Cümə axşamı, 27 Aprel 2023 21:44

Minbərdə “Mənim ağzımı açmayın” – deyən cənab Cavidə kiçik xatırlatma!

Ramazan bayramından (22.04.2023) saylı günlər keçir. Lakin bayramla bağlı ittihamlar, təhdidlər və “işverənlik” bitmək bilmir. Bir qrup hökuməti məcbur edir ki, 22-də bayram edənləri həbs və bu kimi vasitələrlə cəzalandırsın.
Bəzi fürsətçillər də əlverişli fürsət yaxalamışlar kimi 22.04 tarixində bayram edənləri sorğu-suala çəkir, həqiqi möminləri zalım rejimin hədəfinə çevirirlər.
Allah hər şeydən xəbərdardır, zalıma arxalanan və onunla əlbir olanın ən kiçik cəzası zalımla məhşur olmaqdır ki, inşallah ilahi vəd öz yerini tutacaq!
Əlqərəz, belə fürsətçillərdən biri də, öz iddiasına görə, elm tələbəsi olan Cavid bəydir. Məlumat üçün deyim ki, Cavid Məmmədov Allahşükür Paşazadənin təyinatı ilə 2015-ci ildən “Əjdərbəy” Məscidinin axundudur. Haqqında birmənalı fikir yoxdur. Qanunsuz silah saxlama maddəsilə 2012-ci ildə 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzası alsa da, 10 ay sonra azadlığa buraxılıb. O zamandan zalım və qəsbkar Əliyev rejiminin təbliğatçısıdır. Son illər isə İslam dinin əsas onurğası olan “Müctəhidlik İnstitutu”na qarşı fikirlər səsləndirir.
Qeyd etdiyim kimi, Fitr bayramı ilə əlaqədar Cavid bəy “üzrü günahından betər” bir performans göstərdi. Aprelin 21-də bayram namazı qılıb, ətrafında olanları bayram etməyə dəvət edib. Bununla işimiz yoxdur, özü və ətrfındakılar bilər. Sonra özünün də etirafına görə, görəndə ki, ondan başqa heç kim bayram elan etməyib, özünə haqq qazandırmaq, yaxud onunla həmfikir olmayanları təhdid etmək, yenə də yaxud həqiqi dindarları zalım rejimin hədəfinə gətirmək məqsədilə ardıcıl iki (izlədiyim) ziddiyyətli açıqlamalar verib. Həmin videoçıxışlarındakı bəzi fikirləri qeyd edəcəm ki, məntiqi yanlışlığı və fikir uyuşmazlığını əziz oxucular özləri müəyyən etsinlər.
Bəy etiraf edir ki, 21 apreli ondan başqa kimsə bayram elan etməyib: “Mən özüm də mətbuatı izlədim, gördüm ki, məndən başqa heç kim ayın 21-də (21.04.2023) bayram elan etməyib”. Bu, onun dərindən düşünməyinə səbəb ola biləcək haldır. Lakin nəinki düşünmür, yanlış qərarına yanlış dəlillərlə haqq qazandırmağa çalışır. Belə açıqlama ilə bəlkə də zalım rejimə nə qədər bağlı oldugunu mesaj verir. Eyni zamanda qeyd edir ki, mən həm bayram namazı qıldım, həm də bayram etdim, orucumu pozdum: “21-i bayram eləmişəm və orucumu da açmışam. Bəziləri kimi oruclu halda bayram eləməmişəm”. Bəy əfəndi yəqin ki, hökumətin göstərişlərini tam yerinə yetirməyən axundları hədəf göstərir. Ruhanilərdən açıq mövqe tələb olunduğu bir dövrdə belə bir açıqlamanın nə ilə nəticələnəcəyi çoxuna məlumdur.
Etdiklərini şəriətə bağlayır, bilərəkdən və elmi əsaslarla möhkəmləndirdiyini iddia edir: “Hər hanıs bir söz deyirəmsə, qərar qəbul edirəmsə, arxasında şəriət söykənəcəyi var. Atdığım addımı cəhalət üzündən atmıram”. Çox yaxşı, biz bu iddiaya müxalif deyirik. Amma bir qədər sonra fərqli mövqe səsləndirməklə bəhanələr uydurması ortaya çıxacaq.
