Cümə axşamı, 07 İyul 2016 22:00

“Avro-2016”: Fransa millisi də finala çıxdı

İyulun 7-də futbol üzrə Avropa çempionatının ikinci yarımfinal oyunu keçirilib.

Marselin “Velodrom” stadionunda keçirilən matçda Almaniya və Fransa milli komandaları qarşılaşıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün birinci hissəsinə əlavə edilmiş ikinci dəqiqədə Fransa yığmasının üzvü Antuan Qrizman 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb. Matçın birinci hissəsi bu hesabla başa çatıb - 1:0.

Qarşılaşmanın ikinci hissəsində Qrizman özünün və komandasının ikinci qoluna imza atıb. Bu dəfə o, almaniyalı qapıçı Manuel Noyerin kobud səhvindən sonra topu “bundestim”in qapısından keçirib.

Beləliklə, görüş Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda finala yüksələrək Portuqaliyanın rəqibi olub.

Final görüşü iyulun 10-da Parisin “Stad de Frans” stadionunda keçiriləcək.(AzərTAc)

Oxunuş sayı 1431 dəfə
Şərh vermək üçün giriş edin
Top