Cümə, 24 Aprel 2020 12:04

Bu ayda aldığınız hər nəfəs dua ibadətdir - TƏBRİK

Azərbaycan İslam Partiyası Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edir. Bu barədə AİP-dən Xeberinfo.de-ə məlumat verilib. Təbrikdə deyilir: 

“Allahın mərhəmət və bağışlanma ayı olan Ramazan ayı gəldi. Bu ayı yenidən görmək, yaşamaq arzusunda və niyyətində olanların dualarını Allah təala eşitdi, mübarək günləri onlara nəsib etdi. Biz də mübarək Ramazan ayının gəlişi münasibətilə xalqımızı, müsəlman dünyasını, bütün mömin qardaşlarımızı və möminə bacılarımızı səmimi qəlbdən təbrik edirik. Hər kəsə Tanrıdan bu ayın rəhmət və bərəkətini diləyirik. Allahın bəndələrinə ziyafət ayının başlanması və Ramazan günləri insanlıq dünyasına böyük və qiymətli mənəvi dəyərləri ilə zəngin töhfələr, İlahi nümunələr bəxş edəcəyi qədər sevinc, nikbinlik gətirir. Mübarək ayın başlanmasını bayram əhval-ruhiyyəsilə qarşılamağın əhəmiyyəti özünü bu günlərdə nəfsə qarşı mübarizədə və onun insan psixologiyasına verəcəyi mühüm nəticələrdə özünü göstərəcək. On bir ayın sultanı Ramazan həm də ayların ən məxfirətlisi ilə seçilir. Allah-təala məhz bu mübarək ayda bəşəriyyətə Özünün ən böyük hədiyyəsi olan Qurani-Kərimi nazil etdi. İnsanlığın qazandığı mənəvi saflıq və Allahın sevdiyi həyat tərzi nəticəsində bu ayda edilən dualar qəbul olunur, insanların Yaradandan istək və arzuları həyata keçir. İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində möminlərə söylədiyi xütbələrdən birində bu ayın insanlar üçün əhəmiyyəti barədə belə buyurmuşdur:”Ey insanlar! Allah-təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allah-təalanın nəzərində bu ay ən bərəkətli aydır. Gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısıdır.Bu ayda sizlər Allah-təalanın verdiyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah dualarınızı məstəcab edir”. Mübarək Ramazan ayı mənəvi, eimi, fəlsəfi mahiyyət etibarı ilə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında fərqli münasibətlərin yaşanmasını özündə ehtiva edir. Ramazan, eyni zamanda, cəmiyyətdə müxtəlif sosial, yaşam tərzi fərqlərinin aradan qaldırılmasının göstəricisi, ruhun və bütövlükdə insan vücudunun təmizlənməsi, paklanması ayıdır. Əziz Peyğəmbərimizin(s) buyurduğu kimi, bu ayda kasıblara, ehtiyac içərisində yaşayanlara əl tutmağın, kömək etməyin böyük bir sabab əməl olduğunu görərik. Ölkəmizdə də kifayət qədər kasıb və ehtiyac içində yaşayan insanları nəzərə alsaq məhz imkanlı insanların ibadət edib oruc tutmaqla bərabər onlara hər növ yardım etmələri də vacibdir. Xeyirxah əməl sahibləri bu ayın ən gözəl fəzilətlərindən biri olan öz nəfsi istəkləri ilə mübarizə keyfiyyətini qazanmış olurlar. Allahın seçdiyi və sevdiyi Ramazan ayı cəmiyyətimizə həm də haqqın yanında durmağı, ədalətli olmağı təlqin edir.Ölkəmizdə insanlara qarşı ədalətli münasibət sarıdan narahatedici, neqativ faktorlar çoxdur. Hazırda əziz Ramazan günlərini qondarma, saxta ittihamlar,ədalətsiz hökmlər nəticəsində təcriddə, məhbəsdə qarşılayan və oruc tutan dindar, ruhani qardaşlarımızın qarşılaşdıqları haqsızlıqlar buna bariz nümunədir.Bu hüquqazidd əməlləri törədən səlahiyyət sahiblərinin üzərinə də bu günlərdə yüksək ilahi məsuliyyət düşür. Haqsız həbs olunanların azadlıq haqlarının bərpa olunması üçün atıla biləcək hər hansı addım onların cəzalanmasına rəvac verənlərin Allah tərəfindən bağışlanmasına bir fürsət olacaq.

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, qurumun sədr əvəzi, hazırda təcridxanada saxlanılan Hacı İlham Əliyev və zindanlarda ömür sürən digər onlarla ruhani alim və möminlərin azadlığa qovuşması cəmiyyətimizin ən böyük istəyi və tələbidir. Dua edək ki, siyasi, vicdan məhbusları, ruhani alimlər, xalqını, Vətənini fikir və düşüncələrində daim əziz tutan vətənpərvər insanlar ən qısa zamanda evlərinə qayıdıb ailələrinə, yaxınlarına qovuşsunlar. Allah-təaladan bir daha tutacağınız oruc və edəcəyiniz ibadətin qəbul olunmasını diləyirik. Arzu edirik ki, qəlblərinizin iman çırağı bu mübarək ayda daha çox parlasın, Vətənimizin xoş gələcəyi, bütün müsəlman torpaqlarında İslam bayrağının ucalması, doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi üçün edəcəyiniz dualar Allah dərgahında qəbul olunsun”. 

Oxunuş sayı 1471 dəfə
Şərh vermək üçün giriş edin
Top