Bu yerdə əziz oxuculara kiçik izahat verim ki, Cavid bəyin çıxışına belə önəm verdiyimin səbəbi anlaşılsın. Fitr Bayramı ilə bağlı mübahisə ilk deyil və son da olmayacaq. Bu məsələ hər kəsin özünün təyin edə biləcəyi məsələdir ki, əməli risalələrdə geniş yer verilib. Ramazan ayı nə zaman başlayır, ayın hilalının görünmə şərtləri nələrdir və bu kimi suallara rahatlıqla hər kəs cavab tapa bilər. Yetər ki, təqva üzündən olsun araşdırma. Bəy Ramazanı və ayı bəhanə edərək, dolayısı ilə İslmın əsas onurğası olan Müctəhidlik İnstitutuna qarşı çıxır. “Qiyamət günü səndən soruşulmayacaq Əhmədə, Hüseynə niyə təqlid etməmisən. Səndən əməlinin düzgünlüyü soruşulacaq” – deyir. Amma şiə fiqhinə görə müsəlmanın əməli məsələlərdə vəzifəsi 3 hala görə dəyişir. Ya müctəhid olacaqsan, ya ehtiyata əməl edəcəksən, ya da təqlid edəcəksən. “Qiyamətdə səndən niyə Əhmədə təqlid etmədin” deməklə, təqlid məsələsinin önəmini şübhə altına salır.
Cənabınız bilməmiş deyil ki, Şiə fiqhində ictihad qapısı açıq oldugu kimi, təqlid mərcələrinin də diri olması şərtdir. İstisna hallarda dünyasını dəyişən müctəhidlərə təqlid etmək caizdir. Bu dediklərimin mənbəyi bütün əməli risalələrdir ki, bu mövzuda heç bir müctəhidin fərqli mövqeyi yoxdur. Hətta çıxışlarından belə sezilir ki, özü müctəhidlik xülyasındadır. Çünki digər müctəhidlərin müqəllidlərinə bayram çağırışı edən, filan-filan müctəhidlərin filan-filan hökmlərini qəbul etmirəm. dəlili olan çıxsın qarşıma və s. – deyən adamın iddiasının nə qədər böyük olduğu, diqqətləri haraya yönəltmək istədiyi, nəyə zəmin hazırlamağa çalışdığı bəllidir. Artıq bir neçə ildir ayrı-ayrı məsələlərə sırf hökumətin xeyrinə olan dini izahlar verməklə, bəlkə də, hökumətin uzun illərdir axtardığı “milli müctəhid” namizədiliyi, bu sahədə dolmayan vakansiya üçün xidmətçi ünvanı göstərir…
Gələk cənabın 21-i bayram etmə əsaslarına;
Əvvəlcə deyir ki, mən bayramı Şamaxı rəsədxanasının dediyinə görə deyil, 15 müctəhidin fətvası əsasında etmişəm. Sonra isə Fitr bayramı üçün müctəhid fətva verə bilməz, ayın görunmə şərtlərini deyə bilər, deyir. 15 müctəhidin adını çəkir və onlardan 10-u dünyasını dəyişib, qalan beşindən biri də 22 aprel tarixində bayram edib. 4 müctəhid də məhşur deyil və qalmaqallı fikirlərlə tanınırlar.
“Bu 10 müctəhid sağ olsaydılar, bunlar fətva verəcəkdilər ki, Şimali Amerikada “bir dəstə mömin” tərəfindən görülən ayla bayram edə bilərsiniz. Bu 10 müctəhid ölsələr də, müqəllidləri və dəftərxanaları hamısı 21-ə fətva veriblər ki, camaat, gedin bayram edin”. Bu fikirlərlə insanları çaşdırmağa çalışır.
Cənab, sən hardan bilirsən ki, bu müctəhidlər sağ olsaydılar, 21-i bayram elan edəcəkdilər? Dini fətvanı müctəhid verir, onun idarəsi (dəftəri) yayır. Nə zamandan dəftər və təqlid edənlər fətva verirlər? Əgər bir müctəhid dünyasını dəyişibsə, onun dəftəri niyə və necə fətva məsələlərində aktiv ola bilər? Müqəllid fətva verəndirsə, niyə təqlid edir? Bəlkə sənin nəzərinə görə, ictihad qapısı bağlanıb və biz də 4 sünni məzhəbi kimi davranmalıyıq?! Bəs, bu paradoks açıqlama nəyə lazımdır? Hətta fərz etsək ki, nəzərdə tutduğun müctəhid və ya müctəhidlər sağ olsalar belə, başçqa bir müctəhidin müqəllidlərinə bayram etdirməyə ixityarları yoxdur. Bu, eynilə sizə də aiddir. Siz hansı əsasla kimisə bayram etməyə çağırırsınız? İndi sizin sözünüzlə bayram edən şəxs sizə təqlid etmiş olmurmu?
İddia edirsən ki, Şimalı Amerikada ay görülsə, bayram edəcəm, prinsipini qəbul edirəm. Çox yaxşı. Amma ayı necə və nə zaman gördüyünü demirsən. Bu qədər rəhmətlikləri narahat edincə, bir dəfə de ki, ayı Səlyan səmalarında gördüm. Yaxud, ay London, Vaşinqton fəzasında görünüb, de. Kim deyib ki, ay orada görünüb? Kimlər görüb? Kim nə deyəcək sənə? Ayın görülməsinin ilk şərti şəxsin öz müşahidəsi, iki adil şəxs və bir qrup əminlik yaradan insanların görməsi deyilmi?
