Bazar, 19 Aprel 2020 02:02

Kaş yuxum çin olaydı

Kərbəlaya gedən yolda azmışdım..  Gecənin qaranlığında, səhrada tək, tənha təxminlə təyin elədiyim istiqamətdə irəliləyirdim. Qarşımdakı qum təpəsinə çıxdım. İrəlidə, lap uzaqlarda yanan ocaq işıqı ürəyimdə bir ümid alovlandırdı. Təpədən enib, həmin tərəfə yollandım...
Aypara şəklində sıra ilə qurulmuş ağappaq 5 xeymə görünürdü. Xeymələrin hər biri sanki yerə enmiş bir Ay kimi təcəlla edir, qalaqlanış yük bağlamaları və yəhərlər qaranlığın qaşı kimi parıldayırdı.

Gecənin sükutunu pozan, bir az kənarda mıxlara hörüklənmiş mərkəblərin fınxırma və gövşəmə səsləri, bir də ocaq ətrafında oturmuş yaşlı bir ərəbin qəlb döyüntüləri idi.

Ocaqda atəşə son canını verməkdə olan odun parçaları, Ayın səpələnmiş işığı, müdrik görkəmli yaşlı ərəbin kölgəsi və daha sözlə ifadə edə bilmədiklərim cazibəsində mat qoyub, ayaqlarımı ixtiyarsız, özünə çəkirdi. Gəldiyimi hiss edən ərəb, çox ehtinasız göründüyü üçün qarşısında dayandım, titrək səslə salam verdim!
Basını qaldırıb, salamımı aldı. Ayın və ocağın işığında üzünün bütün cizgilərini ən incə xırdalıqları ilə görür, bu cizgiləri ömrüm boyu unutmayacağım qədər yaddaşıma həkk edirdim. Gələcəyimi gözləyirmiş kimi, baxışlarını gözlərimə zilləyib, gülümsədi. Təbəssümündən, mənim oturmaq istədiyini anladım.

Qarşısında qumun üzərinə əyləşdim. Üzündəki aramlıq mənə də sirayət elədi. Şəfqətli baxışlarla, soruşdu :
- Yorulmusan?
Səhrada günlərdir ac, susuz gəldiyimi, ümidsiz, yorgun olduqumu indi xatırladım.
- Hə, dedim.
- Acsan?
- Sizə əziyyət verməyim, deyə səsləndim. Lakin nəzakətimin yersiz olduqunu anlayanda, üzümdə gülüş yaranmışdı.

Ərəb aq paltarının ətəyini ayaqları ilə birlikdə yıqışdırıb , qarşısındakı qumu əli ilə hamarladı. Sağ əlinin 3 barmağıyla qumun üzərində, əl uzunluqda bir çuxur qazdı. Kənarı azacıq çatlamış taxta qabdakı südü həmin çuxura tökdü. Qumu südlə qarışdıraraq, xəmir kimi yoğurmağa başladı. Ancaq indi fikir verdim ki, üzərində əyləşdiyimiz, ətrafdakı bütün qum əslində narın, təmiz və pak qovrulmuş halva umacını, ərəbin südlə yoqurduqu qum isə təkcə anamın bişirdiyi halvanı xatırladır. Sonra halvadan göz böyüklükdə götürüb, mənə uzatdı. Arıq, damarları çıxmış, qarabuqdayı əlinin içi çəhrayı rəngə çalırdı. Çəhrayı ovucunun içindəki izlərdə yapışıb qalan qum dənələri ovucunda tutduqu halva kürəsi kimi Ay işıqında ecazkar bir rəng alırdı.
Halvanı aqzıma qoydum. Hiss elədiyim şirin, azacıq “İsfahan halvasını” xatırladan, ancaq indiyə qədər heç vaxt dadmadığım dad boqazımdan qulaqlarıma doğru, ordan da sinəmə yayılaraq bütün vücuduma bir məstlik verdi.
Yaşlı ərəb başı ilə, istəyirəmsə, uzana biləcəyimi işarə elədi. Azacıq yana sürüşüb, uzandım. Elə bil bədənimin bütün yorqunluqu və ağrıları quma hopurdu. Başımı qumun üzərinə qoyub, dərindən nəfəs aldım. Narın qumdan qalxan pak iyin verdiyi ləzzətlə, buranın adi bir səhra deyil, müqəddəs, İlahi lütfə qərq olmuş bir yer olduğu fikrilə yuxuya getdim..

Gözümə düşən kəskin isığın təsirindən bu sehirli yuxudan ayılanda, bütün vücuduma yayılan o bənzərsiz dadin kəsifləşməsini hiss edirdim. İşığın təsirindən aça bilmədiyim gözümü əlimlə ovxalamaq istədim, bacarmadım. Boynumda və aça bilmədiyim gözümdə küt aqrı var idi. Özündə güc tapıb gözlərimi açanda başımın ətrafında qan hopmuş qumdan bir halə yarandığını gördüm. Çiynimdən sallanan qanlı paltar cırığının içi boş idi və ucundan axan qanın qumla qarışdıqı yerdən, qopmuş qolumun siluetiymiş kimi uzanan formasız ləkə diqqətimi çəkdi. Azacıq aralıda, paltarımın qanlı qoluna bürünmüş ət parçası vardı. Gözümü qıyıb baxanda, qurumuş qanla bulaşıq, qumla dolu, yumruğa düyünlənmiş əlimi gördüm. Üzümə kölgə düşdü. Başımı kölgəyə tərəf çevirəndə iyrənc, qarışıq saqqallı birinin xəbis təbəssümlə məni seyr etdiyini gördüm. Üzünü üzümə yaxınlaşdırıb, qanlı xəncəri boqazima doqru uzatdi. Başımı qaldırdım və ağzımdakı o xoş dadı kəsifləşdirən qanqarışıq tüpürcəklə mənfur sifətinə tüpürdüm. Eyni anda alnımla burnuna zərbə endirdim. Geriyə çəkilərək, qışqırdı, əlindəki xəncərin qəbzəsi ilə ağzıma vurdu. Zərbənin təsirindən qana bulaşmış bir neçə dişim quma töküldü. Qəzəbinin soymadığı çəkməli ayağı ilə sifətimə zərbələr endiməyindən məlum idi. Yaşlı ərəbin halva düzəltdiyi pak, narin qum dənəciklərinə gözüm sataşanda murdarlanmış, üfunətli kütləyə çevrildiyini müşahidə etdim.

Şimşək kimi başıma endirilən zərbələrlə birlikdə bu fikir də düşüncəmə hakim kəsildi: “Heyif, bu qumdan daha halva olmaz!”
Zülmətin hökm sürdüyü səhrada günbəzin xəfif qızartısı uzaqdan görünürdü.  

Deyəsən, Kərbəlanın yolunu tapmışdım..!

David Əli

Oxunuş sayı 1714 dəfə
Şərh vermək üçün giriş edin
Top