Cümə, 23 Sentyabr 2016 22:00

İki əlil uşaq anası polis özbaşınalığından ölkə başçısına şikayət etdi - FOTO

Lerik rayonu Şonəçöləkənd sakini Həbibova Gülnar İbrahim qızı ölkə başçı İlham Əliyeva, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova polis işçiləri tərəfindən oğurlandığı iddia olunan əlil və xəstə oğlu Bəşirov Altay Ənvər oğlunun sərbəst buraxılması ilə bağlı müraciət edib.

Gülnar Həbibova müraciəti Xeber.İnfo-a göndərib.

Ana üzünü ölkə başçısına və Mühriban xanım Əliyevaya tutaraq xəstə oğlunun tez bir zamanda azad edilməsini tələb edir: “Oğlum Bəşirov Altay Ənvər oğlu Bakının Xəzər rayonu Bunə qəsəbəsində kirayə qalıb, yüngül işlərdə fəhləlik edirdi. Oğlum xəstədir, əlildir. Bel və sinə sümüyü əyridir və şiş var. Ona görə də ancaq yüngül işlərdə çalışır. Təqribən iki ay əvvəl gözlənilmədən əlaqəmiz kəsildi. Bir ay oğlumun harda olması barədə xəbər ala bilmədik. Bütün polis idarələrini və xəstəxanaları axtardıq. Bir aydan sonra məlum oldu ki, Xəzər rayon Polis İdarəsinin I-ci polis bölməsində saxlanılır. Guya oğurluq edərkən polis saxlayıb. Bizdə olan məlumata görə iki nəfər oğurluq edib və sonra həmin iki nəfər gəlib oğlumla çay içiblər. Həmin günün axşamı polis oğlum kirayədə yaşadığı evə gələrək oğlumu aparıb və heç kimə məlumat verməyib. Buna görə də oğlumun oğurlandığını düşünürəm.

Sonra həmin iki nəfərin sərbəst buraxılmaları barədə məlumatlar almışıq. 

Cənab İlham Əliyev!

 Oğlumun həyatı təhlükədədir. O hər an həyatını itirə bilər. Sizdən xahiş edirəm, oğlum Bəşirov Altay Ənvər oğlunun sərbəst buraxılması barədə göstəriş verəsiniz.

Hörmətli Mehriban xanım,

İki əlil uşaq anası kimi üzümü sizə tuturam. Həyat yoldaşım dünyasını dəyişib. Bir qızım da eyni xəstəliyin daşıyıcısıdır. Bir ana kimi məni Siz daha yaxşı başa düşərsiniz.

Ümidvaram ki, oğlumun qanunsuz həbs olunmasını diqqətdə saxlayacaq və onun sərbəst buraxılmasına yardım edəcəksiniz.

İki əlil uşaq anası Həbibova Gülnar İbrahim qızı”.

Xeber.İnfo

Oxunuş sayı 1367 dəfə
Şərh vermək üçün giriş edin
Top