Ən yaxşısı isə, onsuz da çətindəsən, nala-mıxa vurmaqla, xüsusi terminlərlə camaatı çaşdırmağa çalışınca, ayı 20-i axşam gördüyünü, 21-i bayram elan etdiyini bildir. Belə olan halda heç kim səndən dəlil tələb etməz. Hə, çoxdanıncı ildə dünyasını dəyişmiş alim və müctəhidlərin ruhlarını narahat edəcəksənsə, o ruhlar səni bağışlamayacaqlar.
15 müctəhidin fətvası ilə bayram elan etdiyini deyirsən ki, onlardan 10-u dünyalarını dəyişiblər, fətva verə bilməzlər. Sağ olanlardan biri 22-də bayram edib (özün deyirsən), biri haqqında da ziddiyyətli fikirlər olduğunu bildirirsən. Çıxışın sonunda isə təqribən 45 dəqiqə danışdıqlarını iqnor edib, fətva ilə bayram edilməz deyirsən: “Ay məsələsində təqlid yoxdur. Müctəhid ayın sübut olunması yollarını fətva kimi bizə təqdim etməlidir. Bu gün bayram olub, olmamasını demək, yəqin bilin ki, müctəhidin vəzifəsi deyil. Müctəhid sənə yol öyrədəcək”.
Bu fikirdən dərhal sonra deyirsən: “Əgər müctəhid istəyirsənsə, 15-nin adını tutdum. 21-i bayramdır bu ağaların fətvalarına əsasən”.
Dünyasını dəyişmiş alimlər 21-i bayram fətvasını harda veriblər? Bu, yalan deyilmi?
Cənab Cavid, lütfən, dediklərini dinlə!
Niyə 21 aprel tarixini zorla bayram kimi qəbul etdirmək istəyirsən? Burax, hər kəs özü qərar versin. Axı bu, fətva məsələsi deyil.
Aha, indi isə qarınağrının diaqnozu haqqında!
Cənab, Fitr bayramı ilə Xudafərin sahili, yaxud Naxçıvan sərhəddinin nə əlaqəsi var? Ayın görülməsi, Fitr bayramının elan edilməsi İranın Azərbaycanla sərhəddinə bağlıdır? Yaxud hardan bilirsən ki, İranın hərbi təlimləri Allahın icazə vermədiyi işdir, İmamların razı olmadığı addımdır? Sənin bəsirətin o qədər açıqdır, yoxsa Allah tərəfindən sənə “İlham” gəlir?
“Gələcək, qoşununu tökəcək xudafərinin sahilinə, yaxud Naxçıvanla sərhəddə. 30 ildə təlim yadına düşmür, indi Naxçıvanla sərhəddə təlim yadına düşüb? Alim belə batil işə qarışmır, susur. Belə alimləri hövzə qəbul edir. Amma belə batil işlərə etiraz eləsə, desə ki, Allahın icazə vermədiyi işi görürsən, imamların razı olmadığı addımı atırsan, hövzə həmin adamı tanımır. Belə oyunlar da var” – bu fikirlə nəyi batil hesab edirsən?
Sonda, elm tələbəsi oldugunu iddia etdiyin halda, küçə qaydaları ilə danışmaq cəsarətinin mənbəyini soruşmaq istərdim!
Səninlə razılşamayanlara xitabən deyirsən: “Bilmirsən, otur yerində, qarışma, bərbərliyini elə. Sən kimsən ki, müctəhid haqqında məlumatın olsun? Onun haqqında məlumatı elm tələbələri əldə edirlər”.
Cənab, sənə kim haqq verib möminlərə belə müraciət edəsən? Müctəhidi tanımadan, necə ona təqlid etmək olur? Sən din tələbəsisənsə, əsas vəzifən din əxlqına uygun müctəhidi tanıtmaqdır. İslam Peyğəmbərindən (s), Məsum İmamlardan (ə) belə kibirli hərəkətlər oxumusanmı? Peyğəmbər minbərinə çıxıb, “Mənim ağzımı açmayın” demək, nə deməkdir. Dediklərini qəbul etməyəni söymək istəyirdin? Yaxud, ağzını necə açacaqdın?
11-ci məsum İmam həzrət Həsən Əskəri (ə) buyurur: “Xalqa rəhbər oldugunu iddia edənlər əvvəl özlərini islah etməlidirlər”.
Cənab, sizin islaha böyük ehtiyacınız var, sonra gec ola bilər!

Cavid Cabbarlı

Oxunuş sayı 2086 dəfə
Şərh vermək üçün giriş edin
Top