Cümə axşamı, 09 Aprel 2020 00:55

AİP Həzrət Məhdinin mövludu münasibətilə müsəlmanları təbrik edib

Azərbaycan İslam Partiyası zəmanənin sahibi Həzrət Məhdinin (əf) mövlud günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib. Təbrikin mətnini təqdim edirik: “Sabah dünya müsəlmanları üçün İslam dininin şanlı günü - 12-ci Məsum İmam Həzrət İmam Məhdi Sahib əz-Zamanın (ə.ş) mövlud günüdür. Bu əziz və əzəmətli bayram günü münasibətilə başda İslam dünyasının lideri, Rəhbər Müəzzəm Seyid Əli Xamenei həzrətləri olmaqla xalqımızı, dünyanın tərəqqisevən müsəlmanlarını səmimi qəlbdən təbrik edirik. İmam Mehdi (ə.f) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samirə şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgərinin (ə.s) ailəsində dünyaya göz açmışdır. Atası şəhadətə yetişəndə Məhəmmədin beş yaşı tamam idi. İmamın meyit namazını Özü qıldı. Bundan sonra isə Onun qeyb dövrü başladı. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Məhdinin günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil. Hədislərdən birində İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.” Bəli, Əhli-beyt aşiqlərinin, o cümlədən Azərbaycan xalqının çox mühüm olan mənəvi dəyərlərindən biri də bizim üçün müqəddəs və həm də vacib hesab etdiyimiz intizar mədəniyyətidir ki, axirətimizi bu nəcib əqidə ilə kökləmişik. Məhz İslam dinində də intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır. Peyğəmbərlər buna iman gətirib və bildiriblər. Bütün bunlara söykənərək və Qurani-Kərimə istinadla İntizar mədəniyyəti müsəlman xalqımızın mənəviyyatına, həyat tərzinə və şüuruna hopmuşdur. Çox təəssüflər olsun ki, bu möhtəşəm günlərdə, mübarək Ramazan ayı ərəfəsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, qurumun sədr əvəzi Hacı İlham Əliyev aramızda olmayıb zindan həyatı yaşayırlar. İslam dininin elmi, fəlsəfi dəyərlərini cəmiyyətə doğru, düzgün təlim edənlərin, haqq olan yola işıq salanların qaranlıq məkana təcrid olunmaları bu nur çıraqlarını söndürə bilməsə də, insanlarda olmazın narahatçılıq duyğuları yaradır. Və ölkəmizdə mənəvi mühitin sağlamlığına ciddi zərər yetirir. Bu günün əziz gecəsində cəmi ruhanilərimizin tezliklə azad olunmalarına dualarınızı əsirgəməyin. Əhli-beyt(ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Müsəlmanlara, kiçik dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də bu son yaxında və yetişməkdədir. İstilaçılıq, qəsbkarlıq siyasəti yürüdən hegemon dövlətlər, öz xalqına zülm edən zalım hökmdarlar Yaradanın hökmündən və cəzasından yan keçə bilməzlər. Axirətlərin İslam düşmənlərinin dünyasına satanların sonda aqibətləri bəlli olmaz. Allahdan bu fərəc intizarımızı tezləşdirməyi və o günü görməyi bizlərə qismət etməyi diləyirik.Sizləri bir daha əlamətdar gün-İmam Mehdinin(ə.f) mövludu günü münasibətilə təbrik edir, zülmün son gününə şahidlik etməyinizi arzulayırıq”.

Oxunuş sayı 1350 dəfə
Şərh vermək üçün giriş edin
Top