Cümə, 28 Oktyabr 2016 22:00

Azad Rəhimovun çoxmilyonluq layihəsi necə batdı? - ÖZƏL

Azərbaycanda “Gənclər şəhərciyi”nin salınması mümkün olmayacaq. Hansı ki, cəmi bir il əvvələdək bu haqda yüksək səslə danışılırdı. Hətta layihənin gerçəkləşdirilməsi üçün yer də ayırılmışdı. 

Qaynarinfo.Az xatırladır ki, “Gənclər şəhərciyi” gənclər və  idman naziri Azad Rəhimovun projesi idi. Layihənin icrası üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılması nəzərdə tutulmuşdu. Məqsəd kimi isə gənclərin mənzil təminatını yaxşılaşdırılması göstərilirdi. 

Amma neftin kəskin ucuzlaşması nəticəsində yaranan maliyyə böhranı A.Rəhimovun reallaşmasında çox maraqlı olduğu bu projenin də arxivləşdirilməsinə səbəb olub.

Qeyd edək ki, gənclər və idman nazirinin “Gəınclər şəhərciyi” projesi ölkəyə neft pullarının sürətli axını dövründə - hardasa 10 il öncə irəli sürülmüşdü. Bu o vaxt idi ki, ayrı-ayrı oliqarxlar bu cür ilk baxışdan gözqamaşdırıcı layihələrlə çıxış etməyi sevirdilər, çünki həmin layihələr milyonlarla manatlıq büdcə vəsaitinə nəzarət etmək, ondan istənilən cür yararlanmaq imkanı verirdi. 

Hələ 2007-ci ildə A.Rəhimov bildirmişdi ki, Gənclər və İdman Nazirliyi “Gənclər şəhərciyinin tikilməsinin yollarını axtarır: “Bu istiqamətdə fəal olmasa da, müxtəlif şirkətlərlə danışıqlar aparılır”. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nazirlik üçün Hövsan qəsəbəsində ayrılmış 3 hektar yer neçə müddətdir ki, boş qalıb. 

Aradan 8 il keçdikdən sonra isə necə olmuşdusa, A.Rəhimov 180 dərəcə əks açıqlama ilə çıxış etdi. Nazir ötən ilin dekabrında qəfildən bəyan etdi ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil. O, daha sonra əlavə etdi ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: “Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil”. 

Əlbəttə, Rəhimovdan soruşsaq ki, niyə 2007-ci ildə “Gənclər şəhərciyi” inşa etmək fikrinə düşmək bazar iqtisadiyyatı sisteminə görə mümkün idi, amma 2015-ci ildə yox? - əminik ki, nazir bu sual qarşısında ağlabatan cavab verməyə çətinlik çəkərdi. 

Ona görə də Azad müəllim gərək doğrusunu danışa və uzun illər boyu haqqında tərifli sözlər deyilən bir layihədən imtina olunmasının gerçək səbəbini açıqlayaydı. Deyəydi ki, səbəb – maliyyə qıtlığıdır. 

Qaynarinfo.Az-ın məsələ ilə bağlı araşdırmasından o da məlum olub ki, əslində “Gənclər şəhərciyi” layihəsi 2-3 il əvvələdək reallaşdırıla bilərdi. Bunun üçün büdcə vəsaiti ayırmaq çətin deyildi. Sadəcə olaraq, həmin vaxt da hökumət daxilindəki bəzi anti-Rəhimovçu çevrələr bu projenin başlamasına mane oldular. Çünki “Gənclər şəhərciyi” layihəsi adıçəkilən nazirə milyonlarla manat vəsait üzərində nəzarət fürsəti yaradırdı. Belə layihələr isə onu həyata keçirənləri bir az da gücləndirir. A.Rəhimovun “vurulmasında” maraqlı olanlar məhz bu səbəbdən “Gənclər şəhərciyi” ideyasının reallaşmasına mane olublar. 

Sonradan isə başlayan iqtisadi böhran – neftin kəskin ucuzlaşması, devalvasiya və s. kimi amillər sözügedən projeni avtomatik olaraq arxivə göndərdi. 

İndi kağız üzərində qalan həmin layihə yəqin ki, Azad müəllim üçün kədərli bir xatirədən başqa heç nə ifadə eləmir... 

Oxunuş sayı 2119 dəfə
Şərh vermək üçün giriş edin
Top