduğunu deyən baş redaktorun fikrincə hakimiyyəti müstəqil media qurumlarına şirkətlərin reklam verməsini qadağan etdiyindən jurnalistlərin maddi vəziyyətləri çox ağırdır: “Bu səbəbdən azad olmayan və sifarişlə işə baxan məhkəmələrdə keyfiyyətli şəkildə hüquqi müdafiəmi də təşkil edə bilmirəm”.

Elmidar Əliyevin sözlərinə görə, hakimiyyətin ölkədə monarxiya quruluşunu rəsmiləşdirmək üçün keçirdiyi 26 sentyabr referendumundan sonra Azərbaycanda vəziyyət çox kritikləşib: “Artıq hakimiyyətin yüksəkçinli məmurlarının tənqid edən jurnalistlər bir-bir hədələnərək, BANDOTDEL-ə çağrılır: “Referendum sonrası ölkədə böyük repressiyaya start verilib. İlk olaraq müstəqil media hakimiyyətin hədəfindədir. Müstəqil media müxtəlif yollarla sıradan çıxarılır. Mediada müxtəlif fikirliliyə və tənqidi yazılara dözümsüzlük nümayiş etdirilir və dərhal hüquq-mühafizə orqanları hərəkətə keçir. Artıq Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox təhlükəlidir”.

Oxunuş sayı 1509 dəfə
Şərh vermək üçün giriş edin
Top