Bazar, 10 İyul 2016 22:00

Hakimiyyət demokratik dəyərlərdən niyə qorxur?

Vüsal Aslanov: “Düşünürəm ki, ölkədə azad düşüncəyə qarşı total hücumlar siyasi hakimiyyətin bir daha iradəsizliyini və qorxaqlığını göstərir”

“Azərbaycanda məhkəmə sistemi korrupsionerləşib. Məhkəmələr ya siyasi qərar verirlər, ya da maddi maraq güdürlər. İstənilən şəxsi cinayətkar edib, ən ağır cəzaya layiq görərlər”. Bu sözləri ictimai-siyasi fəal Vüsal Aslanov deyib.

V.Aslanov hesab edir ki, hakimiyyət alternativ fikirdən qorxur: "Ölkədə ciddi qorxu yaradıblar. Demokratik dəyərlər sadəcə dildə və sözdədir. Hökumət insan hüquq və azadlıqlarını tələb edən şəxsləri saxta ittihamlarla həbsə salır. Bu addımla həm özünə qarşı formalaşmaqda olan şəxsləri zərərsizləşdirməyə çalıır, həm də digərlərində qorxu yaradır. Çox gülünc vəziyyət yaranıb. Sosial şəbəkələrdə fərqli fikir yazan şəxslər Dövlətə xəyanət maddəsi ilə ittiham olunurlar. Hesab edirəm ki, məni də hökuməti tənqid etdiyim üçün ən ağır maddələrlə ittiham edərlər. Yəni istənilən şəxs hakimiyyətin yanlış siyasətini tənqid edirsə, deməli hakimiyyət ona potensial rəqib kimi baxır".

V.Aslanov əlavə edib ki, Azərbaycan məhkəmələri siyasi hakimiyyətin iradəsini əks etdiri: “Əslində Azərbaycanda belə təcrübə var. İnsanları saxta ittihamlarla həbsə salıb, fəal şəxslərin gözünü qorxutmaq istəyir hakimiyyət. Bu gün bəlkə də minlərlə günahsız insan saxta ittihamlarla azadlıqdan məhrum edilib. Hesab edirəm ki, Azərbaycan Məhkəmə sisteminin açıq bazar qaydaları ilə idarə olunması heç kimə sirr deyil. Məhkəmələr ya siyasi hakimiyyətin iradəsini əks etdirir, ya da maddi maraq güdürlər. Düşünürəm ki, ölkədə azad düşüncəyə qarşı belə total hücumlar siyasi hakimiyyətin bir daha iradəsizliyini və qorxaqlığını göstərir”.

Oxunuş sayı 1986 dəfə
Şərh vermək üçün giriş edin
Top